Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901 (Cild I); 2025, № 1, maddə 10, № 5, maddə 431) aşağıdakı məzmunda 17.3-cü maddə əlavə edilsin:
“17.3. Aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir:
17.3.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);
17.3.2. yardımçı və müvəqqəti tikililər;
17.3.3. istixanalar və anbar binaları;
17.3.4. istehsalat binaları;
17.3.5. fərdi yaşayış evləri;
17.3.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2025-ci il

