2 Fevral Azərbaycan Gəncləri Günüdür
Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu əlamətdar gün gənclərə bəslənən böyük ümidləri, onlara göstərilən dövlət qayğısını əks etdirir.
Müasir Azərbaycan gəncliyi, vətənpərvərliyi, intellektual potensialı və yüksək zəkası ilə bu günün və sabahın aparıcı qüvvəsi sayılır. Rəqəmsal dövrün tələblərinə çevik cavab verən gənclərimiz milli dövlətçilik ənənələrini yaşadan çoxsaylı bir ordudur.
Ulu öndər Heydər Əliyevin 1997-ci il 2 fevral fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi gənclərə verilən dəyərin təzahürü sayılmaqla bərabər, həm də xalqın gələcəyə sarsılmaz inamını əks etdirir. Bu strateji kursu 20 ildən artıq müddətdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialını “insan kapitalı”na çevirməyi əsas hədəf seçmişdir. Xaricdə nüfuzlu ali təhsil müəssisələrində oxuyan gənclər üçün yaradılan geniş imkanlar, perspektivli şəxslərin “Prezident mükafatı” ilə təltif edilməsi və “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası dövlətin gələcəyə ən böyük investisiyasıdır.
Gəncliyə göstərilən bu inamın və sistemli yanaşmanın ən parlaq nəticəsi 44 günlük Vətən müharibəsində özünü büruzə verdi. Məhz milli ruhda yetişmiş, vətənpərvər gənclərin qətiyyəti və Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi tarixi Zəfəri təmin edən əsas amillərdən oldu. Bu gün Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, həm də elm, təhsil və beynəlxalq idman arenalarında ölkəmizi layiqincə təmsil edirlər.
Məhz bu uğurlu gəncliyin bir neçə parlaq siması ilə həmsöhbət olub, onların qayğılarını, gələcək hədəflərini dinlədik.
Ramil TAĞIYEV,
“SnackPack” startap layihəsinin təsisçisi və direktoru:
– Son illər Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti konkret mexanizmlər və real nəticələrlə özünü göstərir. Gənclərin təşəbbüslərinə yaradılan imkanlar, innovativ layihələrə verilən dəstək və beynəlxalq platformalara çıxışın təşviqi bu siyasətin əsas istiqamətlərindəndir. Dövlətin məqsədi gəncləri yalnız müşahidəçi deyil, proseslərin fəal iştirakçısına çevirməkdir. Məhz bu yanaşma gənclərin ideyalarının reallaşmasına, onların qlobal mühitdə rəqabət aparmasına və ölkəni layiqincə təmsil etməsinə şərait yaradır.
Mən kompüter elmləri ixtisası üzrə bakalavr təhsili almışam. Universitet illərimin əvvəlindən startap ekosisteminə maraq göstərməyə başladım və gənclərin ideyalarını real biznes layihələrinə çevirməsinə kömək edən proqramda – “SABAH HUB”da yeni açılan seminar və təlim proqramlarında aktiv iştirak etdim. Bu proqramlar çərçivəsində bizə startap ideyalarının formalaşdırılması, biznes modeli qurulması və layihələrin inkişafı ilə bağlı praktiki biliklər ötürülürdü.
Həmin ilin sentyabr ayında “SnackPack” adlı startap layihəsini təsis etdim. “SnackPack” fərqli məkanların müəyyən saatlarda endirimli yeməklər təklif etdiyi mobil tətbiqdir. Bu model həm qida israfının azaldılmasına xidmət edir, həm də restoran və kafe məkanlara yeni müştərilər qazanmaq imkanı verir.
Şirkətdə əsas məsuliyyətlərim strateji inkişafın planlaşdırılması, məhsulun formalaşdırılması, komandanın idarə olunması və texnoloji proseslərə nəzarətdir.
Layihənin inkişaf mərhələsi müxtəlif qurumların dəstəyi ilə daha da irəlilədi. Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi layihəyə qrant ayırdı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə həm maliyyə dəstəyi verdi, həm də startap şəhadətnaməsi təqdim etdi. Eləcə də ICESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi startap müsabiqəsində layihə qalib seçilərək mükafatlandırıldı. Layihənin final mərhələsi Şuşa şəhərində keçirildi və eyni zamanda, COP29 çərçivəsində “SnackPack” layihəsi beynəlxalq qonaqlara təqdim edildi. Regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı” tədbirində layihəmiz “2025-ci ilin Yaşıl Texnologiya startapı” seçilib. Layihə PAŞA Holding, İnkişaf və Rəqabətlilik Agentliyi (İRİA) və SABAH HUB tərəfindən təşkil olunan tədbirdə təqdim olunub və Estoniyanın məşhur akselerasiya proqramının məzunu kimi uğurla tanınıb.
Son nailiyyətlərimizdən biri isə ötən ilin dekabr ayında Özbəkistanda keçirilən “Digital Startup Awards” proqramının qalibi olmağımızdır. Proqrama təxminən 300-ə yaxın komanda müraciət edib və bir neçə ölkədən cəmi 15 qalib seçilib. Bu cür beynəlxalq səviyyəli proqramda qalib olmaq bizim üçün böyük qürur və motivasiya mənbəyidir. Eyni zamanda, əldə etdiyim təcrübəni gənclərlə bölüşməyi də vacib hesab edirəm. 2025-ci ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin dəvəti ilə Mingəçevir şəhərində startap təlimçi qismində çıxış edərək 30 nəfər gənc üçün startaplara giriş mövzusunda praktiki seminar keçirmişəm. Bu cür görüşlərdə gənclərin ideyalarını reallaşdırmaq üçün düzgün istiqamətləndirilməsinin böyük önəm daşıdığına inanıram.
Məhəmməd MƏMMƏDOV,
fotojurnalist:
– Azərbaycan Dövlət İqtisad Universitetinin rəqəmsal iqtisadiyyat fakültəsinin məzunuyam. Təhsil aldığım ixtisas hazırda fəaliyyət göstərdiyim sahədən fərqlənsə də, universitet illərində qazandığım təcrübələr peşə fəaliyyətimdə informasiyanın sistemli təhlili, rəqəmsal mühitdə işləmə və qərarvermə bacarıqları formalaşdırıb ki, hər biri işimə daha məqsədyönlü, məsuliyyətli və strateji yanaşma imkanı yaradıb.
Fəaliyyət göstərdiyim sahəyə sevgim idmanın cəmiyyətə olan misilsiz təsir gücünü vizual dil vasitəsilə daha geniş auditoriyaya çatdırmaq istəyindən yaranıb. Bir fotojurnalist olaraq əsas məramım baş verən həlledici, dramatik və emosional anları obyektivimlə beynəlxalq informasiya dövriyyəsinə çıxarmaqdır. İnanıram ki, uğurlu fotojurnalistin obyektivi minlərlə insanın hisslərini, mübarizə əzmini və qələbə sevincini dünyaya bəyan edən ən güclü kommunikasiya vasitəsi ola bilər.
22 yaşlı bir gənc olaraq fəaliyyətimi həm də beynəlxalq arenalarda inamla davam etdirirəm. Hazırda Qarabağ FK, Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Yelkən Federasiyası kimi strateji səmərəli əməkdaşlıq edirəm. Qardaş ölkə Türkiyədə də çəkdiyim futbol qarşılaşmaları gündəm formalaşdırmış və media qurumlarında haqqımda materiallar dərc olunmuşdur.
Əsas məqsədim Azərbaycanı qlobal informasiya məkanında ləyaqətlə təmsil etmək və ölkəmizin dinamik inkişafına kiçik də olsa töhfə verməkdir.
Lakin peşəkar fəaliyyətimdə ən çox qürur duyduğum anlardan biri Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin təsdiqi olan Xankəndi şəhərində keçirilən futbol qarşılaşması oldu. Həmin gün çəkdiyim fotoların dünyanın ən nüfuzlu futbol turnirlərindən biri hesab olunan UEFA Avropa Liqasının rəsmi səhifələrində paylaşılması, mənim üçün qürur mənbəyi olmaqla yanaşı, gənc fotojurnalistlərin beynəlxalq arenada nə qədər yüksək səviyyədə təmsil oluna biləcəyini göstərən nümunədir. Hədəfim bu il UEFA Çempionlar Liqasının və Avropa Liqasının final qarşılaşmalarını, eləcə də Avropanın aparıcı klublarının oyunlarını çəkərək qlobal auditoriyaya təqdim etməkdir.
Biz gənclər üzləşdiyimiz çətinliklərə təslim olmuruq, çalışırıq, hər uğursuzluqdan bir dərs çıxarırıq və ən əsası səbir edərək öz yolumuzu açmağa davam edirik. Çünki bilirik ki, bugünkü çətinliklər sabahkı daha böyük zəfərlərin təməlidir.
Aydan ƏHMƏDZADƏ,
tələbə:
– Mənim üçün Gənclər Günü millətimizin gəncliyə bəslədiyi dərin ümid hissinin, inam və etimadının rəmzidir. Bu gün bizlərin yaradıcılıq potensialının, təşəbbüskarlığının və dövlətimizin davamlı inkişafında oynadığı mühüm rolun təzahürüdür.
Müasir dövrdə bizlər elmin, texnologiyanın, innovasiyanın və yaradıcılığın əsas daşıyıcılarıyıq. Bizim yeni ideyalara açıq olmağımız, dəyişən dünyaya çevik uyğunlaşmağımız ölkənin inkişaf tempini müəyyən edən əsas amillərdəndir. Dövlətimizin gənclərə yönəlik siyasəti, yaradılan təhsil və inkişaf imkanları da bu etimadın real ifadəsidir. Bu gün bizlərin qarşısında duran əsas vəzifə əldə etdiyimiz bilikləri real nəticəyə çevirmək, ölkənin sosial, iqtisadi və mədəni həyatında fəal iştirak etməkdir.
İxtisasım kompüter mühəndisliyidir. Bu sahəyə olan marağım robototexnika ilə formalaşıb. Robototexnika ilə məşğul olmaq mənə sistemli düşünmə, problemin kökünə enmə və real həll yolları tapmağı öyrədib. Arduino layihələri vasitəsilə mühəndisliklə fizika arasındakı sıx əlaqəni daha dərindən anlamağa başladım, nəzəri biliklərin praktik tətbiqini real layihələr üzərində görmək imkanım yarandı.
Zaman keçdikcə kompüter mühəndisliyi sahəsində diqqətimi ən çox cəlb edən istiqamət data analitika və onun süni intellektlə inteqrasiyası oldu. Məlumatların toplanması, emalı və düzgün analizinin müasir dünyada qərarvermə proseslərinə necə təsir göstərdiyini araşdırmaq mənim üçün xüsusi maraq kəsb edir. Hesab edirəm ki, data analitika və süni intellektin sintezi gələcəkdə bir çox sahənin inkişaf istiqamətini müəyyən edəcək əsas faktorlar sırasındadır.
İnformasiyanın düzgün şəkildə emal olunaraq real problemlərin həllində istifadə edilməsi və doğru nəticələrin çıxarılmasında oynadığı rol mənim üçün əvəzsizdir. Müasir dövrdə məlumat düzgün analiz olunduqda qərarvermə mexanizmlərinin əsasını təşkil edən güclü vasitəyə çevrilir. Məhz bu səbəbdən data analitikası üzrə ixtisaslaşmaq istəyirəm. Bu sahə vasitəsilə toplanmış məlumatları sistemləşdirmək, onları mənalı nəticələrə çevirmək və real problemlərin həllinə tətbiq etmək imkanlarının məni daha çox cəlb etdiyini düşünürəm.
Yaşıdlarıma tövsiyəm isə ondan ibarətdir ki, öz maraq dairələrini heç vaxt gözardı etməsinlər. Sevdikləri və özlərini inkişaf etdirə biləcəkləri istiqaməti seçərək bu sahə üzrə etibarlı və güvənə biləcəkləri bir təhsil ocağına müraciət etsinlər. Bununla yanaşı, müstəqil öyrənmənin əhəmiyyətini unutmasınlar, çünki yalnız auditoriya bilikləri ilə kifayətlənmək müasir dünyada kifayət etmir. Gənclər boş zamanlarını məqsədyönlü şəkildə dəyərləndirməyə, oxumağa, araşdırmağa və yeni bacarıqlar əldə etməyə çalışmalıdırlar. İnanıram ki, maraq, davamlı öyrənmə və düzgün istiqamət seçimi uğura aparan əsas amillərdir.
Rəvanə GÜLNƏZƏROVA,
tələbə:
– Gənclər günü gənclərin cəmiyyətdəki rolunun və gələcəyin formalaşmasında daşıdığı məsuliyyətin ön plana çıxdığı əlamətdar tarixlərdəndir. Bu gün bir daha göstərir ki, gənclər ölkənin gələcəyidir, onların bilik, bacarıq və dünyagörüşünün inkişafı bütövlükdə cəmiyyətin inkişafı deməkdir. İstərdim ki, hər kəs bu ölkədə gənclərin müsbət yöndə formalaşmasına, öz potensialını reallaşdırmasına töhfə versin.
Mən hazırda sənaye mühəndisliyi ixtisasını daha dərindən öyrənməyə xüsusi maraq və həvəs göstərirəm. Məqsədim yalnız nəzəri biliklərlə kifayətlənməmək, eyni zamanda, bu bilikləri praktikada tətbiq edə biləcək səviyyəyə çatmaqdır.
Gənclərin inkişafı təkcə təhsillə məhdudlaşmır. Asudə vaxtın səmərəli təşkili, intellektual və yaradıcılıq fəaliyyətləri də şəxsi inkişafın ayrılmaz hissəsidir. Gitara çalmaq da mənim üçün gündəlik dərs və düşüncə yükündən uzaqlaşıb beynimi rahatlatmaq, ruhumu dinləmək üçün ən təsirli vasitələrdəndir. Musiqi daxili balansı qorumağıma, emosional rahatlıq tapmağıma kömək edir. Digər hobbim olan şahmat isə düşüncə tərzimin formalaşmasında xüsusi yer tutur.
Gənclər Günü ərəfəsində yeni nəslin təmsilçilərinin açıqlamaları bir daha göstərir ki, onlar düşünən, araşdıran, öz üzərində çalışan və cəmiyyət üçün dəyər yaradan insanlardır. Onlara yaradılan imkanlar, onların potensialının düzgün istiqamətləndirilməsi ölkənin sabahı üçün atılan ən möhkəm addımdır.
Dövlətin həyata keçirdiyi gənclər siyasəti isə onların təşəbbüslərini üzə çıxarmağa, ideyalarını real layihələrə çevirməyə və beynəlxalq müstəvidə tanınmasına zəmin yaradır.
Hazırladılar:
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ,
Elenora HƏSƏNOVA
XQ





