Azərbaycanın zəngin və şanlı dövlətçilik tarixindən söz düşəndə, ilk yada düşən ad – heç şübhəsiz – Ulu Öndər Heydər Əliyev olur. Onun parlaq siyasi irsi, düşünülmüş və məqsədyönlü fəaliyyəti, müasir Azərbaycanın memarı kimi tarixdəki rolu, təkcə siyasətlə məşğul olanlar üçün yox, dünyada keçmişdə və bu gündə söz sahiblərinin belə qəlbində əbədi yer tutub. Elə bu səbəbdəndir ki, bu gün sağlam düşüncəyə, milli təəssübkeşliyə sahib elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü saymasın. Onu xalqın yaddaşında əbədiyaşar edən, tarixi şəxsiyyətdən milli simvola çevirən də məhz budur – xalq sevgisi, etimadı və inamı. Heydər Əliyevin adı belə qələbə simvolu idi. Ulu Öndər özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi. Bu gün Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə əbədiyaşar türkoğlunun, dahi liderin azərbaycançılıq məhkurəsini necə uca tutması bir daha xatırlanır.
Müasir Azərbaycan tarixinin formalaşması Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü nəticəsində mümkün olmuşdur. Onun miras qoyub getdiyi uğur strategiyası, müstəqil ölkəmizin qüdrəti Heydər Əliyev idealarının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, ölkəmizin bütün sahələrində yüksəliş, tərəqqi var. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.
Zaman və hadisələr sübut etdi ki, Cənubi Qafqaz kimi mürəkkəb və ziddiyyətli bir bölgədə Azərbaycanın lider mövqeyə yüksəlməsinin arxasında məhz Heydər Əliyev siyasi kursu dayanır. Müstəqil dövlətimizin təməlləri onun ideyaları üzərində qurulub. Azərbaycanın bugünkü gücü, sabitliyi, beynəlxalq aləmdə nüfuzu – bütün bunlar birbaşa olaraq həmin uzaqgörən siyasətin nəticəsidir. Bu gün artıq bir həqiqət qəbul olunub kİ. bu regionda heç bir qüvvə, heç bir ideya, heç bir alternativ Heydər Əliyev yolu qədər ölkəmizin müstəqilliyini və təhlükəsizliyini təmin edə bilməz.
Tarixə nəzər salsaq görərik ki, 1969-cu ilin 14 iyulu - Ulu Öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başlaması, əslində, müasir Azərbaycanın təməl daşının qoyulduğu gün idi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tənəzzül içində olan ucqar bir sovet respublikasından çıxıb iqtisadiyyatın, mədəniyyətin və təhsilin aparıcı mərkəzinə çevrildi. Bu dövr təkcə yüksəliş yox, həm də gələcək müstəqilliyimizin bünövrəsinin atıldığı zaman oldu. O dövrdə qurulan sənaye müəssisələri, inkişaf etdirilən iqtisadi model, yaradılan hərbi və elmi təhsil ocaqları, formalaşdırılan milli elita – bunların hər biri Azərbaycanın Sovet İttifaqı daxilində belə öz sözünü deyən, öz yolunu seçən bir respublikaya çevrilməsinə zəmin yaratdı. Bunu açıq deyə bilərik: Heydər Əliyevin qurduğu Sovet Azərbaycanı, Azərbaycan Xalq Cümhuriyyətindən geri qalmadığı kimi, 1991-93-cü illərin xaotik müstəqil Azərbaycanından daha güclü, daha sabit və daha irəlidə idi. Bu gün ölkəmizin sabitliyi, inkişafı və gələcəyə inamı varsa, bu, Heydər Əliyevin siyasi mirasına sədaqətin, onun yoluna dönmədən davam etməyin nəticəsidir.
Tarixin acı səhifələrindən bizə yaxşı bəllidir ki, Sovet hakimiyyətinin ilk illərində bolşeviklər kommunist ideologiyasına uyğun gəlməyən hər bir dəyəri hədəfə almışdılar. İnanclar, milli ənənələr, hətta sazın, muğamın səsi belə "keçmişin qalığı" damğasıyla susdurulurdu. Qəribədir, bu ideoloji vandalizmin kökü Sovet imperiyası ilə birgə torpağa gömülsə də, onun ruhu bir müddət sonra müstəqilliyin astanasında yenidən dirçəlməyə başladı. Özü də bu dəfə başqa sifətlə – “AXC-Müsavat hakimiyyəti” adı altında. Sovetin muzdlu tribunalarını xatırladan həmin siyasi qüvvələr, eyni bolşeviklər kimi, xalqın yaddaşına hücum çəkdi. Böyük Vətən müharibəsi qəhrəmanlarını belə gözdən salmağa çalışdılar. Onların yeganə hədəfi vardı – Heydər Əliyev. Çünki bilirdilər ki, xalq onun kimi bir dahini tanıyıbsa, yalançı tribunaları eşitmək istəməyəcək. Odur ki, onun adını Sovet və KQB ilə bağlamaqla, bu parlaq şəxsiyyəti kölgələməyə çalışdılar. Amma unudurdular ki, xalqın yaddaşında Heydər Əliyev hər zaman milli düşüncənin, milli şüurun təcəssümüdür.
1993-cü ilin iyununda Azərbaycan uçurumun bir addımlığında idi. Ölkə vətəndaş müharibəsinin kandarında, dövlətçilik amili isə demək olar ki, süqut həddində idi. Xaos, anarxiya, özbaşınalıq... Hakimiyyət kreslosunda oturanlar məsuliyyət yükünü daşımağa cəsarət etmədi, kürsülərini atıb qaçdılar. Belə bir məqamda xalqın pənah yeri Ümummilli Lider Heydər Əliyev oldu. O, Bakıya gəlməklə bir xalqın taleyini öz ciyinlərinə almaqla yanaşı, həm də həyatını təhlükəyə atmaqdan geri durmadı. Onun üçün əsas olan kreslo yox, dövlət idi, xalq idi, Azərbaycanın sabahı idi. Həbs riski, sui-qəsd təhlükəsi, heç biri onu yolundan döndərə bilmədi. Ulu öndər qətiyyətlə irəli çıxdı, xalqın səsinə səs verdi, millətin taleyini öz üzərinə götürdü. Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilən kimi dərhal cəsarətli qərarlar verdi. Onun uzaqgörənliyi və iradəsi nəticəsində ölkədəki siyasi gərginlik tədricən azaldı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Qarabağda davam edən müharibənin genişlənməsinin qarşısını aldı, yeni torpaq itkilərinin qarşısı alındı. Və o qaranlıq dönəmdə ordu daxilində baş qaldırmış, ölkəni parçalanmanın astanasına gətirən qiyamlar zamanı yüksək ustalıq və siyasi bilik nəticəsində Azərbaycanı bir daha növbəti xaosdan xilas etdi. Ümumiyyətlə, Heydər Əliyev sadəcə siyasi lider deyildi – bir məktəb idi. O, DTK sədri olanda da, Azərbaycanı SSRİ dövründə idarə edəndə də, Moskvada yüksək post tutanda da, həmişə azərbaycanlı kimi düşündü, azərbaycanlı kimi yaşadı. Onun varlığı, əslində, milli özünüdərkimizin başlanğıcı, müasir müstəqillik təfəkkürümüzün təməlidir.
Şübhə yoxdur ki, 30 ildən sonra, tarixin talehyüklü zamanlarını arxada qoyaraq bu gün müasir, suveren və müstəqil Azərbaycan vətəndaşları kimi məhz ulu öndər Heydər Əliyev idealını daim uca tuturuq. Tarixin sınaqlarından alnıaçıq çıxan Azərbaycan bu gün öz qüdrətinin ən parlaq dövrünü yaşayır. Bu yüksəlişin təməlində Heydər Əliyev idealı, onun məfkurəsi dayanır. O ideal ki, 2003-cü ildən etibarən Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə və böyük məsuliyyətlə davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə möhtəşəm dönüşlərə imza atdı. İqtisadiyyat dayanıqlı inkişaf yoluna çıxdı, ordu gücləndi, diplomatiyada nüfuzumuz artdı. Və nəhayət, tarix yazıldı – 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz Ali Baş Komandanı ilə birlikdə şanlı Qələbəyə imza atdı. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlar azad olundu, ərazi bütövlüyümüz təmin edildi, xalqımız qalib millətə çevrildi. Bu gün biz məhz Ulu Öndərin arzuladığı güclü, qalib, nüfuzlu Azərbaycanın gerçəkliyini yaşayırıq. Bu ideyalar Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və liderlik bacarığı ilə yeni dövrə, yeni zirvələrə doğru aparılır.
Azərbaycan artıq dünyada söz sahibi, güclü tərəfdaş, sabitlik adası kimi tanınır. Nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilən ölkəmizə gələn hər bir qonaq burada müşahidə etdiyi inkişafı heyranlıqla qeyd edir. Bu, sadəcə infrastrukturun deyil, milli iradənin, dövlətçilik təfəkkürünün, xalq-lider birliyinin inkişafıdır.
Bəli, müasir Azərbaycan – Heydər Əliyevin şah əsəridir. Və bu əsər, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhtəşəmləşir. Bugünkü uğurlarımız – sabahın daha parlaq zəfərlərinin bünövrəsidir.
Səbinə SALMANOVA,
Milli Məclisin deputatı