Vətən uğrunda ölmək faciə deyil, şərəfdir!

post-img

Ümumxalq Hüzn Günü kimi geniş qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixində qəhrəmanlıqla yazılmış qanlı səhifədir. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə tarixə həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri dinc əhalini ağır texnika və müxtəlif tipli silahlarla atəşə tutaraq qanlı qətliam törətdi. Şəhərin küçələrində günahsız insanlar hədəfə çevrildi. Nəticədə sovet qoşunları tərəfindən 121 soydaşımız qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı, ölkə məqsədli şəkildə atəş altında saxlanıldı. Əslində, həmin gecə açılan atəşlər təkcə insanlara deyil, xalqımızın azadlıq arzusuna yönəlmişdi. İmperiya cəlladları milli iradəni sındırmaq istəsələr də, buna nail ola bilmədilər. Lidersiz qalan xalq misilsiz qırğına məruz qaldı, lakin ruhən məğlub olmadı.

Çünki o dövrdə Ulu öndər Heydər Əliyev xalqın önündə, siyasi səhnədə deyildi. O, keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun ikili və riyakar siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdi.

Bütün bunlardan sonra Azərbaycan taleyinin ağır günlərini yaşadı. 20 Yanvar faciəsi xalqımıza qarşı aparılan diskriminasiya siyasətinin tərkib hissələrindən biri oldu. Keçmiş SSRİ rəhbərliyi bu ağır cinayəti gizlətmək üçün informasiya blokadası yaratdı.

Ümummilli lider Heydər Əliyev liderlik və vətənpərvərlik nümunəsi sərgiləyərək Moskvada Azərbaycan nümayəndəliyinə gəldi, sərt bəyanatlarla çıxış etdi və ittifaq rəhbərliyinin törətdiyi cinayəti dünya ictimaiyyətinə bəyan etdi. Bununla yanaşı, 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz Ümummilli liderin birbaşa təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da parlament 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş bu faciə  haqqında qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsi nəticəsində öz siyasi-hüquqi qiymətini aldı.

Müstəqilliyimizin və azadlığımızın rəmzinə çevrilmiş 20 Yanvar şəhidlərimiz bizə vətəni sevməyin ən ali nümunəsini göstərdilər. Heydər Əliyev də əbəs yerə qeyd etmirdi ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, xüsusilə də Azərbaycan gəncləri üçün örnəkdir və Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Ümummilli liderin dahiyanə fikri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə tam reallığa çevrildi. 20 Yanvar şəhidlərinin göstərdiyi vətənpərvərlik və fədakarlıq nümunəsi bizə göstərdi ki, azadlıq uğrunda canını qurban verənlərin yolu həmişə şərəf və zəfərlə bitir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, bir daha sübut olundu ki, xalqın iradəsi və qəhrəman övladlarının fədakarlığı qələbənin ən böyük zəmanətidir. Bu şanlı Zəfər Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də 20 Yanvar şəhidlərinin ruhunu şad etdi. Biz əldə etdiyimiz Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qanları ilə tarix yazan şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə həmişə minnətdar və borcluyuq.

İllər sürətlə keçir, nəsillər dəyişir. Amma 20 Yanvar şəhidlərinin xatirəsi həmişə qəlblərimizdə yaşayır.

1990-cı ilin 20 Yanvarı azadlıq əzminin və sarsılmaz birliyimizin simvolu kimi tarixə həkk olundu. Müqəddəs şəhidlərimiz bizə vətən sevgisi, qəhrəmanlıq və azadlıq ruhu miras qoydular. Onların xatirəsini dərin hörmətlə anmaq əbədi borcumuzdur. Müstəqil Azərbaycan və xalqımız var olduqca azadlıq uğrunda fədakarlıq salnaməsi yazan şəhidlərimiz heç vaxt unudulmayacaq. Vətən uğrunda ölmək faciə deyil, şərəfdir! Dünya 20 Yanvarda bu həqiqətin Azərbaycanda necə yaşandığını gördü. Azadlıq uğrunda canını fəda edən qəhrəmanlar milli birliyimizi əbədiləşdirərək gələcək nəsillərə örnək oldular.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Qan yaddaşı