Azərbaycan - Gürcüstan:  dünyanın  geosiyasi xəritəsində birləşdirici körpü

post-img

Azərbaycan tək regionda deyil, həm də qlobal miqyasda özünün dostluq və əməkdaşlıq imkanlarını hamıya açıq edən dövlətdir. Cənubi Qafqazın lider dövləti kimi ölkəmiz regionda yalnız sülhün və əminamanlığın deyil, eyni zamanda iqitisadi inkişafın təminatçısı kimi tanınır. Bu baxımdan Cənubi Qafqazda Gürcüstan və Azərbaycan ən yüksək səviyyədə inkişaf dövrünü yaşayır. Bir çox regional və qlobal iqtisadi layihələri birgə həyata keçirən iki Qafqaz dövləti kimi Azərbaycan-Gürcüstan münasibətləri qlobal arenada qonşuluq münasibətləri üçün nümunə sayılmalıdır. Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi qeyd olunanların təsdiqi kimi mühüm hadisə oldu. Dünyada davam edən münaqişələr fonunda Cənubi Qafqaz ölkələri arasında tərəfdaşlıq münasibətlərinin yaranması olduqca vacibdir. Bu konteksdə Azərbaycan Gürcüstanla qlobal arenada yalnız qonşu ölkə kimi çıxış etmir, tərəfdaşlıq mövqeyi sərgiləyirlər. İki ölkə arasında tarixən və bu gün çox sıx əlaqələr mövcuddur ki, bu da regionun inkişafına töhfələrini verir. Cənubi Qafqazın iki dost ölkəsinin beynəlxalq müstəvidə bir-birinə dəstək verməsi əlaqələrin yüksək səviyyədə davam etdiyinin əyani təsdiqidir. 44 günlük şanlı Vətən müharibəsində suveren hüquqlarımızın bərpası istiqamətindəki münaqişədə Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələr sırasında idi. 

Eyni zamanda, Azərbaycan da həmişə Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyib, qonşu ölkə iqtisadiyyatının çiçəklənməsinə töhfələr verib. 
Prezident İlham Əliyev əsrlər boyu xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadığını bildirərək dövlətlərarası münasibətlərin də yüksək səviyyədə davam etdiyini ali qonağın diqqətinə çatırdı. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini söyləyərək bir daha bəyan etdi ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyır. Bu layihələr təkcə Cənubi Qafqazın deyil, eyni zamanda Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir.

Prezident İlham Əliyev vacib bir məqamı şərh edərək vurğuladı ki,  Avropanın enerji təhlükəsizliyini Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bu gün Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac da Gürcüstan vasitəsilə həyata keçirilir. Ölkəmizin başçısı Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinə toxunaraq qeyd etdi ki, bu da birgə maraqlarımızda olan məsələdir. Bu istiqamətdə Gürcüstan və Azərbaycan regiona  öz töhfələlərini verir.

Yüksək qonaqpərvərliyinə görə azərbaycanlı həmkarına minnətdarlğını bildirən Gürcüstan Prezidenti dostluğumuzun qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanmasından söhbət açaraq söylədi ki, biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Məhz buna görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini bildirən cənab Kavelaşvili ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimizin daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməyi vacib məsələ kimi diqqətə çatdırdı.

Gürcüstan Prezidentinin Azərbaycana səfəri bir daha onu təsdiq etdi ki, ölkəmiz regional münasibətlərdə lider mövqedədir. Cənubi Qafqazda iqtisadi inkişafın və sülhün təminatçısı olan Azərbaycan lideri həm də dünyaya eyni mesajları verməklə ölkəmizi beynəlxalq müstəvidə ön mövqeyə çıxarır.

Xumar Məmmədova, 
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti



Siyasət