Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

post-img

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət etmişdir. Dövlət qurumundan XQ-ə verilən məlumata görə, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları üzərinə qərənfillər düzülmüşdür. XRİTDX adından “Əbədi məşəl” abidə-kompleksinin önünə əklil qoyulmuşdur.

Daha sonra Xidmətin inzibati binasında anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik tarixində tutduğu müstəsna yeri vurğulamış, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini qeyd etmişdir.

Anım tədbirinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.













Qan yaddaşı