Vaşinqton Cənubi Qafqazda sülh prosesinə mötəbər dəstək verir Bu gün anadilli mətbuatımızın öncül və qocaman rəsmi nəşri olan “Xalq qəzeti”nin 31 mininci sayı işıq üzü görür. Milli mətbuatımızın yaranmasından 44 il 40 gün sonra ilk nömrəsi ərsəyə gəlmiş bu qəzet dövlətçilik tariximizin 108 ilində mövcud olmuş 4 respublikanın hamısının dövründə fəaliyyət göstərmiş yeganə gündəlik nəşrdir. Ümumiyyətlə, “Xalq qəzeti” milli mətbuatımızın 151 illik tarixinin ən üzunömürlü media qurumudur.
Ötən il avqustun 29-da 106 yaşını 30 min 877- ci sayı ilə qeyd edən qocaman qəzet 5 ay 20 gün sonra 18 fevral 2026-cı il tarixli 31 mininci sayı ilə artıq 4-cü nəsil sayılan oxucularının görüşünə gəlib. “Xalq qəzeti”nin hər 1000 nömrəsi, təxminən, 3 il yarımlıq bir dövrü əhatə edir. Təsəvvür etmək üçün bildirək ki, 106 il 5 aylıq qəzetin 31 min sayının 1 nüsxədən ibarət 426 rüblük topluluları redaksimızda və bir neçə mərkəzi saxlancda bütöv bir otağı doldurur.
Bütün bu tarix və rəqəmlər Azərbaycan milli mətbuatının əsr yarımlıq mövcudluğu dövrünün nadirlik və öyünclü məxsusilik göstəriciləridir. Bu Azərbaycanın 106 il 5 aylıq tarixinin ən əhatəli və mükəmməl yazılı salnaməsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin mətbuat azadlığına meydan açdığı zaman yerli sosial demokrat qrupun “Kommunist” adı ilə çap etdirdiyi, AXC-nin qəzetinin bazasında fəaliyyətini genişləndirmiş bu qəzet 7 onillik sovet-kommunist epoxası dövrdə xalqımızın acılı-şirinli taleyinin, faciəli- təntənəli günlərinin, milli yaddaşa sadiqliyinin, eləcə də yurdumuza qarşı xəyanətlərin ən əhatəli salnaməsi sayılır.
Tarixinin 72 ilinin tamamında müstəqilliyimizin bərpasının mətbu qaranquşlarından biri kimi fəaliyyətini “Xalq qəzeti” adı altında davam etdirən redaksiya 1991-ci ilin 27 avqustundan “Xalqın qəzeti” məsləkini yaradıcılıq devizinə çevirib.
72 illik avanqard nəşrin hüquqi varisi olan kollektiv 34 ildir ki, ümummilli nəşr kimi suveren dövlətimizə və azadlıq qazanmış xalqımıza xidmət göstərir.
2 əsrin 11 onilliyində, 2 müxtəlif ictimai sistemdə xalqımızın və dövlətçiliyimizin mətbu salnaməsinə çevrilmiş bu rəsmi statuslu, ümumxalqyönlü qəzetin 107 il davamlı işıq üzü görməsi milli mətbuatımızda ikinci bir qəzetə nəsib olmayıb. Bu nadirlik yalnız media tariximiz üçün deyil, bütövlükdə, ölkənin milli-mənəvi dəyərlər çevrəsinin önəmli faktıdır. Dövlət müstəqilliyimizin 35 il əvvəl qəzetin taleyində yaratdığı əsaslı dönüş, redaksiyanın qarşısında açdığı yeni mərhələ hərtərəfli yeniləşmə, söz azadlığı anlayışının gerçəkləşməsi ilə müşayiət olunub.
1994-cü ildə 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə təbrik məktubunda ümummilli lider Heydər Əliyev qəzetin ötən dövrdəki fəaliyyətinə doğru-düzgün qiyməti belə ifadə etmişdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır”. Ulu öndər bu yüksək qiyməti ilə milli- mədəni sərvətə çevrilmiş qəzetin tarixi xidmətlərinə kölgə salmaq istəyən populist və avantürist şəxslərin bədxah münasibətini obyektiv olaraq cavablandırmışdı.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun dediyi “Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişdir” sözləri təkcə “Xalq qəzeti”nin milli jurnalistikamıza xidmətinin uca tutulması deyil, həm də yeni şəraitdə varisliyin zəruriliyinin təsdiqi idi. Belə bir ideya-siyasi baxış əsas verir ki, bu gün inamla deyək: “Xalq qəzeti” əsrdən uzun media marafonu keçən bir ümummilli qəzet kimi tarixinin 107-ci ilində fəaliyyətini milli maraqlara və dövlətçilik məfkurəsinə yüksək peşəkarlıqla xidmət etməklə davam etdirir.
“Xalq qəzeti” redaksiyası

