Badalyanın açıqlaması İrəvanın tarixi və hüquqi gerçəyi qəbul etmək istəmədiyindən qaynaqlanır
Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində XX əsrdə üç dəfə həyata keçirilmiş sistemli və total etnik təmizləmə nəticəsində tarixi yurd yerlərini tərk etməyə məcbur olmuş soydaşlarımızın qayıdışının Ermənistana ərazi iddiası demək olmadığına dair Bakıdan verilən yüksək səviyyəli bəyanatlara baxmayaraq, rəsmi İrəvan öz ampluasındadır. Mayın 21-də Ankarada keçirilən və region üçün mühüm siyasi mesajlar ehtiva edən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransa Ermənistan dövlətinin verdiyi reaksiya belə deməyə əsas verir.
Ölkənin xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyanın mayın 22-də dövlət informasiya agentliyi – “Armenpress”in “Dünən bir tədbirdə (?) Azərbaycan Prezidentinin müraciəti səsləndirildi və orada yenidən Qərbi Azərbaycan ifadəsi işlədildi. Buna necə cavab verirsiniz?” sualına cavabı bir daha bunun bariz göstəricisidir.
A.Badalyan baş nazir Nikol Paşinyanın bəyanatını sanki sözbəsöz təkrarlayaraq deyib: “Ermənistan Respublikasının ərazisində Qərbi Azərbaycan yoxdur, – Qərbi Azərbaycan Azərbaycan Respublikasının qərb rayonlarıdır. Xatırladım ki, erməni tərəfi bundan əvvəl də Azərbaycanın bu cür bəyanatlarına dəfələrlə reaksiya verib və belə bəyanatların Ermənistan Respublikasına qarşı ərazi iddiası kimi qiymətləndirildiyini vurğulayıb”.
Əvvəlcə, diqqəti A.Badalyanın açıqlamasında nəzərdən yayınmayan, əslində, çox şeyi izah edən bir detala yönəltmək istərdik. Bu da mətbuat katibinin açıqlamasında “Qərbi” sözünün kiçik hərflə, eyni zamanda, Qərbi Azərbaycan toponiminin dırnaq işarəsi daxilində yazılmasıdır. Bu, qətiyyən “Armenpress”in redaktə məsuliyyətinin pozulması deyil. Əksinə, tam şüurlu şəkildə həyata keçirilmiş manipulyasiyadır. Ermənistan tərəfi bununla Qərbi Azərbaycan toponimini qeyri-real, guya, süni və yalnız Azərbaycanın, belə deyək, fantaziya dünyasına məxsus bir anlayış kimi təqdim etməyə çalışır. Yəni bu torpağın coğrafi, tarixi və siyasi reallıq kimi qəbul olunmadığını dırnaq işarəsi içində ifadə edir.
Digər tərəfdən, “Qərbi” sözünün kiçik hərflə yazılması da ideoloji niyyəti açıq şəkildə göstərir. Beynəlxalq qaydalarda, eləcə də Azərbaycan dilinin orfoqrafiyasında toponimlərin, yəni coğrafi adların ilk hərfi böyük yazılır. “Qərbi Azərbaycan” ifadəsi də bir coğrafi-siyasi məfhumdur. Onun kiçik hərflə yazılması bu toponimi adi bir məkan kimi göstərmək, onun rəsmi və hüquqi məna daşımasını arxa plana atmaq cəhdidir. Əslində, burada söhbət sadəcə bir sözün necə yazılmasından getmir. Bu, Ermənistan diplomatiyasının apardığı sistemli siyasətin bir parçasıdır. Məqsəd Azərbaycan ictimai rəyində və beynəlxalq aləmdə Qərbi Azərbaycan anlayışının legitimliyinə kölgə salmaq, onu, necə deyərlər, həyata keçməyəcək iddia səviyyəsində saxlamaqdır. Halbuki bu toponim və onun daşıdığı məna təkcə Azərbaycanın yox, həm də deportasiyaya məruz qalmış yüz minlərlə azərbaycanlının taleyi, yaddaşı və hüquqları ilə birbaşa bağlıdır.
***
Badalyanın açıqlamasının digər hissəsinə, yəni, guya, Ermənistan ərazisində Qərbi Azərbaycanın mövcud olmadığı və Qərbi Azərbaycanın Azərbaycan Respublikasının qərb rayonları olması fikrinə gəldikdə isə bu, bir tərəfdən terminoloji çaşdırmaya, digər tərəfdən isə siyasi mahiyyətin təhrifinə xidmət edir. Halbuki Qərbi Azərbaycan ayrıca tarixi-coğrafi və hüquqi anlam daşıyan məfhumdur. Bu, hamıya, o cümlədən Ermənistan rəhbərliyinə və A.Badalyana da məlumdur. Amma xanım mətbuat katibinin “Qərbi Azərbaycan Azərbaycanın qərb rayonlarıdır” kimi təqdimatı, əslində, həm tarixi saxtalaşdırmaq, həm də hüquqi məsuliyyətdən yayınmaq cəhdidir.
Qərbi Azərbaycan termini, coğrafi olaraq indiki Ermənistan Respublikasının ərazisini, yəni Zəngəzur, Zəngibasar, Göyçə, Dərələyəz, Ağbaba, Qarakilsə, Şörəyel, Vedibasar, Loru, Sərdarabad, Pəmbək və digər mahalları, eləcə də İrəvan şəhərini əhatə edən və əsasən azərbaycanlı əhalinin yaşadığı tarixi məkanlara aiddir. Bu ərazilər birinci (1804–1813) və ikinci (1826–1828) rus-İran müharibələri zamanı çar Rusiyası tərəfindən ilhaq edilib. İrəvan xanlığı, Naxçıvan xanlığı kimi tarixi inzibati vahidlər bu ərazidə mövcud olub və onların əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Toponim kimi Qərbi Azərbaycan ifadəsi isə XX əsrin ikinci yarısından etibarən formalaşıb və bu bölgələrdən deportasiya olunmuş azərbaycanlıların yaddaşında, milli kimliyində qeyri-rəsmi şəkildə istifadə olunub. Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafi istiqamət deyil, konkret tarixi məkan və mənəvi vətəndir.
Badalyanın, əslində, rəsmi İrəvanın iddia etdiyi Azərbaycanın qərb rayonları ifadəsi tamamilə yanlış və çaşdırıcıdır. Çünki Azərbaycan Respublikasının qərb rayonları dedikdə Qazax–Tovuz və Gəncə–Daşkəsən iqtisadi rayonlarına, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan inzibati ərazi vahidləri nəzərdə tutulur. Halbuki Qərbi Azərbaycan anlayışı coğrafi baxımdan bu sərhədlərin kənarında, yəni hazırda Ermənistan Respublikasının ərazisi olan torpaqları əhatə edir. Bu fərqin gizlədilməsi və manipulyativ şəkildə Qərbi Azərbaycanın Azərbaycan Respublikasının indiki qərb rayonları kimi təqdim olunması, əslində, ölkəmizin üzərinə ərazi iddiası ittihamını yönəltməyə xidmət edir. İrəvan dünya ictimaiyyətində “Azərbaycan Ermənistan ərazisinə iddia edir” təsəvvürünü yaratmağa çalışır. Amma reallıq budur ki, Azərbaycan, sadəcə olaraq, etnik təmizləməyə məruz qalmış öz vətəndaşlarının qayıdış hüququnu gündəmə gətirir və bu ərazilər Azərbaycan Respublikasının inzibati vahidlərinə yox, tarixi yaddaşına aiddir.
***
Məhz Ermənistan tərəfinin bu cür manipulyativ yanaşmasına bələd olduğumuz üçün Prezident İlham Əliyevin Ankarada keçirilmiş beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətdə bildirilib: “Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”.
Ümumiyyətlə, bu müraciətin hər cümləsi həm hüquqi, həm də diplomatik planda diqqətlə seçilib. Prezident İlham Əliyevin bu fikri, əslində, Qərbi Azərbaycan məsələsinə dair ölkəmizin rəsmi və prinsipial mövqeyini çox aydın və diplomatik dildə ortaya qoyur. Bu müraciət həm beynəlxalq ictimaiyyətə, həm də xüsusilə Ermənistan tərəfinin manipulyativ mövqeyinə ünvanlanmış açıq və prinsipial cavabdır. Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Qərbi Azərbaycan məsələsinin mahiyyətinə dair hər hansı qeyri-müəyyənliyə və ya şübhəyə yer qoymur. Cənab İlham Əliyev Ermənistan tərəfinin əsas “təbliğat silahı”nı bu cümlə ilə təkzib edərək bildirir ki, məsələ torpaq iddiası deyil, deportasiya edilmiş əhalinin doğma yurdlarına qayıtmaq hüququndan ibarətdir. Bu hüquq beynəlxalq konvensiyalarla qorunur və hər hansı ərazi dəyişməsini nəzərdə tutmur. Bu, həm də beynəlxalq ictimaiyyətin narahat olacağı məqamları öncədən neytrallaşdırmaq üçün atılmış addımdır. Azərbaycan açıq şəkildə deyir ki, biz sərhəd çəkmirik, biz qovulmuş insanların haqqını tələb edirik.
Prezident burada təkcə Ermənistan hökumətinə yox, eyni zamanda, beynəlxalq mediaya və siyasi dairələrə çağırış edir. Yəni, Ermənistanın bu məsələni “ərazi iddiası” kimi təqdim etməsi təbliğat xarakteri daşıyır və bununla beynəlxalq aləmi çaşdırmaq niyyəti güdülür. Əslində, bu manipulyativ yanaşmanın ifşası, Azərbaycanın informasiya müharibəsində üstün mövqe tutduğunu və nəhayət, haqlı mövqeyini hüquqi əsaslarla təqdim edə bildiyini göstərir.
Müracətdə əksini tapan bu məsələnin Azərbaycanın gündəliyindən çıxmayacağı fikri isə siyasi iradənin və ardıcıllığın ifadəsidir. Bu, Azərbaycanın Qərbi Azərbaycana qayıdış məsələsini uzunmüddətli siyasi strategiya ilə gündəmdə saxlayacağının birmənalı mesajıdır. Bu, həm də Ermənistana və onu dəstəkləyən dairələrə ünvanlanmış xəbərdarlıqdır: bu məsələni gündəmdən çıxarmaq mümkün olmayacaq, Azərbaycan öz hüquqi və tarixi haqqını heç vaxt unutmur və unutmayacaq.
Onu da bildirək ki, Ankarada keçirilmiş beynəlxalq konfransın əsas təşkilatçısı olan Qərbi Azərbaycan İcması Ermənistan xarici işlər nazirliyinin verdiyi bəyanatı qınayıb. Bu barədə icmanın yaydığı bəyanatda bildirilib: “Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir. İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək”.
Ramiyə MƏMMƏDOVA,
politoloq
– Qərbi Azərbaycana qayıdış məsələsinin son illər Azərbaycanın əsas prioritetlərdən birinə çevrilməsi, təbii ki, Ermənistanda narahatlıqla qarşılanmaya bilməzdi. Xüsusilə, bu mövzuda beynəlxalq konfranslar keçiriləndə İrəvanın da bu reallığı inkar etməyə yönəlmiş reaksiyalarının intensivləşməsi müşahidə edilir. Bu baxımdan, mayın 21-də Ankarada keçirilən beynəlxalq konfrans və Prezident İlham Əliyevin tədbirə ünvanladığı prinsipial və ardıcıl mövqeyə əsaslanan müraciəti məsələyə daha ciddi siyasi və hüquqi çərçivə qazandırdı.
Ümumiyyətlə, Qərbi Azərbaycana qayıdış təkcə azərbaycanlıların milli hüquqları kontekstində deyil, həm də beynəlxalq hüquq və tarixi ədalət baxımından çox mühümdür. Həm konfransın özü, həm də cənab İlham Əliyevin müraciəti beynəlxalq ictimaiyyətə və birbaşa Ermənistana siqnaldır. Onu da qeyd etmək lazımdır ki, Ankarada belə bir tədbirin keçirilməsi Türkiyənin bu məsələyə açıq dəstəyinin göstəricisidir. Konfransın beynəlxalq statusu problemin lokal deyil, beynəlxalq əhəmiyyət daşıdığını nümayiş etdirir.
Ermənistan xarici siyasət idarəsi sözçüsünün reaksiyası isə onu göstərir ki, İrəvan bu məsələdə reallıqdan açıq şəkildə qaçmağa çalışır. İrəvandan verilən bəyanatlar daha beynəlxalq ictimai rəydə əks-səda doğurmur. Azərbaycan cəmiyyətində, dövlətində və xaricdəki diasporunda Qərbi Azərbaycan məsələsi milli həmrəylik və konsensus mövzusudur. Ermənistan bu reallıqla barışmalıdır. Çünki bizim mövqeyimiz beynəlxalq hüquqa, tarixi faktlara və insan hüquqlarına söykənir.
Səxavət HƏMİD
XQ