Bu tarix Azərbaycan yaddaşında təkcə qanlı gecə deyil. Bu tarix yarımçıq qalan arzuların, susdurulan gəncliyin və şəhid edilmiş sevginin tarixidir.
Həmin gecə… 19-dan 20-nə keçən gecə… Bakının küçələrinə yalnız tanklar yox, insan talelərinə hökm kəsən qaranlıq da daxil oldu. Və o qaranlıqda bir həyat hekayəsi yazıldı. Zamanla bu hekayə dastana çevriləcəkdi. İlham və Fərizə dastanına …
İlham Ağdamlı idi.
Qarabağın torpaq qoxusunu, kişilik məsuliyyətini özü ilə yaşadan vətənpərvər qəhrəman.
Fərizə isə Qərbi Azərbaycandan ruhunu damarlarında daşlyan —yurd həsrəti ilə böyüyən, köçkün yaddaşının ağrısı ilə yaşayan bir qız.
Onları birləşdirən yalnız sevgi deyildi,onları birləşdirən taleyin özü idi.
20 Yanvar gecəsi, sevgi ilə vətən eyni anda sınağa çəkildiyi gecə…
Göylərdə ulduz əvəzinə sayrışan güllələr qaranlığa meydan oxuyurdu. Amansız tanklar Bakı küçələrinin sinəsini dağlayırdı. O gecə Bakı yatmırdı.
Pəncərələrdən işıq yox, qorxu sızırdı.
Küçələrdə insan səsi deyil,tankların dəmir nəfəsi eşidilirdi. Hər addım bir ömür, hər güllə bir taleyə tuşlanırdı.
Əlbəttə, buna heç bir azadlıq sevdalısı laqeyd qala bilməzdi. Qalmadı da… qanı, canı bahasına olanlara sipər oldu.
İlham da həmçinin. Qarabağının, Ağdamlnın ətrini nəfəsində isidən İlham soyuq Bakı küçələrində azadlıq atəşi ilə yanlrdı. və qəfil güllə …
Bu güllə arzuların, gələcəyin, daha sonra yaşanacaqlarln nöqtəsi, şəhadət ömrünün başlanğıcı oldu. və bu güllə özündən sonra daha bir ömrün səssiz sonluğu idi… yenicə ağ duvaqda gəlin olan Fərizənin ağ kəfənə bürünmə hökmü idi bu güllə …
Fərizə də yurd həsrəti ilə böyümüşdü. Qərbi Azərbaycandan qoparılmış bir ailənin qızı idi. Bir dəfə torpağını itirmişdi, ikinci dəfə isə həyatını bağladığı insanı…
İlham ailəsini, sevdiyini, gələcəyini qorumaq üçün canını verdi. Fərizə üçünsə bu itki təkcə sevgi yox, ikinci sürgün idi.
Fərizə əlbəttə bu itkiyə dözə bilməzdi, dözmədi də…
Onun sevgisi yaşamaqdan güclü çıxdı. İlhamın ölüm xəbərini eşidən Fərizə özünə , şirin canına qəsd etdi. Bu sədaqətin, şücaətin, şərəfətin və şəhadətin ali zirvəsi idi. Bu bir Azərbaycan qadınının sevgi və vətən qarşısında dəyanəti idi … bu iki gənci bir məzar birləşdirdi . İki tale bir qədər … 20 yanvar tarixli bir son …
Bu, sadəcə sevgi hekayəsi deyil.
Bu, bir xalqın başına gətirilən faciənin
iki gənc ürəkdə cəmlənmiş halıdır…
Bu gün İlhamın ruhu şaddı. Ağdamlıdır. Onun ruhu Qarabağ səmasında pərvazlanlr.
Fərizənin ruhu isə Qərbi Azərbaycanın göylərindədir —geri qayıda bilmədiyi yurdun, unutmadığı torpağın üzərində…
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist

