ASC “Xalq” Bankının həyata keçirdiyi, xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyan “Xalq əmanəti” layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaniyə həsr olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə 200 illiyi müxtəlif yubiley tədbirləri ilə qeyd olunan təsviri sənət ustasının həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilib. Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarın əsərlərindən ibarət sərgi isə dekabrın 4-dən etibarən “Xalq” Bankının əsas binasında yerləşən rəsm qalereyasında nümayiş olunur.
Albomun təqdimat mərasimində bildirilib ki, əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənən rəssam ilk vaxtlar şüşə və parça üzərində şəkillər çəkmiş, portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. Sonralar isə sənətkar, əsasən, tikmə üçün trafaret, divar naxışları, zərgərlik məmulatları, rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınmışdır. Mirzə Qədimin incə naxış və bənzərsiz ornamentlərlə işlənmiş tabloları, monumental portret və kompozisiyaları, qiymətli sənət nümunələri milli sərvətə çevrilib.
Azərbaycan təsviri sənət tarixində yeni mərhələnin başlanğıcını qoymuş İrəvaninin “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla” əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, “Mah Tələtin portreti” Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Quş və çiçəklər” isə Rusiya Dövlət Ermitajında qorunub saxlanılır. Görkəmli rəssam 1850-ci illərdə İrəvandakı Sərdar sarayının divarlarında yağlı boya ilə çəkilmiş 4 böyük portretin də müəllifidir. Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur. Rəssamın günümüzə çatan əsərləri İrəvan diyarının və bütövlükdə, Azərbaycanın mədəni irsini zənginləşdirmişdir.
Xatırladaq ki, ASC “Xalq” Bankının 2010-cu ildən gerçəkləşdirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələrinin yaradıcılığına müraciət olunur, bədii əsərlər və sənət nümunələri ana dilindən əlavə, ingilis, rus dillərində də çap olunaraq geniş yayılır. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzey və kitabxanalarına, sənətsevərlərə hədiyyə edilir.
Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney Azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
Mehparə ƏLİYEVA
XQ




