№ 224 Bakı şəhəri, 28 iyul 2025-ci il
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planının 8.4.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılsın ki, texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara dair müvafiq məlumatların daxil olduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə inteqrasiyasını, ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri