Şair-publisist İlyas Əfəndi Vəfalının 65 illiyi qeyd edilib

post-img

“Borcalı” İctimai Birliyinin təşəbbüsü və təkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair və publisist İlyas Əfəndi Vəfalının 65 illiyinə həsr olunmuş tədbir və “Şeiriyyətin yolçusuyam” adlı şeirlər kitabının təqdimatı keçirilib. Məlumatı “Borçalı” İB-nin mətbuat xidməti yayıb. 

İctimai Birliyin İdarə Heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı İlyas Əfəndinin poeziya yaradıcılığından və jurnalist fəaliyyətinin başlıca xüsusiyyətlərindən danışıb. Qeyd olunub ki, İ.Əfəndi bir neçə şeir kitabının müəllifi olmaqla yanaşı, müxtəlif qəzet və dərgilərdə elm, təhsil, ədəbiyyat, sosial sahələrə aid maraqlı, yaddaqalan məqalələr yazaraq dərc etdirib. İndiyədək nəşr olunmuş ”Borçalı oğluyam”, “Şeiriyyətin yolçusuyam” şeir kitablarındakı şeirlərdə, “Şəmsi, Xalid və Həcər dastanı” poemasında vətənpərvərlik, insana sevgi, doğma yurda sədaqət motivləri üstünlük təşkil edir. 

Həmkarları, qələm dostları, ziyalılar –  Paşa Babakərli, Təbriz İman, Fərman Bədəlov, Ziyadxan Budaq, Rövşən Xallədinoğlu, Rəşad Saraçlı, Könül Quluzadə, Müşfiq Çobanlı, Sədi Yaradanqulu, Elmira Tomris Soltanlı, Hüseyn Faxralı, Lətifə Rəşid, Surxay Məmmədoğlu, Məlahət Quliyeva, Bayram Aşıqlı və başqaları İlyas Əfəndinin ictimai məsələlərdə də daim milli-mədəni dəyərlərə bağlı vətəndaş mövqeyində dayandığını vurğulayaraq, fərdi-mənəvi və iş keyfiyyətləri barədə ürək sözlərini söyləyib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. 

Tədbirdə istedadlı el aşıqlarımızdan Ataxan Qasımlı, Fikrət Borçalı, Samir Borçalı rəngarəng repartuarla cıxış etmiş, şairin şeirlərindən nümunələr səsləndirmişlər.

Sonda Borçalı İctimai Birliyi adından İlyas Əfəndiyə ədəbi-mədəni fəaliyyətinə və 65 illik yubileyinə görə “ Borçalının vətənpərvər şairi” diplomu təqdim olunub. İlyas Əfəndi  tədbirin təşkilatçılarına və iştirakçılarına minnərdarlğını bildirmişdir. 

 

P.ƏMİRCANOV

XQ

 







Mədəniyyət