Yaxın Şərq regionunda davam edən gərginlik fonunda İran və ABŞ arasında son görüşlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. 2025-ci ilin aprel-may aylarında ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçinin rəhbərliyi ilə Oman və İtaliyada keçirilən növbəti danışıqlar silsiləsi dialoqun bərpası ehtimalı ilə bağlı ehtiyatlı nikbinlik yaradır. Bununla belə, hər iki tərəfin müzakirələrin “konstruktiv” xarakteri ilə bağlı bəyanatlarına baxmayaraq, köklü ziddiyyətlərin və qarşılıqlı inamsızlığın müşahidə edilməsi dayanıqlı nizamlanma barədə razılaşmanın əldə olunacağı ilə bağlı nikbin proqnoz verməyi çətinləşdirir.
Xatırladaq ki, 2025-ci il aprelin 12-də Omanda keçirilən yüksək səviyyəli birbaşa danışıqların birinci raundu əlamətdar hadisə kimi qiymətləndirildi. Bunun ardınca Maskat və Romada daha bir neçə raund, eləcə də nüvə sazişi üçün çərçivənin işlənib hazırlanmasına yönəlmiş ekspert qruplarının görüşləri keçirildi. Maraqlıdır ki, bu danışıqlar prezident Donald Trampın ali lider Əli Xamneyiyə yeni nüvə danışıqları təklifi ilə bağlı açıq məktubundan sonra başlandı.
Görüşlərdə əsas müzakirə mövzularının İranın ballistik raket proqramının, ABŞ-ın “maksimum təzyiq” siyasətinin, nüvə silahının yayılmaması məsələlərinin, İranın regional təsirinin və ölkədə insan haqlarının vəziyyətinin olduğu bildirilir. ABŞ-ın İranın nüvə infrastrukturunun tamamilə ləğv edilməsində və zənginləşdirilmiş uranın ölkədən çıxarılmasında israr etdiyi vurğulanır, İran isə nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığını bildirir və mülki ehtiyaclar üçün uranı zənginləşdirmək hüququnu şübhə altına almaqdan imtina edir.
Görüşlərin “konstruktivliyi” ilə bağlı müsbət bəyanatlara baxmayaraq, bir sıra amillər yaranan dialoqun kövrəkliyindən xəbər verir. Birincisi, İranın ali dini lideri Əli Xamneyinin danışıqlardan bir müddət əvvəl açıqladığı bəyanatlar anti-Amerika ritorikasını təkrarladı və Tehranın güzəştə getmək istəyilə bağlı müəyyən suallar doğurdu. İkincisi, ABŞ-ın əsas regional müttəfiqi və İranın nüvə proqramının barışmaz əleyhdarı olan İsrail “zəif” razılaşmanın mümkünlüyü ilə bağlı narahatlığını açıq şəkildə ifadə etdi və İranın nüvə imkanlarını tamamilə sıradan çıxarmağa çağırdı.
Bununla yanaşı, danışıqların kontekstini bir sıra digər regional və beynəlxalq amillər də mürəkkəbləşdirir. Yəməndə davam edən münaqişə, İsrail-Həmas qarşıdurması Tehran və Vaşinqton arasında münasibətlərdə əsas qıcıqlandırıcı faktorlar olaraq qalır. Buna görə də, siyasi analitiklər bu nöqtədə güclü razılaşmanın əldə edilməsi perspektivlərinə nikbin baxmırlar. Tramp administrasiyası, rəsmilərinin açıqlamalarına görə, təkcə nüvə proqramını deyil, həm də İran siyasətinin digər narahatlıq doğuran aspektlərini əhatə edəcək hərtərəfli razılaşma əldə etməyə çalışır. Bununla belə, İran nüvə məsələsini digər məsələlərlə əlaqələndirmək cəhdlərinə müqavimət göstərir və məhdud nüvə güzəştləri müqabilində sanksiyaların yüngülləşdirilməsində israr edir.
Sonda qeyd etmək lazımdır ki, İran və ABŞ arasında son görüşlər gərginlik və qarşılıqlı inamsızlıq dövründən sonra dialoqun bərpası üçün çox kövrək də olsa, mühüm fürsətdir. Danışıqların “konstruktiv” xarakteri ilə bağlı bəyanatlara baxmayaraq, tərəflərin mövqelərindəki dərin ziddiyyətlər, regional gərginlik və üçüncü ölkələrin təsiri dayanıqlı nizamlanmaya ciddi maneələr yaradır. Vəziyyətin gələcək inkişafı hər iki tərəfin praqmatik kompromis əldə etmək istəyindən və uzun müddətdir ki, qarşılıqlı düşmənçilik irsini dəf etmək bacarığından asılı olacaq. Beynəlxalq ictimaiyyət bu danışıqların regional və qlobal təhlükəsizliyə potensial təsirini dərk edərək, onları diqqətlə izləyir.
M.SƏBUHİ
XQ