Yuxarı Ağcakənddə səyyar qəbul: Sakinlər dinlənildi, məsələlər yerində araşdırıldı

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən vətəndaş yönümlü idarəetmə modeli yerli icra strukturlarının fəaliyyətində də öz əksini tapmaqdadır. Əhalinin müraciətlərinin yerində və operativ şəkildə həllinə nail olmaq, onların qayğı və ehtiyaclarını birbaşa dinləmək məqsədilə Goranboy rayonunda növbəti səyyar qəbul Yuxarı Ağcakənd qəsəbəsində keçirilib.

Qəbul Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi, eləcə də rayonun hüquq-mühafizə orqanları, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəalın iştirakı ilə keçirilib.

Səyyar qəbul çərçivəsində qəsəbə sakinləri öz müraciətlərini, sosial və məişət yönümlü problemlərini, infrastrukturla bağlı təkliflərini birbaşa rayon rəhbərliyinə çatdırmaq imkanı əldə ediblər. İcra başçısı hər bir vətəndaşın müraciətinə fərdi yanaşaraq məsələlərin yerində dinlənilməsini və operativ həll yollarının tapılmasını təmin edib.

Müraciətlərin bir qismi elə qəbul zamanı həll olunub, daha geniş araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə yerində konkret tapşırıqlar verilib.

Səyyar qəbul həmçinin icra strukturları ilə vətəndaşlar arasında birbaşa, şəffaf və canlı ünsiyyət platforması kimi çıxış edir. Bu görüşlər vasitəsilə rayon rəhbərliyi yalnız problemləri deyil, sakinlərin gözləntilərini, təşəbbüslərini və təkliflərini də öyrənmək imkanı qazanır. Bu yanaşma bir daha göstərir ki, vətəndaş məmnunluğunun təmin olunması – sadəcə inzibati öhdəlik deyil, həm də dövlət siyasətinin əsas prioritet istiqamətidir.

Yuxarı Ağcakənd qəsəbəsində keçirilən bu səyyar qəbul bir daha sübut etdi ki, dövlət-vətəndaş münasibətləri güclənməkdə, idarəetmədə iştirakçılıq prinsipi genişlənməkdədir. Əhalinin ehtiyac və problemlərinin birbaşa yerində öyrənilməsi, onların dinlənməsi və tez bir zamanda həllinə yönəlmiş yanaşma, Azərbaycanda tətbiq olunan müasir, humanist və effektiv idarəçilik modelinin bariz nümunəsidir.

Hamlet Qasımov, XQ-nin bölgə müxbiri, Goranboy.















Sosial həyat