Gəncə şəhərinin zəngin tarixi irsini və müasir inkişafını əks etdirən “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi təşkil olunub.
Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Fotoqrafları Birliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb. Sərginin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və ictimaiyyətin fəal üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, bu təşəbbüs Gəncənin əsrlər boyu formalaşmış tarixi-mədəni irsini foto sənətinin dili ilə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Sərgidə şəhərin tarixi görünüşünü əks etdirən nadir fotoşəkillər, abadlıq və yenidənqurma işlərindən sonra əldə olunan müasir görüntülər, eləcə də Azərbaycanın ilk peşəkar fotoqraflarından biri olan Məşədi Abbasəli Abbasovun XIX əsrə aid qiymətli fotoları nümayiş olunub.
Sərgi çərçivəsində Gəncə şəhərinin turizm potensialını artırmaq məqsədilə “Visit Gəncə” adlı yeni layihənin də təqdimatı keçirilib. Layihə çərçivəsində yeni turizm marşrutlarının hazırlanması, tanıtım nəşrlərinin hazırlanması və şəhərin turizm məkanları üzrə məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, belə təşəbbüslər Gəncənin zəngin tarixi irsinin qorunub saxlanması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri