100 il sonra “danışan” məxfi sənədlər

post-img

Arxiv materiallarının xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər

Azərbaycan Xalq Cümhuriyyətinin arxiv işi sahəsində təşəbbüsləri 1920-ci ilin aprel ayında Azərbaycanın XI qızıl ordu tərəfindən işğalı ilə yarımçıq qalır. Lakin qısa müddət sonra – 1920-ci ilin may ayında Azərbaycan Sovet Respublikasının Xalq Maarif Komissarlığının abidələrin mühafizəsi şöbəsi tərəfindən arxiv işi haqqında xüsusi layihənin hazırlanması qərara alınır. Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinə təqdim olunmuş “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” həmin layihə 6 dekabr 1920-ci il tarixli iclasda müzakirəyə çıxarılır və təsdiq olunur.

1921-ci il аvqustun 29-dа AK(b)P MK Siyasi və Təşkilat Bürosu tərəfindən Mərkəzi Dövlət Аrxivi bаzаsındа Аzərbаycаn Kommunist Partiyası tarixinə dair materialların tоplаnmаsı məqsədilə Kоmissiyаnın – Azərbaycan Partiya Tarixi Bürosunun yаrаdılmаsı qərаrа аlınır. АK(b)P MK-nın 8 may 1925-ci il tarixli Qərarı ilə Büro kollegiyasının tərkibi dəyişdirilir. Həmin Qərarın “b” bəndinə əsasən Azərbaycan Partiya Tarixi Bürosu mövcud arxivi uçota almalı və onun mühafizəsini təmin etməli idi. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış 8 bənddən ibarət Dekretə müvafiq olaraq Azərbaycan ərazisində baş vermiş tarixi, ictimai hadisələrə aid sənədlərin, habelə fəaliyyətdə olan idarə və müəssisələrin, ictimai təşkilatların arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli, dövlət idarələrinin yazışmalar da daxil olmaqla, kargüzarlıq işləri və müxtəlif dövlət müəssisələri, ictimai təşkilatlara aid köhnə materiallar Mərkəzi Dövlət Arxivinə təhvil verilməli, həmçinin, məxfi olmayan sənədlər Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən müntəzəm olaraq nəşr olunmalı idi.

1928-ci ildə Mərkəzi Dövlət Аrxivi bazası əsasında Azərbaycanda Sinfi mübarizənin və Kommunist Partiyasının tarixini öyrənən İnstitut yaradılır. 1939-cu ildən institutun adı dəyişdirilərək ÜİK(b)P MK yanında Marks-Engels-Lenin İnstitutunun Аzərbаycаn filiаlı adlandırılır və Arxiv İnstitutunun tərkib hissəsi kimi fəaliyyət göstərir. 1956-cı ildən AKP MK yanında Partiya Tarixi İnstitutu – Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialı adlandırılır. 1969-cu il iyul ayının 14-də ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində olan Azərbaycan üçün quruculuq, dinаmik inkişаf və yüksəliş dövrü bаşlаnır və bütün Аzərbаycаndа оlduğu kimi, Pаrtiyа Arxivi üçün də bu, yeni dövrün başlanğıcı olur. Bеləliklə, Azərbaycanın ictimai-siyasi tarixində qiymətli sənədlərin mühafizəsində boyük rol oynayan bu mənəvi xəzinənin – İctimai-Siyаsi Sənədlər Аrxivinin təməli, sözün əsl mənаsındа, ümummilli lider Heydər Əliyеv tərəfindən qоyulur.

Arxiv işi Azərbaycan Respublikasında hər zaman dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ardıcıl dövlət siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və ölkənin arxiv fondlarında mühafizə olunan sənədlərin qorunması, tədqiqi və istifadəsinə xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli Sərəncamına əsasən, Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi adlandırılan keçmiş Partiya Arxivi Milli Arxiv İdarəsinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Ardınca, 2009-cu il 22 iyul tarixli Sərəncamla arxivin adı dəyişdirilərək Siyasi Sənədlər Arxivi kimi təsdiq edilmişdir. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 oktyabr tarixli Fərmanına uyğun olaraq arxiv İctimai-Siyasi Sənədlər Arxivi adı altında fəaliyyət göstərir.

İctimai-Siyasi Sənədlər Arxivində I Ümumittifaq Türkoloji Qurultayın tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malik sənədlər mühafizə olunur. Sözügedən tarixi hadisənin siyasi, iqtisadi, sosial və mədəni kontekstini geniş şəkildə əks etdirən bu qiymətli materiallar türk xalqları tarixinin yenidən işlənməsi, eləcə də müstəqillik düşüncəsinin formalaşması və inkişafı baxımından zəngin mənbə bazası yaradır. Arxivdə qorunub saxlanılan I Ümumittifaq Türkoloji Qurultaya dair məxfi, tam məxfi və adi sənədlər, habelə qurultayla bağlı məktublar, protokollar və teleqramlar yüz il ərzində ilk dəfə olaraq elmi ictimaiyyətin istifadəsinə təqdim olunur.

Bu qovluğa I Ümumittifaq Türkoloji Qurultayın çağırılması barədə İ.Stalinə göndərilmiş teleqramların, ÜİK(b)P MK-nın bu barədə qərarları, Təşkilat Komissiyası, bu qurumun protokolları, məktubları, qurultaya gələn nümayəndə və nümayəndə heyətlərinin siyahısı, ÜİK(b)P MK-nın qurultaya rəhbərlik edən şəxsləri haqqında materiallar, SSRİ üzrə qurultayla bağlı stenoqrafik hesabatlar, bölmə iclaslarındakı çıxışlar və qurultaya aid sənədlər toplanmışdır. Materialların hamısı möhürlə təsdiqlənmişdir. Bu, arxiv sənədlərinin rəsmi olaraq Moskva və Bakının partiya strukturlarında saxlanılmasının və nəzarətdə olduğunun sübutudur.

Sənədlərin üzərində “Oxunandan sonra yandırılsın” – qeydi yer alsa da, sözügedən materiallar məhz göndərildiyi qurumun – Mərkəzi Komitənin Məxfi 6-cı şöbəsinə məxsus qovluqda aşkar edilmişdir. Bu sənədlər 105 il ərzində ilk dəfə olaraq elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının istifadəsinə təqdim olunur.

I Ümumittifaq Türkoloji Qurultayın nəfəsini arxiv sənədləri ilə yenidən canlandırdıq: protokollar, teleqramlar, çıxışlar, komissiya qeydləri… İlk dəfə olaraq rus dilində olan arxiv sənədləri xronoloji ardıcıllıqla çap olunur, sistemli və elmi şəkildə təqdim olunur. Türk xalqlarının yaddaşında iz kimi qalacaq bu sənədlər, 100 il öncənin səsini bu günə çatdırmaq cəhdinin nəticəsidir.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi Gizli şöbənin məlumatının tam məxfi şəkildə saxlanması tələb olunur. AK(b)P MK Katibliyinin 14 iyun 1925-ci ildə 6-cı iclasının 32 saylı protokolundan çıxarışa əsasən qurultayın çağırılması ilə bağlı Cəbiyevin göstərişi müzakirə olunur və qəbul edilir:

a) Qurultayın çağırılmasını zəruri hesab etmək;

b) Qurultayın 1925-ci ilin iyun ayının əvvəlində Bakıda keçirilməsini məqsədəuyğun hesab etmək;

c) Tədbirin əhəmiyyəti nəzərə alınaraq, RKP Mərkəzi Komitəsindən xahiş edilsin ki, SSRİ Elmi Şərqşünaslıq Assosiasiyasına Qurultayın çağırılması üçün maddi və təşkilati təminatı üzərinə götürməyi təklif etsin.

* * *

Bu tip məxfi və gizli sənədlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı şöbəsi tərəfindən verilir və qorunub saxlanılırdı:

1. Mərkəzi Komitənin protokollarından çıxarışların, habelə Mərkəzi Komitə və partkomlar tərəfindən verilmiş ayrı-ayrı göstərişlərin hansı şəxslərə göndəriləcəyi Mərkəzi Komitə katiblərindən biri, katibləri tərəfindən müəyyən edilir və yalnız konkret şəxslərə ünvanlanır.

2. Mərkəzi Komitənin və partkomların çıxarış və göstərişlərinin bu sənədlərdə adı keçməyən şəxslərə verilməsi qəti qadağandır.

3. Mərkəzi Komitə və partkomların çıxarış və ayrı-ayrı şəxsi göstərişləri xüsusi şəxsi işlərdə saxlanmalıdır və heç bir halda bu sənədlərin sovet və ya həmkarlar ittifaqı kargüzarlığına əlavə olunmasına yol verilməməlidir.

4. Mərkəzi Komitənin və partkomların çıxarış və göstərişlərinin surətinin çıxarılması, habelə onların sovet və ya həmkarlar ittifaqı kargüzarlığında yazılı şəkildə istinad olunması qəti şəkildə qadağandır.

5. Bu qərarların hər hansı bir pozuntusu baş verdikdə, Mərkəzi Komitənin gizli şöbəsi dərhal bu barədə məlumat verir və məsələ Mərkəzi Komitənin Katibliyinə və ya partiya komitələrinə çatdırılaraq, günahkarlar ciddi partiya məsuliyyətinə cəlb olunurlar.

Sənəd Ümummittifaq Türkoloji Qurultayının çağırılması üzrə Təşkilat Komissiyasının məruzəsinə Əlavələr başlığı altında təqdim olunub. Bu hissə Türkoloji Qurultayın təşkili ilə bağlı praktiki və maddi məsələlərə, o cümlədən mədəniyyət sarayının tikintisinə, qəzetlərdə təbliğata və büdcə məsələlərinə həsr olunub.

Əlavə № 5/1

Yoldaş Ağamalıoğlu, Cəbiyev, Hüseynzadə və Məmmədzadəyə tapşırılsın ki, əlifba, terminologiya, lüğətçilik, elmi formalar, orfoqrafiya, tarix, ədəbiyyat və etnogenezin öyrənilməsi sahəsində çalışan bütün Azərbaycan təşkilatlarını bu sahələr üzrə əlaqələndirsinlər və həmin təşkilatların qurultaya hazırlıq işlərinə rəhbərlik etmək məqsədilə birləşməsini təşkil etsinlər. Bunun üçün aşağıdakılar tələb olunur:

1. Bu üçlüyə tapşırılsın ki, Bakıda Azərbaycan Şərq Elmi-Tədqiqat İnstitutunun yaradılması zərurəti və imkanı məsələsini ətraflı araşdırsınlar.

2. Yoldaş Ağamalıoğlu, Cəbiyev və Hüseynzadəyə tapşırılsın ki, yeni Azərbaycan əlifbasının, xüsusilə də rayonlarda, tətbiqi, yayılması və populyarlaşdırılması səviyyəsini yoxlasınlar; latın əlifbası ilə maarifləndirmə və tədris işlərinin hansı səviyyədə həyata keçirildiyini müəyyən etsinlər, yeni əlifba ilə yazılmış kitabların hazırlanma vəziyyətini araşdırsınlar, yayılmasının qarşısını alan səbəbləri müəyyən etsinlər və nəticələr barədə Mərkəzi Komitəyə məlumat versinlər.

3. Azərbaycan Kommunist Gənclər İttifaqı MK-ya, “Kommunist” və “Azərnəşr”ə təklif edilsin ki, qarşıdakı aylarda yeni latın əlifbasının rayonlarda, xüsusilə kəndli və müəllimlər arasında təbliğini öz fəaliyyətlərinin əsas istiqamətlərindən biri hesab etsinlər.

4. Noyabr ayının ortalarında Bakıda maarif təşkilatları və mədəniyyət işçilərinin müşavirəsi çağırılsın ki, rayonların Türkoloji Qurultay üçün yetərincə hazırlıqlı olub-olmadığını və bu işdə qarşıya çıxan məsələləri müzakirə etsinlər. Bu müşavirə xüsusi olaraq yalnız latın əlifbası məsələsinə həsr olunsun.

5. SSRİ-nin Milli Məsələlər üzrə Mərkəzi Komitəsinin məktubuna və digər respublikaların müraciətlərinə cavab olaraq, Qurultayın çağırılmasına dair müvafiq yazışmalar həyata keçirilsin.

6. Kütləni qurultaya hazırlamaq.

7. Zakraykom, Zaksovnarkom və SSRİ Xalq Təsərrüfatı Komissarlığı qarşısında qurultayın çağırılması ilə bağlı xərclərin təmin olunması məsələsini qaldırmaq.

8. Qəzet redaksiyalarına Türkoloji Qurultayın geniş şəkildə təbliğ edilməsini tapşırmaq.

9. Qurultayın Türk Mədəniyyəti Sarayında keçirilməsi. Ümumittifaq Xalq Təsərrüfatı Şurasına (ÜXTŞ) tapşırılsın ki, Saray binasının tikintisini təcili şəkildə başa çatdırsın.

10. Sovetlər İttifaqı Mərkəzi Komitəsinə (SİMK) təklif edilsin ki, Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin illik smetasını (büdcəsini) təcili şəkildə nəzərdən keçirsin.

Doğrudur: QLEBOV

* * *

Bu sənəd Azərbaycan nümayəndələrinin Türkoloji Qurultaya hazırlıqla bağlı gördüyü tədbirlərin konkret planını əks etdirir. Burada əsasən əlifba islahatı, terminologiya, lüğətçilik, orfoqrafiya, tarix, ədəbiyyat və etnogenezlə bağlı təşkilatların əlaqələndirilməsi, yeni latın əlifbasının tətbiqi və təbliği, maarifləndirmə işlərinin gücləndirilməsi və qurultayın təşkili üçün maliyyə-təşkilati məsələlərin həlli üzrə göstərişlər verilmişdir.

Əsas istiqamətlər:

1. Elmi koordinasiya: Azərbaycan təşkilatlarının birləşdirilməsi və yeni institutun yaradılması məsələsinin araşdırılması.

2. Əlifba islahatı: Latın qrafikasının bölgələrdə tətbiq səviyyəsinin yoxlanılması, yayılma problemlərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması.

3. Maarif və təbliğat: Kommunist Gənclər İttifaqı, “Kommunist” qəzeti və “Azərnəşr”in latın əlifbasının kəndlilər və müəllimlər arasında təbliğinə yönəldilməsi.

4. Müşavirə: Bakıda maarif və mədəniyyət işçilərinin toplantısının keçirilməsi və xüsusi olaraq latın əlifbası məsələsinin müzakirəsi.

5. Təşkilati və maliyyə məsələləri: Qurultayın keçirilməsi üçün maliyyə təminatı, təbliğat işlərinin gücləndirilməsi, mətbuatda geniş işıqlandırılması və tədbirin Türk Mədəniyyəti Sarayında keçirilməsi üçün tikintinin sürətləndirilməsi.

6. Əsas təminat: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin illik büdcəsinin təcili baxılması.

* * *

Əlifba məsələsinin mərkəzi rol alması: Sənədin bütün maddələrində əsas diqqət latın əlifbasının tətbiqi və onun maarif, kənd təsərrüfatı, müəllimlər arasında yayılması üzərində cəmlənmişdir. Bu göstərir ki, əlifba islahatı sadəcə texniki məsələ deyil, həm də ideoloji, mədəni və siyasi transformasiyanın simvolu kimi qəbul olunmuşdur.

Elmi mərkəzlərin yaradılması təşəbbüsü: Bakıda yeni Şərq Elmi-Tədqiqat İnstitutunun yaradılması məsələsi diqqət çəkir. Bu Azərbaycan elmi mühitinin institutlaşması və müstəqil şəkildə türkoloji araşdırmaların aparılması üçün mühüm addım idi.

Siyasi və təşkilati koordinasiya: Sənəddə yalnız elmi məsələlər yox, həm də SSRİ qurumları qarşısında maliyyə və təşkilati təminat məsələləri qaldırılır. Bu, göstərir ki, qurultay həm yerli, həm də İttifaq miqyasında böyük siyasi əhəmiyyət daşıyırdı.

Maarifləndirmə və kütləvi hazırlıq: Mətbuat orqanlarının, nəşriyyatların və gənclər təşkilatlarının bu işə cəlb olunması kütləvi ictimai şüurun dəyişdirilməsi məqsədinə xidmət edirdi. Bu, əlifba islahatını sadəcə akademik müzakirə səviyyəsindən çıxarıb geniş xalq hərəkatına çevirmək niyyətini ortaya qoyur.

Mədəniyyət infrastrukturu: Qurultayın Türk Mədəniyyəti Sarayında keçirilməsi və binanın tikintisinin təcili başa çatdırılması məsələsi tədbirin nüfuzlu beynəlxalq mədəni-siyasi hadisə kimi planlaşdırıldığını göstərir.

Bu sənəd göstərir ki, 1926-cı il Türkoloji Qurultaya hazırlıq prosesi yalnız elmi deyil, həm də siyasi, ideoloji və mədəni müstəvidə strateji əhəmiyyət daşıyırdı. Azərbaycan nümayəndələrinin təqdim etdiyi plan həm SSRİ rəhbərliyinə, həm də türkologiya elminə dair genişmiqyaslı hədəfləri əks etdirir:

–Latın əlifbasının məcburi tətbiqi və geniş təbliği;

–Yeni elmi institutların yaradılması;

–Maarif işçilərinin kütləvi səfərbərliyi;

–Qurultayın nüfuzlu siyasi-mədəni tədbir kimi təşkili.

Bu, əslində, Azərbaycan SSR-in türkologiyada aparıcı rol almağa çalışdığını və əlifba islahatını mədəni modernləşmənin əsas sütunu kimi irəli sürdüyünü sübut edir.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Katibliyinin 6-cı gizli şöbəsinin 1925-ci il 24 oktyabr tarixli 54 saylı protokol çıxarışından.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komitəsinin məruzəsiçisi Cəbiyevin çıxışını müzakirə edərək qərara alır ki,

a/ məruzəçi T. Cəbiyev tərəfindən təqdim edilmiş təkliflər, 9-cu və 12-ci bəndlər istisna olmaqla, iclasda edilən düzəlişlərlə birlikdə təsdiqlənsin (Təkliflər əlavə olunur);

b/ SSRİ Mərkəzi İcraiyyə Komitəsinin diqqətinə çatdırılsın ki, Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinə münasibətdə laqeydlik var. Məsələn, Cəmiyyət yararsız bir binada yerləşir. Buna görə də Cəmiyyətin fəaliyyətinin təmin olunması üçün uyğun bir binanın təcili şəkildə axtarılması zəruri hesab edilir.

* * *

Bu sənəd həm təşkilati təkliflərin təsdiqini, həm də Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyət şəraiti ilə bağlı narahatlığı əks etdirir.

1925-ci ilin oktyabrında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Katibliyinin verdiyi qərar Türkoloji Qurultayın təkcə elmi deyil, həm də inzibati və təşkilati baxımdan ciddi şəkildə planlaşdırıldığını və partiya nəzarətində həyata keçirildiyini göstərir. Təşkilat Komitəsinin təqdim etdiyi təkliflər, müəyyən bəndlər istisna olmaqla, rəsmi şəkildə təsdiqlənir ki, bu da partiya orqanlarının prosesə birbaşa müdaxiləsini və onun istiqamətləndirici rolunu ortaya qoyur. Eyni zamanda, sənəddə elmi mühitin maddi-texniki şəraiti ilə bağlı ciddi narahatlıq da ifadə olunur. Xüsusilə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin yararsız binada yerləşməsi və buna dövlət səviyyəsində laqeydlik göstərilməsi tənqid edilir. Bu isə bir tərəfdən elmi cəmiyyətin potensial əhəmiyyətinə diqqət çəkir, digər tərəfdən isə elmi fəaliyyətin mərkəzi strukturlar tərəfindən hələ də lazımi səviyyədə dəstəklənmədiyini bildirir.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin Gizli şöbəsinin 2 noyabr 1925-ci il tarixli iclasının 80 saylı protokolunun çıxarışından aydın olur ki, iclasda Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasının nümayəndələrinin, konkret olaraq Məmmədzadə və Zifeldin Moskvaya ezam olunması ilə bağlı S.M.Kirov məsələ qaldırır, qərar yekdilliklə qəbul edilir.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor









Sosial həyat