Ərzini qədim türk yurdu olub

post-img

Qərbi Azərbaycanın qədim yaşayış məntəqələrindən biri də Ərzini kəndi adlanır. Bu kənd XIX əsrdə İrəvan quberniyasının İrəvan qəzasının, Ermənistan SSR dönəmində 1995-ci ilə kimi isə Ellər (Kotayk, Abovyan) rayonunun inzibati ərazisinə daxil olmuşdur.

Ərzini kəndi Ellər (Kotayk, Abovyan) rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. İndi yaşayış məntəqəsi kimi Ərzini kəndi Ermənistan Respublikasında 1995-ci ildə yeni yaradılan inzibati ərazi vahidlərindən biri olan Kotayk vilayətinin tərkibinə daxil edilmişdir. Ellər rayonunda tarixi mənbələrdə Ərzini adında iki toponimə rast gəlinir: Ərzini kəndi; Ərzini kurortu. Ərzini kurortu Ərzini kəndinin ərazisində yaradılmışdır.

İrəvan Universitetndə 1986-cı ildə çap olunmuş “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti” Ərzini kəndinin bir adının da Sərçəli olduğu qeyd edilmişdir. Bu da kəndin daha qədim tarixə malik olduğunu təsdiq edən amillərdən biridir.

Tarixdə Ərzini kənd kimi ilk dəfə XV əsrdən xatırlanır. 1728-cil tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə isə bu məntəqə Qırxbulaq nahiyəsinə tabe olan yaşayış məntəqəsi kimi qeyd edilmişdir. Həmin dövrdə Ərzini kəndinin illik gəliri 25 min ağça olmuşdur. 1913-cü ildə Tiflisdə nəşr olunmuş D.Paqirevin tərtib etdiyi Qafqazın 5 verstlik xəritəsində İrəvan quberniyasındakı yaşayış məntəqələrindən biri olaraq Ərzini kəndinin adına rast gəlirik. Hətta Ərzini kəndinin adının 1728-cil tarixli mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Ərzin kəndi formasında qeyd edildiyi göstərilir ki, bu da həqiqəti əks etdrir.

Erməni və rus dilində “ə” hərfi olmadığına görə Ərzini toponimi Arzini fonetik formasında sənədlərində əksini tapır. Çox təəssüf ki, Azərbaycan dilində yazılmış ensiklopediya və kitablarda da Ərzini toponimi Arzini (toponimin erməniləşdirilmiş variantı) fonetik formasında tədqiqata cəlb edilmişdir.

Ərzini kəndinin köklü sakinləri azərbaycanlılar olmuşdur. Azərbaycanlılar tarixən burada yaşamışlar. Lakin erməni sosial şəbəkələrində kəndin aysorilər (assuriyalılar) tərəfindən salındığı göstərilir ki, bu da tarixi həqiqətin saxtalaşdırılmasıdır. Əslində aysorilər (assuriyalılar) indiki Ermənistan ərazisinə, o cümlədən Ərzini kəndinə 1826-1828-ci il Rusiya–İran müharibəsinin nəticəsi olaraq 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan köçürülüb yerləşdirilmişdir.

Eyni zamanda, Ərzini kəndində, tarixən, aysorilərin yaşadığı qeyd edilir. Elə erməni mənbələrinin özündə kənddə tarixən azərbaycanlıların yaşadığını aydın şəkildə görmək olur. Z.Qorqodyanın “Son yüz ildə Sovet Ermənistanının əhalisi. 1831–1931” kitabında göstərilir ki, Ərzini kəndində digər millətlərlə yanaşı, 1873-cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904-cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. Hətta 1886-cı ildə burada bir nəfər də olsun erməni yaşamamışdır.

Bu statistik məlumata “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə də rast gəlinir. Lakin göstərilən lüğətdə yalnız 1873-cü ildə Ərzini kəndində azərbaycanlıların yaşadığı verilmişdir. Əhalinin kameral siyahıya alınmalarına uyğun olaraq 1886-cı ildə, 1897-ci ildə, 1904-cü ildə kənddə yaşayanlar ümumi şəkildə göstərilmişdir ki, bu da erməni saxtakarlığının ən bariz nümunələrindən biridir.

Azərbaycanlılar tarixi-etnik torpaqları olan Ərzini kəndində 1918-ci ilə kumi yaşamışlar. 1918-ci ildə yaradılan daşnak Ararat Respublikasının yeritdiyi milli ayrı-seçkiliyinin və etnik təmizləmə siyasətinin nəticəsində azərbaycanlılar erməni hərbçilərinin təcavüzünə, soyqırımına məruz qalaraq doğma yurdlarından deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər (assuriyalılar) yaşayır.

Ərzini toponimin əmələ gəlməsi ilə bağlı bir neçə fərziyə mövcuddur. Lakin, fikrimizcə, Ərzini toponimi coğrafi termin mənasını bildirən “ərz” coğrafi termini əsasında formalaşmışdır. Bu söz bir coğrafi termin kimi kürreyi-ərz söz birləşməsində öz izini qoruyub saxlamışdır.

İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru, professor

Siyasət