Xocalı ağrısı Samuxda bir daha xatırlanıb

post-img

Samux rayonunda Xocalı soyqırımının 34-cü ildönümü dərin hüzn və ehtiramla anılıb. O ağır fevral gecəsinin yaraları illər keçsə də, insanların qəlbində ilk günkü kimi yaşayır.

Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, eləcə də rayon sakinləri iştirak ediblər. Hər kəs bu günün sadəcə təqvimdə bir tarix deyil, xalqımızın qan yaddaşı olduğunu bir daha hiss edirdi.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində yerləşən Şəhidlər Kompleksini ziyarət ediblər. Abidə önünə düzülən gül dəstələri səssiz bir ehtiramın ifadəsi idi. İnsanlar başlarını aşağı əyərək Xocalı qurbanlarının əziz xatirəsini yad edib, şəhid ailələrinə mənəvi dayaq olduqlarını göstəriblər.

Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər sadəcə bir şəhərin faciəsi deyildi, bu, bütöv bir xalqın yaddaşına yazılmış qanlı tarixdir. Günahsız insanlar, qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi. O gecə insanlıq böyük bir sınaq qarşısında qaldı və bu ağrı heç vaxt unudulmayacaq.

Saat 17:00-da isə rayon ərazisində həyat sanki bir anlıq dayandı. Avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırıldı, insanlar da ayaq saxlayaraq bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarını yad etdilər. 

Samuxda keçirilən anım mərasimi bir daha göstərdi ki, Xocalı şəhidlərinin xatirəsi xalqımızın qəlbində yaşayır və yaşayacaq. Bu ağrı bizi sarsıtsa da, eyni zamanda birliyimizi və tariximizə bağlılığımızı daha da gücləndirir.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri











Qan yaddaşı