Azərbaycan xalqının zəngin milli-mənəvi irsində Novruz bayramı xüsusi yer tutur. Bu bayrama aparan dörd çərşənbə isə xalq təqviminin mühüm mərhələləri hesab olunur. Xalq inanclarına görə, bu gün od təbiətə can verir, soyuğun sərtliyini sındırır, torpağı isidir. El arasında deyirlər ki, “od düşən yer dirilər”. Qədim türk dünyagörüşündə od müqəddəs sayılıb, ocaq ailənin, nəslin, soyun davamı kimi qəbul edilib. “Ocağın sönməsin” duası təsadüfi deyil; bu, həm fiziki, həm də mənəvi davamlılığın arzusudur.
Od çərşənbəsi axşamı ölkənin müxtəlif bölgələrində tonqallar qalayırlar. İnsanlar alovun üzərindən tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyirlər. Bu adət qədimdən gələn mənəvi təmizlənmə inancını ifadə edir. Tonqalın közündən evə aparmaq, ailə ocağını həmin alovla alışdırmaq da bəzi bölgələrdə qorunub saxlanılan ənənələrdəndir. Uşaqlar papaq atır, qapılara qulaq asır, gənclər şənliklər təşkil edir, ailələr bir süfrə arxasında toplaşır. Bayram süfrəsində səməni, şirniyyatlar, qoz-fındıq və boyanmış yumurta bolluq və bərəkət rəmzi kimi yer alır.
Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmağa başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.
Xüsusilə kənd yerlərində ağsaqqalların, nənələrimizin keçmiş Novruzlardan danışması bu mərasimi canlı tarix kitabına çevirir. Deyilənlərə görə, çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.
Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.
Tarixi qaynaqlarda və elmi araşdırmalarda oda müqəddəs münasibət ənənəsinin kökləri qədim inanclarla əlaqələndirilir, bəzi mənbələrdə bu mərasimlərin Zərdüştilik dövrü ilə səsləşdiyi göstərilir. Lakin Azərbaycan xalqının oda münasibəti yalnız dini baxışlarla məhdudlaşmır. Bu münasibət təbiət hadisələrinə verilən mənəvi dəyərdən, odun istilik və işıq mənbəyi kimi həyatdakı əhəmiyyətindən qaynaqlanır. Od burada həm dirçəlişin, həm paklığın, həm də yeni başlanğıcın rəmzidir.
Çərşənbələrin ardıcıllığı barədə bəzi mənbələrdə maraqlı bir məqam diqqəti cəlb edir. Xalq arasında qəbul olunmuş sıra belədir: Su, Od, Yel, Torpaq. Lakin təbiətin oyanış prosesinə ardıcıl baxdıqda suyun buzları açıldıqdan sonra torpağın isinməsi və canlanması baş verir. Bu baxımdan ikinci mərhələdə Torpaq çərşənbəsinin gəlməsini daha məntiqli görürlər. Çünki torpaq isinmədən bitkilərin cücərməsi mümkün deyil. Bununla belə, xalq təfəkküründə Od çərşənbəsinin ikinci pillədə yer alması təsadüfi deyil. Qışdan çıxan insan ilk növbədə istilik dəyişimini hiss edir. İstiliyin artması isə yazın yaxınlaşmasının əsas əlaməti kimi qəbul olunur. Deməli, xalq təqvimi təbiətin elmi ardıcıllığından daha çox insanın müşahidə və hisslərinə əsaslanır.
Od çərşənbəsi xalqımızın təbiətə bağlılığının, mənəvi dəyərlərə sədaqətinin və birlik ruhunun ifadəsidir. Bu çərşənbə insanları bir araya gətirir, keçmişlə gələcək arasında mənəvi bağlılıq yaradır. Yanan hər tonqal istiliklə yanaşı, həm də ümid rəmzidir. Yazın gəlişini müjdələyən alov yalnız təbiətin deyil, insan qəlbinin də işıqlanmasını simvolizə edir. Milli adət-ənənələrimiz yaşadıqca, Od çərşənbəsinin mənəvi dəyəri də nəsildən-nəslə ötürülərək qorunacaqdır.
Nurəngiz ADİLQIZI
XQ

