Financial Times yazır ki, Avropanın hərbi-sənaye kompleksi (MİK) müəssisələri istehsalı əvvəllər görünməmiş sürətlə artırır. Ukraynada müharibə başlayandan bəri bu müəssisələrin ümumi sahəsi 7 milyon kvadratmetr böyüyüb. Potensialın genişlənmə tempi isə əvvəlki dövrlərlə müqayisədə üç dəfə artıb.
Qəzetin 1000-dən çox peyk görüntüsünü təhlili göstərib ki, obyektlərin təxminən üçdə birində davam edən tikinti işləri müşahidə olunur. Əgər 2021-ci ildə 0,79 kvadratkilometr sahədə iş aparılırdısa, 2024-cü ilin yazında bu göstərici 3,02 kvadratkilometrə çatıb. Bu ilin yazında isə 2,8 kvadratkilometrlik ərazidə yeni istehsal sahələri tikilib.
Ümumilikdə, FT 37 şirkətə məxsus 150-dən çox sənaye obyektini araşdırıb. Son üç ilin ən iri layihələrindən biri Almaniyanın Rheinmetall şirkəti ilə Macarıstanın qərbində yerləşən “7 saylı Dövlət Müdafiə Holdinqi”nin ortaq istehsal kompleksi olub. Burada çoxsaylı emalatxanalar, giriş yolları inşa edilib, KF41 Lynx piyada döyüş maşını üçün 30 mm-lik döyüş sursatı istehsalına başlanıb. Gələcəkdə Leopard 2 və Panther tankları üçün müxtəlif növ sursatların istehsalı, eləcə də partlayıcı maddələr zavodunun qurulması planlaşdırılır.
Nəşr bu prosesi Avropanın “tarixi silahlanma dönüşü” kimi qiymətləndirir. Təhlil edilən obyektlərdən 88-i Avropa İttifaqının “Sursata Dəstək Proqramı” (ASAP) çərçivəsində maliyyələşdirilir. Bu proqram sursat və raket istehsalını artırmaq üçün 500 milyon avro vəsait ayırır.
S.ELAY
XQ