“Christian Post”un anti-Azərbaycan ritorikası

post-img

Vatikandakı Papalıq Qriqorian Universiteti də şərlənir

ABŞ-da “Christian Post” adlı bir internet qəzet var. İşi-gücü Azərbaycanı, guya, xristianların təqib olunduğu ölkə kimi qələmə vermək, şivən qoparmaqdır. Media orqanı yenə köhnə “ampluasındadır”. Ancaq qəzet indi, necə deyərlər, barıtı daha çox edib.

Xatırladaq ki, “Christian Post” ötən ilin sentyabrında “Ermənistan Azərbaycandan tələb etməlidir ki, Dağlıq Qarabağdakı kilsələrə hücumu dayandırsın” sərlövhəli məqalə yayımlamışdı. Bu dəst-xətt ermənipərəstlikdən və anti-Azərbaycan ritorikasından qaynaqlanmışdı. Nəşrin fevralda “Erməni kilsəsi İsraildən Qüdsdəki 1700 illik mülkün müsadirəsini dayandırmasını istəyir” sərlövhəli yazısının olduğunu da bilirik, apreldə ölkəmizə qarşı qərəz püsgürən məqaləsini və orada “ABŞ-ın Azərbaycanı xristianların təqibinə görə məsuliyyətə cəlb etməsinin vaxtının çatdığı”nın diqqətə çatdırılmasını da.

Əlqərəz, “Christian Post”un hazırkı hədəfi Vatikanın Papalıq Qriqorian Universitetidir. Nəşr təhsil ocağını Azərbaycanın erməni-xristianları məhv etmə səylərini legitimləşdirməkdə günahlandırıb, bunun “sübutu” baxımından müəyyən fikirlər gündəmə gətirib. Qəzetin bildirdiyinə görə, dini liderlər və insan haqları təşkilatları, Vatikandakı universitetin dövlət tərəfindən maliyyələşdirilən konfransı Azərbaycana həsr etməsini pisləyiblər. Sən demə, tədbir ölkəmizə mübahisəli ərazi qismində göstərilən Qarabağdan erməni tarixini silmək niyyətli platforma qazandırıbmış. Bunu “Christian Post”un məqaləsində fikirlərini təqdim etdiyi Amerikadakı Erməni Apostol kilsəsinin Şərq Yeparxiyasının arxiyepiskopu Vigen Ayqazyan vurğulayıb.

V.Ayqazyan açıq şəkildə bildirib ki, Vatikandakı Papalıq Qriqorian Universiteti Azərbaycanın maliyyəsi qarşısında yenik düşüb. Göründüyü kimi, din xadimi adını daşıyan bu iblis şər atmaqla məşğuldur. Nəzərə alsaq ki, ona tribuna verən “Christian Post”dur, deməli, qəzet də şər kampaniyasında iştirakçıdır və bunu ayrıca sübuta yetirməyə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi?

Beləliklə, məqsəd aprelin 10-da Müqəddəs Taxt-Tacın Papalıq Qriqorian Universitetində keçirilmiş “Azərbaycanda xristianlıq: tarix və müasirlik" mövzusundakı konfransını gözdən salmaqdır. O konfransı ki, onun müxtəlif sessiyalarına Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Gürcüstandan, Rusiyadan, Cənubi Koreyadan, Polşadan, İtaliyadan, Almaniyadan, Fransadan, ABŞ-dan və Litvadan təmsilçilər qatılmışdılar.

V.Ayqazyan iddia edib ki, Azərbaycanın Vatikanın layihələrini maliyyələşdirməsi ikincinin Bakı ilə İrəvan arasındakı duruma münasibətinə təsir göstəribmiş. Sanki, Vatikan açıq-aşkar Ermənistanın tərəfini tutmalı imiş, ancaq pul müqabilində bunu etmir. Erməni arxiyepiskopun atdığı şərin kulminasiya anı isə onun bəzi kardinalların və Vatikan rəsmilərinin Azərbaycandan maddi yardım aldıqlarını bildirməsidir.

Papalıq Qriqorian Universitetinin nümayəndəsi “Christian Post”un sorğusuna cavab olaraq təhsil ocağının sözügedən tədbirin təşkilində iştirak etmədiyini və heç bir maddi yardım almadığını vurğulayıb. Əlbəttə, cavab nəşrin Ayqazyanın sərsəmləmələrini ön plana çəkməsinə mane olmayıb.

Məlum olduğu kimi, barəsində söz açılan konfrans çərçivəsində Kəlbəcərdəki Dadivank monastrından söz açılıb və bildirilib ki, bu məbəd Qafqaz Albaniyasına aiddir. Görünür, “Christian Post”u əndazədən çıxaran elə budur. Həmçinin, tədbir çərçivəsində Qafqaz Albaniyasına məxsus sərginin təşkili.

Ümumiləşdirmə apararaq bildirək ki, “Christian Post” Vatikanın Papalıq Qriqorian Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” konfransı məsələsində nəinki anti-Azərbaycan dəstxət nümayiş etdirib, eyni zamanda, bu dəstxət üçün Vatikanı günahlandırmaqdan da çəkinməyib. Əsl həyasızlıq da elə budur. Əlbəttə, daha böyük həyasızlıq var.

Belə ki, Ermənistan və ermənipərəst dairələri ABŞ Prezidenti Donald Tramp Administrasiyasının dini həssaslıq duyğularına Azərbaycana qarşı qəzəb motivləri qazandırmaq yolu tutublar. Bunun ən müxtəlif təzahürləri var. Belə bir kursun götürülməsində böyük məqsəd isə Azərbaycanla Ermənistan arasındakı ziddiyyətli duruma dini aspekt qatmaqdır. “Christian Post”un “məqsədinə” çatmaq naminə Birləşmiş Ştatların Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının 2024-cü ilin mayında açıqladığı qərəzli hesabata istinad yolu tutduğu da danılmaz faktdır. Halbuki, ABŞ-ın aşkar anti-Azərbaycan və ermənipərəst mövqe tutan sabiq administrasiyasının “sifarişi” əsasında hazırlanmış “hesabat” ölkəmizdəki reallığı əks etdirə bilməzdi. O cümlədən, sənəddə Azərbaycanın dini etiqad azadlığının kobud şəkildə pozulmasına görə “xüsusi narahatlıq doğuran ölkə” elan edilməsi.

Sonda bildirək ki, Azərbaycan əleyhinə belə primitiv, reallıqdan tam uzaq, sərsəm məqalələrin yayımlanması yalnız ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının “işi” sayıla bilməz. Bu, həm də Ermənistan hakimiyyətinin həmin təşkilatlarla müştərək “fəaliyyətinin” nəticəsidir. Fəaliyyət ABŞ-ın hazırkı administrasiyasının xristian təəssübkeşliyi damarına basmaqla, onun Azərbaycana xristianları təqibə məruz qoyan ölkə qismində yanaşmasına, nəticədə Vaşinqtonun Bakıya təzyiq göstərməsinə nail olmaq məramına söykənir. Əlbəttə, bu sayaq oyunbazlıqlar heç bir fayda verməyəcək və verə də bilməz.

Ə.RÜSTƏMOV
XQ



Siyasət