Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun son 1 ildə fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mərasimi AHİK sədrinin müşaviri Abbas Əliyev açaraq bildirdi ki, bugünkü hesabatda konfederasiyanın gördüyü işlər, icra edilən layihələr barədə ictimaiyyətə məlumat veriləcəkr.
Toplantının moderatoru Elvin Dəmirli əvvəlcə AHİK-in son bir ildə fəaliyyətini əks etdirən video sujeti iştirakçılara təqdim etdi.
Bildirildi ki, AHİK 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da daxil olmaqla 22 sahə həmkarlar ittifaqını özündə birləşdirən müstəqil ictimai təşkilatdır. Konfederasiyanın tərkibində 11 min 613 həmkarlar ittifaqı təşkilatı var. Üzvlərinin sayı 1 milyon 34 min 701 nəfərdir.
Qeyd olundu ki, konfederasiyanın əsas missiyası üzvlərinin əmək və sosial hüquqlarının qorunması, qanuni mənafelərini müdafiəsi, sosial rifahının yüksəldilməsi və sıralarının genişləndirilməsidir. Qarşıdakı hədəflərə çatmaq üçün AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq olunub. Hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 layihəni əhatə edən Tədbirlər Planı icra olunur.
Hesabatda AHİK-in şəhid ailələri, qazilər, inmkansız ailələrə qayğısı istiqamətində görülən işlər, beynəlxalq əlqələrdə qazanılan uğurlar, idman təşkilatlarının fəaliyyəti, Əmək və Sosial Münasibətlər Akademiyasında aparılan islahatlar və sair haqqında qısa məlumat verildi.
Sonra AHİK sədrinin müşaviri Elkiyar Ziyadov bildirdi ki, Azərbaycanda ilk dəfə olaraq həmkarlar ittifaqları üzvlərinin elektron siyahısı hazırlanıb. İndiyədək 950 mindən çox şəxsin məlumatı toplanıb. Konfederasiyada sənəd dövriyyəsinin elektronlaşdırılması başa çatıb. Natiq Azərbaycanda istirahət məqsədilə verilən yollayışların ümumi dəyərinin 15 faizini müraciət edən, 85 faizini isə həmkarlar ittifaqları ödədiyini bildirdi.
Qeyd edildi ki, əgər müalicə üçün yollayış alan həyat yoldaşı ilə getmək istəyirsə, həmin şəxs AHİK-ə üzvdürsə, əmək pensiyaçısıdırsa, sosial sığorta ödəyicisidirsə, o da 15 faiz ödəyir. Əks təqdirdə həmin şəxsin həyat yoldaşı yollayışın 50 faizini ödəyir, qalanını isə AHİK qarşılayır. İstirahətə gedən həmkarlar ittifaqı üzvü isə özü ilə ailə üzvlərini, 23 yaşadək uşaqlarını apara bilər. Əgər övladlarının yaşı 18-dən yuxarıdırsa, tələbədirsə mütləq həmin məlumat elektron sistemə daxil edilməlidir. Əks təqdirdə müraciətlərə imtina göndərilir. Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə “e-ahik” Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.
E.Ziyadov vurğuladı ki, bu ilin sonunadək AHİK yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması, hər kəsə bərabər şəraitin yaradılması məqsədilə “Skorinq” sistemi qurmağı planlaşdırır. Bu sistemlə vətəndaşlar bal sisteminə əsasən seçiləcəklər.
Bundan başqa, Həmkarlar İttifaqları Konfederasiyası yaxın vaxtlarda AHİK+ layihəsini həyata keçirəcək. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri və yeni üzvlüyə qoşulanlar üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.
Sonra çıxış edənlər AHİK-in beynəlxalq əlaqələri, idman təşkilatları, akademiya təhsilindəki yeniliklər, üçtərəfli sazişin detalları və digər sahələrə aid yeniliklərdən bəhs etdilər.
Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev abituriyentləri rəhbərlik etdiyi qurumda təhsillərini davam etdirməyə çağırdı. Onun sözlərinə görə, akademiyada aparılan islahatlar, yaradılan şərait burada təhsil alanların işlə təmin olunması, onların gələcək fəaliyyətlərində müsbət təsir göstərəcək. Qeyd olundu ki, son 1 ildə AHİK-də aparılan islahatları ölkə ictimaiyyəti razılıqla qarşılayır.
Sonda AHİK rəsmiləri jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Qabil YUSİFOĞLU
XQ