Yağışlı-çiskinli bir gün olsa da, Sumqayıtda növbəti – V Kitab Sərgisinin qələbəliyi vardı. Möhtəşəm “Kimyaçı” mədəniyyət sarayının geniş foyesi Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) üzvü olan 30-a qədər nəşriyyatın çeşidli çap məhsullarının alıcılara təqdim edildiyi bölmələrlə bəzədilmişdi.
Artıq ənənəyə çevrilmiş kitab bayramı Mədəniyyət Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin ANAİB-lə birgə təşkilatçılığı ilə düzənlənmişdi. Məqsədi kitabın, mütaliənin önəmini bir daha qabartmaq olan sərgiyə çoxsaylı ziyarətçilər gəlmişdilər. Biz də bayramın açılış gününün qonağı idik.
Sərgi ilə ilk tanışlıq anında gördüklərimiz bizə dahi Nizami Gəncəvinin məşhur misralarını xatırlatdı:
Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası 5 il öncə ölkənin aparıcı və gənc naşirlərinin iştirakı ilə təsis olunanda kitabı ölkə boyu yaymaq, şəhər və rayonlarımızın sakinlərini kitabla yaxın ünsiyyətə cəlb etmək məramı əsas götürülüb. ANAİB-in 1-ci sərgisi də elə Sumqayıt şəhərində baş tutub. O vaxt ilk sınaq uğurlu olub və ANAİB sərgi məşəlini bölgə-bölgə gəzdirib ─ Gəncədə, Naxçıvanda, Lənkəranda, Mingəçevirdə, Qubada, eləcə də paytaxtımızda bir çox sərgilər keçirib. Bu isə o deməkdir ki, yüz minlərlə insan məhz bu sərgilər vasitəsilə kitabla görüşərək, biliyini, zövqünü, zəka işığını daha da artırıb.
Budəfəki sərginin dəstəkçiləri BP və onun tərəfdaşları, eyni zamanda, Sumqayıtın tanınmış şirniyyat brendi olan “Suffle” şirkətidir. Açılış mərasimindən əvvəl Sumqayıt şairlərinin yaradıcılıq nümunələrinin səsləndirildiyi “Poeziya saatı” və “Uşaq ədəbiyyatı” adlı panellər keçirildi.
“Poeziya saatı” Səid Rüstəmov adına 3 nömrəli Sumqayıt İncəsənət Məktəbi şagirdlərinin səsləndirdikləri musiqi sədaları ilə açıldı. AYB-nin bölmə rəhbəri, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı və yaradıcılıq təşkilatının Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin mərasimə xeyir-dua verdilər. Qeyd edildi ki, gənclik şəhəri ölkəmizin qaynar ədəbi mühiti olan məkanlardandır və buradan bir çox istedadlı, ünlü qələm sahibi pərvazlanıb.
Sonra söz Sumqayıtda yaşayıb-yaradan şairlərə verildi. Lilpar Cəmşidqızı, İlhamə Müslümova, Əli Nəcəfxanlı, İlqar Həbibi, Süleyman Sərraf, Hikmət Fərzəli, Polad İbrahimoğlu, Elvin İntiqamoğlu və Qubadan gəlmiş şair Cabir Albantürk yeni şeirlərini oxudular. Duyğu və düşüncələrin əlvan poetik izharını dinləyicilər dönə-dönə alqışladılar.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi rəisinin müavini Həsrət Şabili oxuculara yaradıcılıq hesabatı verən şairlərə və onları maraqla dinləyən şeirsevərlərə minnətdarlıq etdi, hiss olunmadan ötən “Poeziya saatı”nda bədii ədəbiyyata könül verən auditoriya üçün V Kitab Sərgisində böyük seçim imkanı olduğunu xatırlatdı.
“Uşaq ədəbiyyatı” paneli də iştirakçılara xoş təsir bağışladı və ardınca sərginin açılış mərasimi gerçəkləşdi. Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq növbəti kitab bayramı münasibətilə naşirləri, oxucuları təbrik etdi, 3 gün davam edəcək sərginin iştirakçılarına uğurlar arzuladı. Milli Məclisin deputatı Mehriban Vəliyeva, Prezidentin fərdi təqaüdçüsü, şair Ofelya Babayeva və xarici ölkələrdən gələn qonaqlar çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar. Çıxışlarda əminlik ifadə olundu ki, bu bayram da əhalinin kitaboxuma mədəniyyətinin yüksəlməsinə vəsilə olacaq.
Sərgidə hər yaşda oxucunun marağını təmin edə biləcək hər janrda kitabların, klassik və müasir əsərlərin xüsusi endirimlərlə təklif edildiyi bildirildi. Kitab bayramında məşhur yazıçılarla keçiriləcək görüşlərin və imza günlərinin də anonsu verildi. Eyni zamanda, sərgi ilə əlaqədar minlərlə məktəbliyə paylanılan “Kitab Daxılı”nın çapında zəhmətinə görə “Zaka Print” nəşriyyatına, daxılların paylanılmasına dəstək göstərmiş “RM” və “Landau” nəşriyyatına, “Hədəf” kurslarına, “Manifest Kitab Evi”nə, eləcə də “Parlaq İmzalar” nəşriyyatının kollektivinə minnətdarlıq ifadə edildi.
Müəlliflərlə oxucuların, naşirlərlə alıcıların birbaşa ünsiyyətini təmin edən sərginin zəngin proqramlı ilk günü, beləcə, hər kəsdə xoş təəssürat yaratdı.
Ə.DOSTƏLİ
XQ


