Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən və Azərbaycan milli musiqisini, mədəni irsini, klassik və müasir incəsənətini yaşadan və dünyaya tanıdan “Baku Production” layihəsinin təsisçiləri olaraq Sizə dərin ehtiram, qürur və minnətdarlıq hissi ilə müraciət edirik.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycanı daha parlaq sabahlara aparan yolda böyük uğurlar arzulayırıq.
Son illər Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tarixin ən şərəfli dönəmini yaşayır. Beş il öncə qazanılmış şanlı Zəfər xalqımızın milli yaddaşına əbədi həkk olunmuş, bütün dünyada yaşayan azərbaycanlılara böyük ruh yüksəkliyi, iftixar hissi bəxş etmişdir. Tarixi Zəfərimiz Azərbaycan xalqının əzmini, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Zəfərin yaratdığı milli ruh və qürur gələcək nəsillərə yol göstərən əbədi bir işıq olacaqdır. Arzu edirik bu Zəfərin işığı daim sönməz olsun, güc və ilham mənbəyi kimi xalqımızı daha böyük zirvələrə aparsın.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətimizin müstəqilliyinin dönməzliyini, milli iradəmizin gücünü və Zəfərdən doğan yeni geosiyasi reallığın möhkəmlənməsini təsdiqləyən böyük bir hadisədir. Biz bu ili yalnız təqvim kimi deyil, həm də ürəklərimizdə, milli kimliyimizi yaşatdığımız bütün mədəni layihələrimizdə qeyd etdik.
Sizin qətiyyətli və uzaqgörən siyasətiniz Azərbaycanı bu gün beynəlxalq arenada öz sözünü inamla deyən, haqqını qoruyan və mədəni irsini fəxrlə təbliğ edən güclü bir dövlətə çevirmişdir. Məhz bu siyasətin nəticəsidir ki, biz - Kanadada yaşayan mədəniyyət təbliğatçıları Azərbaycan incəsənətini, musiqisini, muğamını, xalq mahnılarını müxtəlif icmalara böyük qürurla təqdim edirik.
Əsas məqsədimiz milli musiqimizi, sənət irsimizi qorumaq, gələcək nəsillərə çatdırmaq və Azərbaycanın adını Kanadada ən yüksək səviyyədə təmsil etməkdir. Bu missiyanı yerinə yetirərkən Sizin uğurlu siyasətiniz bizə həm güc, həm motivasiya, həm də istiqamət verir.
Hörmətli cənab Prezident, Sizi, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Yeni ilin Vətənimizə əvvəlki illərdə olduğu kimi, firavanlıq, rifah və davamlı qələbələr gətirməsini diləyirik.
Ən dərin hörmət və ehtiramla,
Sənan Əlizadə və Sultanhüseyn Qasımzadə
Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri.

