Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
AZƏRTAC Azərbaycanla Macarıstan arasında mövcud olan əməkdaşlığın müxtəlif istiqamətlərini və son illərdə imzalanan mühüm sənədlərin bu əlaqələrə olan təsirini nəzərdən keçirir.
Azərbaycan ilə Macarıstan arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsi
1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Sənəd iki ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir.
Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir. Eyni zamanda, sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin əhəmiyyətini ön plana çəkir. Macarıstanın CQD-nin genişləndirilməsi və bu təşəbbüsə qoşulmaq niyyəti Azərbaycanın Avropanın enerji təminatında artan rolunu bir daha təsdiq edir.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Tərəflər arasında imzalanmış bu Bəyannamə, ümumilikdə, Azərbaycan-Macarıstan əlaqələrinin daha da strateji və institusional xarakter almasının göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, Azərbaycan ilə “xüsusi münasibətlər” nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.
İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.
Hər iki ölkənin parlamentlərarası əlaqələri də uğurla inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanda 2021-ci ildə rəsmi, 2023-cü ildə isə işgüzar səfərlərdə olub. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin qarşılıqlı səfərləri müntəzəm xarakter daşıyır. Beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edilir.
Yeni Azərbaycan Partiyası (YAP) ilə hakim Fides - Macarıstan Vətəndaş Birliyi Partiyası (sədri Baş nazir Viktor Orbandır) arasında səmərəli əməkdaşlıq mövcuddur. Ötən il YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda Fides - Macarıstan Vətəndaş Birliyi Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki çıxış edib.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir.
Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.
Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Baş nazir Viktor Orban, xarici işlər və ticarət naziri Peter Siyyarto dəfələrlə bəyan ediblər ki, Macarıstan həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövlətidir.
Enerji əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyi
Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.
Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi ölkələrimiz arasında enerji ötürülməsini və yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs, həmçinin Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək və Avropanın enerji təhlükəsizliyini daha da şaxələndirəcək. Bu layihələr, xüsusən Qara dənizdən keçəcək sualtı elektrik enerjisi xəttinin çəkilməsi Avropa ilə Azərbaycan arasında enerji daşımalarını artıracaq və bərpaolunan enerji resurslarının istifadəsini təşviq edəcək.
Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
İki ölkə arasında iqtisadi əməkdaşlıq və investisiyalar
Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür.
İki ölkə arasındakı iqtisadi əlaqələr, strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir. Bu artım Azərbaycanın Avropa bazarlarında daha çox yer tutmasının və Macarıstanla ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir.
Bundan başqa, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Bu, Macarıstanın Azərbaycanın iqtisadiyyatına olan marağını və hər iki ölkənin qarşılıqlı investisiya əlaqələrinin inkişafını göstərir. Azərbaycanlı investorlar isə Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr qoyurlar və bu da iqtisadi tərəfdaşlığı daha da gücləndirir.
Macarıstanın iqtisadiyyatına yönəldilən bu yatırımlar, sadəcə, maddi baxımdan deyil, həm də müxtəlif sahələrdə texnoloji inkişafın və yeniliklərin gətirilməsi baxımından vacibdir. Bu əməkdaşlıq yalnız iqtisadi artımı təmin etmir, eyni zamanda, ölkələr arasında strateji əlaqələrin dərinləşməsinə və qarşılıqlı fayda əsasında yeni layihələrin həyata keçirilməsinə imkan yaradır.
Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. “KÉSZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri iştirak edirlər.
Son illərdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı istiqamətində də böyük uğurlara imza atılıb. Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları illik əsasda keçirilir. Hər iki paytaxtda müntəzəm şəkildə birgə biznes-forumlar təşkil olunur. Birgə Komissiyanın növbəti 11-ci iclasının 2025-ci ilin iyun ayında Budapeştdə keçirilməsi nəzərdə tutulub.
Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “MOL” şirkətlər qrupu “Azəri-Çıraq-Günəşli” yatağında 9.57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8.9 faiz paya sahibdir. 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu” bu istiqamətdə növbəti uğurlar üçün zəmin yaradıb. 2023-cü il iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “MVM” şirkətlər qrupu arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. 2024-cü il iyunun 5-də “MVM” şirkətlər qrupu ilə “Şahdəniz” layihəsində pay alışı, sentyabrın 20-də isə “MOL” şirkətlər qrupu ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat, işlənmə və hasilatla bağlı sənədlər imzalanıb.
“Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və SOCAR arasında anlaşma memorandumu imzalanıb.
Macarıstan hökuməti “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında yaşıl enerji dəhlizinin yaradılmasına dəstək verir.
Sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2023-cü il iyulun 10-da “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi, iyulun 31-də isə “Scandens Pharmaceutical Industries Ltd” MMC ilə “Gedeon Richter” şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında Müqavilə imzalanıb. 2025-ci il aprelin 24-də “Azərkosmos” ilə “4iG Space and Defence Ltd.” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Həmçinin 2022-ci ilin yanvar ayında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Macarıstanın kənd təsərrüfatı nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilib.
Hərbi və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı maraq kəsb edir. 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Macarıstanın müdafiə nazirləri qarşılıqlı səfərləri həyata keçirilib. 2024-cü il sentyabrın 24-26-da Bakıda keçirilən “ADEX-2024” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində Macarıstan milli pavilyonla təmsil olunub.
2023-cü il üçün Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, Vesprem şəhərinin isə “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədar həmin il yanvarın 30-da “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin yaradılması və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il azərbaycanlı tələbələrə 200 təqaüd ayrılır. Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində macar tələbələrə də təhsil təqaüdləri ayrılır. Hazırda Macarıstanda 700-ə qədər azərbaycanlı tələbə təhsil alır.
2023-cü il oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hunqarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılışı olub.
Azərbaycan Dillər Universitetində Macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2025-ci il mayın 19-da Macarıstanın aparıcı ali məktəblərindən biri olan Eötvöş Lorand Universitetində (ELTE) Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb.
İki paytaxt arasında “Wizz Air” aviaşirkəti tərəfindən həyata keçirilən birbaşa müntəzəm uçuşlar turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verir.
TDT-də Azərbaycan Prezidentinin təşəbbüsü ilə qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi ənənəsi formalaşıb. 2024-cü ilin iyul ayında təşkil olunmuş ilk Şuşa qeyri-rəsmi zirvə görüşünün növbətisi bu il mayın 20-21-də Budapeşt şəhərində keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı gözlənilir.
Nəticə etibarilə, Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir. Bu proses, həmçinin bölgələrarası əlaqələrin güclənməsinə və beynəlxalq iqtisadi sistemdə daha böyük mövqe tutmalarına şərait yaradacaq.
Macarıstanın suverenliyin qorunması aktı və regional təhlükəsizlik
Macarıstanın 2023-cü ilin dekabrında qəbul etdiyi Suverenliyin Qorunması Aktı ölkənin siyasi proseslərinə xarici təsirlərin qarşısını almağı hədəfləyir. Qanun çərçivəsində yaradılmış Suverenliyin Müdafiəsi İdarəsi (SPO) xaricdən maliyyələşən fərdlər və təşkilatlarla bağlı araşdırmalar aparmaq, maliyyə məlumatları tələb etmək və zəruri hallarda bu qurumları ictimai şəkildə ifşa etmək səlahiyyətinə malikdir. Akt, həmçinin seçki dövründə siyasi partiyaların və namizədlərin müəyyən xarici ianələrin qəbul olunmasını qadağan edir və pozuntulara qarşı cinayət məsuliyyəti nəzərdə tutur. Bu qanun Macarıstan cəmiyyətində və beynəlxalq arenada qarışıq reaksiyalar doğurub – bəziləri bunu suverenliyin qorunması kimi qiymətləndirirsə, digərləri vətəndaş cəmiyyətinə təsirlərindən narahatlıq bildirirlər.
Bu Aktın tətbiqi Azərbaycan kontekstində maraqlı müqayisə imkanı yaradır. Hər iki ölkənin strateji tərəfdaşlığı fonunda Macarıstanın daxili hüquqi siyasətində suverenlik və milli təhlükəsizlik məsələlərinin aktuallığı, Azərbaycanın da xarici təsirlərdən müdafiə və daxili sabitliyin qorunması ilə bağlı bənzər yanaşmalar sərgilədiyini göstərir. Bu baxımdan, hər iki dövlətin milli maraqları əsasında hüquqi və siyasi müstəvidə oxşar mövqelər tutması onların siyasi əməkdaşlığını gücləndirən amillərdən biridir.
Əməkdaşlığın perspektivləri və ya gələcək imkanlar
Azərbaycanla Macarıstan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik, eyni zamanda, iqtisadi inkişaf baxımından mühüm perspektivlər təqdim edir. Eyni zamanda, Macarıstanın daxili siyasətindəki dəyişikliklər və Avropa İttifaqı ilə əlaqələr, gələcəkdə bu əməkdaşlığa əlavə imkanlar və bəzi çətinliklər gətirə bilər.
Ötən il fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı söylədiyi “...ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri yeni dövrdə xarici siyasətimizin Yol xəritəsi rolunu oynayır.
2024-cü il iyulun 6-da Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşünün də TDT çərçivəsində əməkdaşlığa ciddi təkan verdiyinə və təşkilatın funksionallığının keyfiyyətcə yeni müstəviyə yüksəltdiyinə yönəlmiş Qarabağ Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyət kəsb edir.
TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi və təşkilatın daha da funksionallaşdırılması istiqamətində Azərbaycan tərəfi Katibliyin gücləndirilməsi, kadr potensialının artırılması ilə bağlı konkret təkliflərlə çıxış edib.
Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb. Sözügedən vəsait həm təşkilatın işinə, həm də büdcənin artırılması məsələsinin nəzərdən keçirilməsi üçün digər üzvləri stimullaşdıracağına öz töhfəsini verəcək.
Əminliklə deyə bilərik ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır.