Paris və Nyu–Dehli geosiyasi maraqlarına çatmaqda İrəvana alət kimi baxırlar
Cənubi Qafqazda gərginlik ocağının sönməsinə imkan verməyən dövlətlərdən biri də Hindistandır. Nyu–Dehli son illərdə Ermənistanı intensiv şəkildə silahlandırır. Bunun nəticəsində həm erməni xalqında, həm də hökumətində revanşist iddialar baş qaldırır, onlar xam xəyallara düşürlər. Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzərində danışıqlar başa çatsa da, məhz bu kimi təxribatçı əməllər üzündən İrəvan Bakının konstitusiyada dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət tələbini yerinə yetirmir.
Bu çərçivədə Fransanın da bölgədə pozuculuğa yönəlmiş hərəkətləri diqqətdən yayına bilməz. Ümumiyyətlə, son illərdə İrəvan–Paris–Nyu–Dehli müttəfiqliyi formalaşıb. Əlbəttə, tərəflərin “hərbi əməkdaşlıq” adı verdiyi bu əməllər bölgəmizdə və dünyada sülhə, sabitliyə xidmət etsəydi, onu yalnız alqışlamaq olardı. Əfsuslar olsun ki, üç ölkə birləşərək həm Cənubi Qafqazda, həm də Cənubi Asiyada vəziyyəti ağırlaşdırır.
Paris–Nyu–Dehli hərbi əməkdaşlığının daha da dərinləşməsi istiqamətində atılan son addım aprelin 28-də iki ölkənin “Rafale Marine” adlanan daşıyıcı əsaslı (hərbi-dəniz aviasiyası üçün nəzərdə tutulmuş qırıcılar) 26 ədəd döyüş təyyarəsinin alqı-satqısına dair müqavilə imzalamasıdır. Hindistan Müdafiə Nazirliyi bildirib ki, sövdələşmənin dəyəri 7,27 milyard ABŞ dollarından çoxdur. Ölkənin “Times Now” nəşri məlumat yayıb ki, maliyyə tutumu bu qədər böyük olan sənədə Hindistan və Fransanın müdafiə nazirləri – Racnat Sinqx və Sebastian Lekornunun iştirakı ilə imza atılıb. Bu, iki ölkənin imzaladığı ən böyük müdafiə sazişidir. Satılacaq qırıcılar Hindistan Hərbi–Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub.
Qeyd edilib ki, Hindistan 2016-cı ildə alınmış 36 ədəd bu cür təyyarəyə malikdir. Onlar “Vikrant” aviabazasında yerləşəcək və daha əvvəldən ora gətirilmiş MiQ-29K təyyarə parkını tamamlayacaqlar.
* * *
Hindistan–Fransa hərbi əməkdaşlığının Cənubi Qafqaz üçün ziyanı onların hər ikisinin regionla bağlı destruktiv əməllərinin icrasında Ermənistandan vasitə kimi istifadə etmələridir. Əslində, bu ölkələrin heç biri Ermənistana təbii müttəfiq kimi yanaşmır, bu, zorən müttəfiqlikdir. Hindistan Azərbaycan və Türkiyənin Pakistanın strateji müttəfiqi olması, Fransa isə yenə də Bakı və Ankaraya münasibətdə yürütdüyü düşmənçilik, türkofobiya və islamofobiya siyasəti səbəbindən İrəvana “stavka” edirlər.
Bundan əlavə, Hindistan Ermənistanı silahlandırmaqla regionda öz geosiyasi məqsədlərini həyata keçirir. Nyu–Dehli Pakistana müqavimət göstərməyə, Avropa və Asiya silah bazarlarına çıxışını genişləndirməyə çalışır. Cənubi Asiya dövləti paralel olaraq Türkiyə ilə ciddi fikir ayrılıqlarına malik Yunanıstanla da hərbi əməkdaşlığı genişləndirir. Ölkənin baş naziri Narendra Modinin 2023-cü ilin avqustunda Afinaya birgünlük rəsmi səfəri zamanı Hindistan mediası bu hadisənin “Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyən Türkiyə üçün mühüm siqnal” olacağını yazmışdı. Eyni zamanda, “Financial Express” qəzeti Hindistanın Türkiyə–Pakistan–Azərbaycan müttəfiqliyinə alternativ olaraq Ermənistan və Yunanıstanın iştirakı ilə yeni güc mərkəzi yaratmaq planlarından xəbər vermişdi. Yəni Hindistan–Fransa–Ermənistan hərbi-siyasi əməkdaşlığı təkcə bu üç ölkə ilə məhdudlaşmır, daha geniş coğrafiyada, necə deyərlər, suları bulandırmağa xidmət edir.
Bu məsələnin çoxkombinasiyalı olmasını bir neçə gün öncə “Reuters” agentliyində yerləşdirilmiş “Hindistan Rusiyanın ənənəvi müştərilərinə ucuz silah kreditləri təklif edir” sərlövhəli məqalə də təsdiq edir. Məqalədə qeyd edilib ki, Hindistan aktiv şəkildə Moskvanı silah bazarından sıxışdırır, Sovet İttifaqının tərkibində olmuş Ermənistanı silahla təchiz etmək məsələsində Rusiyanın uzunmüddətli mövqeyini sarsıdır.
Agentlik qeyd edir ki, Nyu–Dehlinin bu sahədə uğurlu fəaliyyətinin bir nümunəsi ötən il Hindistanın ilk hərbi attaşesinin göndərildiyi Ermənistandır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2022–2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların 43 faizi Hindistanda istehsal olunub ki, bu da 2016–2018-ci illər arasındakı, demək olar ki, sıfır göstəricidən kəskin şəkildə fərqlənir.
“Reuters” qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın strateji müttəfiqi olan Ermənistan bu yaxınlara qədər rus tanklarına, hava hücumundan müdafiə sistemlərinə və artilleriyasına arxalanırdı. İndi Hindistanın raket və artilleriya sistemləri Ermənistanın arsenalını doldurur. Bu seçim bir çox cəhətdən məcburidir. Çünki Rusiya istehsal etdiyi bütün silah və hərbi texnikanı Ukrayna ilə müharibəyə yönəldib. Məhz bu fonda Hindistan dövriyyəyə girir. Üstəlik, Nyu–Dehli müştərinin xüsusiyyətlərini nəzərə alaraq, hər bir məsələdə çeviklik nümayiş etdirir.
Silah-sursat və hərbi texnika üçün kredit məsələsinə gəldikdə isə məqalədə iki Hindistan rəsmisinə istinadən bildirilib ki, Nyu–Dehli müştərilərə uzunmüddətli və ucuz kreditlər verir. Aşağı faiz dərəcələri və uzunmüddətli ödənişləri olan bu kreditlər Ermənistan kimi büdcələri Qərb tədarükçülərinin qiymət etiketlərinə tab gətirə bilməyən ölkələr üçün həyati əhəmiyyət daşıyır.
* * *
Xatırladaq ki, bu ilin fevralında Türkiyənin “Star” qəzeti Ermənistan və Hindistan arasında təxminən 2 milyard dollar dəyərində ilk iri sazişin hələ 2020-ci ildə bağlandığını yazmışdı. 2024–2025-ci illərdə Ermənistan Hindistandan ilk növbədə artilleriya və hava hücumundan müdafiə sistemlərinin daxil olduğu 60 milyon dollarlıq silah-sursat almağı öhdəsinə götürüb. Bundan əvvəl isə İrəvan Hindistandan “MArG 155” haubitsalarını almış və “Pinaka” reaktiv yaylım atəş sistemlərinin, tank əleyhinə sursatların və digər silah növlərinin tədarükü üçün 250 milyon dollarlıq müqavilə imzalamışdı. 2023-cü ildə Hindistanın “Kalyani Strategic Systems Limited” şirkəti Ermənistanla 155 mm-lik artilleriya silahlarının tədarükü üçün 155,5 milyon dollarlıq müqavilə imzalayıb. 2024-cü ildə Ermənistan naməlum sayda “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb və Hindistanın hərbi-sənaye kompleksi məhsullarının ən böyük idxalçısı olub.
Maraqlıdır ki, hər zaman, necə deyərlər, sudan quru çıxmağı bacaran haylar Ermənistanın Rusiya silahlarını Hindistan silahlarına dəyişməsinə özlərinə xas izahat tapıblar. Bəzi erməni politoloqlarının fikrincə, Hayastanın təhlükəsizliyinin təminatçısı kimi Rusiyanın rolunun azalması və resurslarının məhdudlaşması fonunda İrəvan getdikcə daha çox yeni əməkdaşlıq formatları axtarır. İlk növbədə, silah təchizatında əsas yer tutan, təlim və texniki dəstək sahəsində mühüm tərəfdaşa çevrilə biləcək Hindistana üz tuturlar. Bu, Ermənistanın Moskvadan əvvəlki birtərəfli asılılıqdan çıxmaq istəyini təsdiq edir. Beləliklə, Ermənistanın ölkədə Rusiya silah-sursatının və hərbi texnikasının varlığını alqışladığı dövr unudulub. Bu gün Hindistan Rusiyaya sanksiyalar tətbiq olunmasından istifadə edərək, açıq şəkildə, belə demək mümkünsə, İrəvan istiqamətində Moskvanın yerini tutub.
Qeyd edək ki, Hindistan və Fransanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycan tərəfi dəfələrlə narazılığını bildirib və buna son qoyulmasını tələb edib. Prezident İlham Əliyev 2024-cü il dekabrın 17-də rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində ölkəmizin bununla bağlı mövqeyini aydın şəkildə ifadə etmişdi: “Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.
Ancaq ölkəmizin haqlı tələblərinin eşidilməməsi rəsmi Bakının da hərbi xərcləri artırmasına gətirib çıxardı. Yəni biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcədir. Bu, təxminən beş milyard dollardır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpası, sosial ödənişlər və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Ermənistan isə silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, şərti sərhəddə növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.
İlyas HÜSEYNOV,
politoloq:
– Fransa ilə Hindistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf etməkdədir. Buna əyani misal olaraq Hindistanın Fransa istehsalı olan qırıcı təyyarələr almasını göstərmək olar. Bu, bir sıra hallarda Cənubi Asiyada regional təhdidi gücləndirməkdədir. Zənnimcə, Paris və Nyu–Dehli arasında silah alqı-satqısı sahəsində sövdələşmə və “Rafale Marine” adlanan döyüş təyyarələrinin alınması Hindistanın yerləşdiyi coğrafiya ilə bağlıdır. Çünki qardaş Pakistan son dövrlərdə, xüsusilə hərbi təyyarə istehsalı sahəsində böyük uğurlar qazanıb. Biz Pakistan istehsalı olan qırıcıların döyüş qabiliyyətinə yaxşı bələdik. Pakistanın aviasiya sahəsində üstünlük əldə etməsinə qarşılıq olaraq Fransanın dəstəyi ilə Hindistan bu istiqamətdə rəqabətdə uduzmaq istəmir.
Digər tərəfdən, bu proseslər ölkəmizi də yaxından maraqlandırır. Çünki Fransa ilə Hindistan Ermənistanı silahla təchiz edən dövlətlərdir. Hindistanda fransız lisenziyası ilə istehsal olunan silahların Ermənistana ötürülməsi baş verir. Bir növ “silah dəhlizi” yaradılıb ki, bunun da qarşısını almaq lazımdır. Anlamaq lazımdır ki, Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda böyük eskalasiyaya, hətta müharibəyə gətirib çıxara bilər. 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalması və bölgədə törədilən vəhşilik elə bil unudulub, sanki bunun üzərindən xətt çəkilib. Bəzi böyük güc mərkəzləri bunu anlamayaraq yenidən Cənubi Qafqazda müharibə axtarışında və öz maraqlarını təmin etmək yolundadırlar. Buna təcili son qoymaq lazımdır. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirləri bir daha xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı bildirib ki, Fransa tərəfindən Ermənistana verilən silahlar geri qayıtmalıdır. Fransa isə nəinki Ermənistana verdiyi silahları geri çağırmır, əksinə Hindistan da İrəvanı sürətlə silahlandırır. Bu isə revanşizm dalğasını gücləndirir.
Səxavət HƏMİD
XQ