Beynəlxalq şirkət ölkəmizdə iqtisadi artımın sürətlənəcəyini bəyan edib

post-img

Ötən il Azərbaycan iqtisadiyyatında artım tempi zəifləsə də, 2026-cı ildə bu sahədə yenidən artım gözlənilir. Bu barədə beynəlxalq sığorta və aktivlərin idarə edilməsi şirkəti olan “Allianz Group” məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın iqtisadi dinamikası 2024-cü ildəki 4,1 faizdən 2025-ci ildə, təxminən, 1,6 faizə qədər yavaşlayıb. Bununla belə, təbii qaz ixracının və qeyri-neft sektorunun genişlənməsi hesabına artımın 2026-cı ildə 2,6 faizə qədər yüksələcəyi proqnozlaşdırılır.

Qurumun məlumatına əsasən, 2025-ci ildə ölkədə inflyasiya 5,6 faizə yüksəlib. Bu artım isə, əsasən, ərzaq məhsulları və xidmətlər sektorunda qiymət artımları ilə bağlı olub. Bununla belə, inflyasiya hələ də Mərkəzi Bankın 4 faiz ±2 faiz bəndi hədəf diapazonu daxilində qalır. “Allianz” analitiklərinin fikrincə, manat güclü valyuta ehtiyatlarının dəstəyi ilə sabitliyini qoruyur. Lakin xarici risklər davam edir. Şirkət hesab edir ki, qlobal enerji qiymətlərində dəyişkənlik, ticarət pozuntuları və regional geosiyasi gərginliklər iqtisadi bərpanı zəiflədə bilər.

“Daxili tələbat əməkhaqqı artımının yavaşlaması və istehlakçıların ehtiyatlı davranışı səbəbindən məhdudlaşır. İnvestisiya artımı isə, xüsusilə karbohidrogen sektorunda, zəif olaraq qalır. 2026–2027-ci illər üzrə perspektivlər şaxələndirmənin sürətindən, qeyri-neft sektorlarının dayanıqlığından və qlobal əmtəə bazarlarında sabitliyin qorunmasından asılı olacaq”, – deyə hesabatda bildirilir.

XQ

İqtisadiyyat