III MƏQALƏ
“Təcrübə”nin fəlsəfi anlamı
Fəlsəfədə “təcrübə” ümumi olaraq həyatda, işdə, peşə fəaliyyətində, tarixi və siyasi hadisələrdə qazanılan bilik kimi qəbul edilir. Başqa sözlə, “təcrübə subyektin şüuruna birbaşa ötürülən və dərk edilən reallıqla bilvasitə hissi kontaktla müşayiət olunan bilikdir”.
Fəlsəfə tarixində təcrübəyə fərqli izahlar verilmişdir. Onların hər birinin öz mənası vardır. İ.Kantın “təcrübə” anlayışına çox diqqət edirlər. Filosoflar yazırlar ki, Kantın fəlsəfi sistemində biliklə təcrübə üst-üstə düşür. Lakin Kantın “təcrübə”si adi təcrübə deyildir. Kanta görə, təcrübə hissi materialın apriori (təcrübədən öncə) təşkilolunma formalarının tətbiqi nəticəsində yaranır. Bundan başqa, Kant daxili və xarici təcrübələri ayırır və onların bir-birinə reduksiya edilməsinin mümkün olmadığını vurğulayır.
XX əsrə qədər təcrübənin fəlsəfi anlamı ilə bağlı çoxlu sayda fərqli ideyalar mövcud olmuşdur. Onlardan biri də siyasi təcrübədir.
Siyasi mədəniyyət və siyasi təcrübə
Təcrübənin fəlsəfi dərkində ümumi olan məqamları sintez etsək, belə bir idraki mənzərə alırıq: Təcrübə bütöv və universal insan fəaliyyətinin növüdür. Bu zaman təcrübə sosial, tarixi, mədəni irsini (ənənəsini) müəyyən dərəcədə özündə ehtiva edir.
Təcrübənin bur cür anlamını siyasi təcrübəyə proyeksiya edirlər. Siyasi təcrübə bir tərəfdən, ümumiyyətlə, cəmiyyətdə ənənə, adət, norma və s. kimi çıxış edir. Eyni zamanda, onu ayrıca kateqoriya kimi də dərk edirlər.
Siyasi təcrübə “siyasi mədəniyyət” anlayışı kontekstində dərk edilir. Bu baxımdan siyasi təcrübə sosial və tarixi təcrübə ilə sintezdə siyasi mədəniyyəti formalaşdırır.
Bu keyfiyyətdə siyasi təcrübə sabit və stabil hal deyildir – dinamik prosesdir. Onun konkret məzmunu, feili müəyyənedici faktorları ilə yanaşı, məqsədyönlüyü də mövcuddur. Məqsədyönlülük artıq hər bir tarixi dönəmdə hədəfin, obrazın olması deməkdir. Bu hədəfin və obrazın müəyyən edilməsi krtiteriyası kimi isə alınan nəticələr çıxış edir.
Belə alınır ki, “siyasi mədəniyyət” anlayışının nəzəri obrazının başlıca formalaşma mexanizmi fəaliyyətin siyasi sferası ilə bağlıdır. Yəni siyasi təcrübə siyasi mədəniyyətin tərkib hissəsi statusunda fəaliyyətin ifadəçisidir. Siyasi fəaliyyət fəlsəfi kontekstdə siyasi təcrübədə özünü təsdiq edir, onun vasitəsilə zaman-məkan kontinuumunda reaktuallaşır.
“Siyasi mədəniyyət” anlaşıyını ilk dəfə elm tarixində alman filosofu-maarifçisi İ.Q.Herder işlətmişdir (1784-cü ildə). O, əsərində “siyasi mədəniyyətin yetkinliyi” və “siyasi mədəniyyətin daşıyıcıları” ifadələrini işlətmişdir. Lakin alman filosof siyasi mədəniyyətə elmi tərif verməmişdir.
Yalnız XX əsrin ikinci yarısında (1956-cı il) G.Almond belə bir cəhd göstərmişdir. Onun mövqeyinə görə, siyasi mədəniyyət bir çox sosial obyektlər və proseslərə olan istiqamətlərin cəmidir”. Bu yanaşmanı amerikalı mütəxəssis S.Verba inkişaf etdirmişdir. Onun tərifinə görə, siyasi mədəniyyət, birincisi, siyasətdə hadisələrlə fərdlərin davranışları arasında əlaqə yaradır, ikincisi, bu özəllik cəmiyyətin siyasi mədəniyyətə reaksiyasının göstəricisidir. Deməli, siyasi mədəniyyət üçün cəmiyyətin aparılan siyasəti necə görmələri və qəbul etmələri ciddi əhəmiyyət kəsb edir.
Sonrakı tədqiqatlarda “siyasi mədəniyyət” anlayışında davranış aspektini də nəzərə almaqdan bəhs edilmişdir. Polşalı tədqiqatçı E.Vyatr yazırdı ki, siyasi mədəniyyət anlayışına müəyyən “dayanıqlı davranış nümunələri” də daxil edilməlidir. Çünki davranış nümunələri (memləri) olmadan heç bir mədəniyyət sistemi mövcud ola bilməz.
Fəlsəfi detallara baş vurmadan onu vurğulayaq ki, XXI əsrdə siyasi mədəniyyətin araşdırılması daha da dərinləşmiş və genişlənmişdir. Həmin tədqiqatlarda XX əsrin ikinci yarısında aparılan araşdırmaların ümumi təhlili verilmişdir. Göstərilir ki, siyasi mədəniyyət özündə tarixi ənənə, ideologiyalar və mentallığı birləşdirir. Bundan başqa, siyasi mədəniyyət münaqişələrin həlli zamanı siyasi elitanın fəaliyyət istiqamətlərinin formalaşmasında əks olunur.
Beləliklə, XXI əsrdə siyasi mədəniyyətə institusional parametrlə yanaşı, qeyri-institusional xarakterli faktorların prizmasında baxılır. Bu o deməkdir ki, siyasi mədəniyyət fərdi ilə kolleket fəaliyyətin qarşılıqlı əlaqəsində meydana gələn özəl fəaliyyətlə bağlıdır.
Bundan başqa, siyasi mədəniyyət neqativ mənzərə də yarada bilər. Bu halda siyasi təcrübədən hansı mənalarda danışmaq olar? XXI əsrin geosiyasi dinamikası üçün məhz bu məqam ciddi fəlsəfi mahiyyət daşıyır. Onun aydınlaşması üçün XXI əsrdə siyasi təcrübə məsələsinin fəlsəfi və siyasi-nəzəri anlamlarına nəzər salaq .
Müasir mərhələdə siyasi təcrübə
Öncə, indiki yüzil üçün xarakterik olan bir nəzəri məsələni vurğulayaq. XX əsrin tədqiqatlarında siyasi təcrübə həm ümumiyyətlə, siyasi mədəniyyətlə sinonim kimi işlədilmişdir, həm də o, siyasi mədəniyyətdən daha məhdud semantik sahədə təsəvvür edilmişdir. Birinci anlamda siyasi təcrübə, bütövlükdə, hər bir cəmiyyətdə və bəşəri miqyasda insan fəaliyyətinin tərkib hissəsi kimi mədəniyyət hadisəsi olaraq qəbul edilir.
Bu tezis əsaslıdır, lakin indi o anlamın politoloji yanaşma kimi kreativ gücü zəifdir. Demək olar ki, XXI əsrin mürəkkəb dinamikasında siyasi təcrübə–siyasi mədəniyyət formulu yaradıcı heç nə vermir, sadəcə konstatasiya edir, o, semantik fiksasiyadır. Başqa səbəblərlə yanaşı, həm də ona görə ki, XXI yüzili “mədəniyyət əsri”, “mədəniyyətlərin yarışı dönəmi” adlandırırlar. Bu baxımdan siyasi təcrübə avtomatik olaraq mədəniyyət sisteminin və o kontekstdə siyasi mədəniyyətin atributu kimi qəbul edilməlidir.
Eyni zamanda, indiki əsrin geosiyasi və siyasi-mədəni xarakteristikaları siyasi təcrübəni daha mürəkkəb struktur-funksional vahid kimi qəbul etməyi şərtləndirir. Bu baxımdan hazırda siyasi mədəniyyətlə siyasi təcrübənin qarşılıqlı münasibətlərinin yeni məna çalarlarından bəhs etmək lazım gəlir. Buna görədir ki, XX əsrin sonlarında filosoflar siyasi mədəniyyətlə siyasi təcrübənin münasibətlərinə iki aspektin sintezində baxmağı daha adekvat yanaşma kimi təqdim etmişlər. Onlar siyasi mədəniyyətin öncəki nəsillərin ənənə formasında təcrübəsinin yekunu olması və həm də yeni siyasi nəsil üçün hazır fəaliyyət şərtləri və qaydaları kimi dəyərlər və normaları hazırlaması dərkini daha əsaslı hesab edirlər.
Bir başqa yanaşmaya görə, siyasi mədəniyyət, siyasi təcrübənin cəm göstəricisidir, siyasi biliklərin və prioritetlərin keyfiyyətidir, siyasi subyektlərin davranış və funksionallaşma nümunələridir, cəmiyyətin siyasi həyatının obrazı və tərzinin inteqral xarakteristikasıdır.
Son illər tədqiqatçılar daha konkret səviyyədə mövzunu araşdırırlar. O sırada siyasi mədəniyyətin siyasi sistemin funksionallaşma mexanizmləri strukturunda tədqiqi diqqəti çəkir. Əsas problem kimi siyasi mədəniyyətin siyasi sistemin sabitliyinə təsiri məsələsinə baxılır.
İlham Əliyev təcrübəsi
Beləliklə, siyasi mədəniyyət və siyasi təcrübənin XXI əsrin şərtləri daxilində fəlsəfi və politoloji müqayisəsi göstərir ki, onlar mürəkkəb münasibətlər sisteminə malikdirlər. Biz siyasi təcrübəni siyasi mədəniyyətin atributlarından biri kimi qəbul etməyi daha doğru sayırıq. Bu zaman siyasi təcrübə siyasi mədəniyyətin ümumi göəstəricisi kimi təsəvvür edilə bilər. O, siyasi subyektlərin davranış və funksional nümunəsi kimi də qəbul edilməlidir. Nəhayət, siyasi mədəniyyət toplumun siyasi həyatının inteqral xarakteristikasıdır.
Biz bu ümumi yanaşma çərçivəsində siyasi təcrübə kontekstində bir parametri də əlavə etməyi lazım bilirik. Konkret olaraq, siyasi mədəniyyətin inteqrativ funksiyası aspektində siyasi təcrübənin toplum və dövlət üçün müsbət nəticəverici olması əhəmiyyət kəsb edir. Bunun fonunda siyasi təcrübənin yuxarıda vurğulanan xüsusiyyətlərinə dövlət və cəmiyyət üçün qalıcı müsbət nəticənin alınması faktorunu əlavə etmək lazım gəlir.
Vurğuladığımiz əlamətlərin qarşılıqlı əlaqəsi prizmasında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderlik təcrübəsinin fəlsəfi və politoloji dərkinə çalışmaq olar. Burada, ilk olaraq, bir mühüm məqamı qeyd edək. Məsələ onunla bağlıdır ki, Prezident İlham Əliyevin siyasi təcrübəsi dövlət başçısı və uğurlu liderin təcrübəsidir. Yəni bütün hallarda o, müsbət nəticəverici fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, İlham Əliyevin liderlik təcrübəsi yeni uğurlu fəaliyyət nümunəsi kimi təhlil edilməlidir.
Bundan başqa, Prezident İlham Əliyevin liderlik nümunəsinin yeni parametrləri iki mərhələ üçün təhlil edilməlidir.
Birincisi, 2003-2020-ci illəri əhatə edən və münaqişənin mövcudluğu mərhələsi kimi təsnif oluna bilən fəaliyyət müddəti.
İkincisi, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra faktiki olaraq postmünaqişə dövrü kimi qiymətləndirilən ikinci mərhələ. Bu müddətdə hələlik sülh müqaviləsi imzalanmasa da, onu faktiki olaraq münaqişənin bitməsi ilə xarakterizə olunan mərhələ adlandırırlar. Onun əsaslandırılması İlham Əliyevin liderlik fəaliyyəti sayəsində müharibə ehtimalının regionda sıfıra enməsi ilə bağlıdır. BMT-nin sənədlərində də göstərilir ki, münaqişədən sonrakı geosiyasi, siyasi və təhlükəsizlik durumu qalıcıdırsa, onu postmünaqişə mərhələsi adlandırmaq olar.
Deməli, Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi həll edilmişdir” fikri tam əsaslıdır. Onu da vurğulayaq ki, ATƏT-in Minsk qrupu, ümumiyyətlə, münaqişəni (müharibəni yox) həll etmək üçün yaradılmışdı. Buna görə də münaqişə bitdiyindən onun saxlanmasına qətiyyən ehtiyac yoxdur. Bu məqam da Prezident İlham Əliyevin postmünaqişə mərhələsində liderlik təcrübəsinin çox əhəmiyyətli çalarlarından biridir.
Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, Prezident İlham Əliyevin münaqişə dönəmində uğurlu liderliyinin başlıca politoloji əlamətlərini araşdırmaq əsasında postmünaqişə mərhələsində Azərbaycan rəhbərinin liderlik təcrübəsinin nəzəri təhlilini aparmaq mümkündür.
Aydındır ki, İlham Əliyevin postmünaqişə mərhələsində liderliyinin fərqli cəhətləri kifayət qədərdir və onların sistemli təhlilinə böyük ehtiyac vardır. Bu məsələ müasir politologiya üçün yeni tədqiqat fenomenidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru