Artıq bir neçə ildir ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə geniş tərkibdə ictimaiyyətin iştirakı ilə simpoziumlar, konfranslar, forumlar, sərgilər keçirilir.
XQ xəbər verir ki, bu gün kompleksdə “Qoruqlar və Muzeylər – Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb. Kompleksin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət xanım Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium öz işinə başlayıb.
Simpozium iştirakçılarını salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirib ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla 12 il ərzində 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Dr. Rəxşəndə Bayramova qeyd edib ki, keçirilən simpoziumun qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.
Çıxış edən Quba RİH-nin başçısının müavini xanım Səidə Abasova simpozium iştirakçılarını salamlayaraq simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionumuzda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələrin həyata keçirildiyini, bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində işlərin görüldüyünü söyləyib.
Daha sonra çıxış edən natiqlər simpoziumun əhəmiyyətindən danışaraq muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında “Qoruq və Muzeylərin tarixi və çağdaş rolu”, “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”, “Abidələrin bərpası və konservasiyası”, “Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi”, “Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar”, “Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması”, “Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi”, “Qoruq və muzey menecmenti və strateji idarəetmə”, “Qoruq və Muzeylərdə inklüzivlik və əlçatanlıq”, “Qoruq və muzeylərdə süni intellekt və yeni texnologiyalar”, “Qlobal və yerli qoruq, muzeylər arasında əməkdaşlıq imkanları”, “Sosial şəbəkələrdə qoruq və muzeylərin təbliği”, “Ədəbiyyat ilə qoruq və muzeylərin əlaqəsi: Tarixi və Mədəni İrsin İnteraktiv Təqdimatı”, “Qoruq və muzeylərdə musiqilər vasitəsilə təqdimat” adlı mövzular ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib, 100-dən çox iştirakçı qatılıb və simpoziumun materiallar toplusu hazırlanmışdır.