Tarixi dönüş mərhələlərində məhz siyasi liderlik dövlətin taleyini müəyyən edən əsas amilə, dövlətçiliyi qoruyub saxlamağa, institutları bərpa etməyə və cəmiyyəti səərbər etməyə qadir olan güclü və uzaqgörən şəxsiyyət Əsrin simvoluna və milli inkişaın təməl sütununa çevrilir. Bu baxımdan, Mayın 10-u görkəmli Azərbaycan dövlət xadimi, Kiyev şəhərinin Fəxri vətəndaşı Heydər Əliyevin doğum günü münasibətilə onun rəhbərliyinin Ukrayna hetmanları ilə tarixi paralellər kontekstində təhlilinə həsr olunmuş elmi-publisistik məqaləmizlə biz dünya miqyaslı görkəmli siyasətçi və dövlət xadimi olan Ulu öndərimizi də xatırlayırıq. Onun həyat yolu, bəşər tarixində milli dövlətlərin qurucuları ilə müqayisəyə layiq bir irsdir. Onun liderliyi – siyasi elitalar üün nümunə və bir daha sübutdur ki, dövlət ağıl, ləyaqət və ədakarlıqla qurulur.
1990-cı illərin mürəkkəb və böhranlı dönəmində Azərbaycanı dağılmaqdan xilas etmiş, müasir milli kimlik konsepsiyasını irəli sürmüş və çoxetnik mühitdə sabit dövlətin əsaslarını yaratmış ümummilli lider – Heydər Əliyevin şəxsiyyəti xüsusi diqqətə layiqdir.
Ukrayna tarixində isə buna bənzər rol əvvəlki əsrlərdə hetmanlar – ilk növbədə Boqdan Xmelnitski, İvan Vyhovski, İvan Mazepa və Kiril Razumovski tərəfindən ifa olunmuşdur. Onlar mürəkkəb geosiyasi şəraitdə Ukraynanın muxtariyyəti və ya müstəqilliyi uğrunda mübarizə aparan dövlət xadimləri olmuşlar. Həmin liderlərin fəaliyyəti hərbi, diplomatik və islahatçı təşəbbüslərin birliyinə əsaslanaraq KazakUkrayna dövlətinin birliyinin qorunması, dövlət institutlarının inkişafı və ukraynalı əhalinin hüquqlarının müdafiəsi məqsədi daşıyırdı. Ukrayna hetmanlarının PolşaLitva Birliyi, Moskva dövləti və Osmanlı imperiyası kimi güclü qonşulardan gələn təhdidlərə qarşı fəaliyyət göstərdiyi kimi, Heydər Əliyev də separatizmin, xarici müdaxilənin və daxili qeyri-sabitliyin təsirini neytrallaşdırmaq gücündə olan milli siyasət formalaşdıra bilmişdir. Onun strateji düşüncə tərzi, suverenliyə yönlük fəaliyyəti, etniklərarası harmoniya və modernləşmə siyasəti, Ukrayna dövlətçiliyi tarixindəki hetmanlıq ənənəsi ilə tipoloji bağlılığı ortaya qoyur.
Dövlət qurucusu, islahatçı, xalqla birbaşa əlaqə qura bilən lider və milli ideoloji əsasların memarı olan rəhbər tipi, həm Ukrayna hetmanlarına, həm də Heydər Əliyevə xas olan ortaq xüsusiyyətdir. Bu tipologiyanın təhlili, müxtəlif tarixi kontekstlər arasında paralelləri üzə çıxarır və milli liderliyin effektiv formalaşma mexanizmlərini daha dərindən anlamağa imkan verir.
Milli ideya dövlət rəhbərliyinin təməli kimi
Siyasi fəlsəfədə milli ideya, xalqın birliyi, məqsədi və gələcəyi haqqında təsəvvürləri formalaşdıran kollektiv kimliyin əsas elementi kimi dəyərləndirilir. Bu ideya süni şəkildə yaradılmır, əksinə – tarixi yaddaşdan, ənənələrdən və millətin keçmiş təcrübəsindən qaynaqlanaraq, xüsusilə də böhran dövrlərində üzə çıxır. Bu baxımdan, həm Ukrayna hetmanları, həm də Heydər Əliyev dərin milli ideyanın daşıyıcısı və həyata keçiricisi kimi çıxış etmişlər. XVII–XVIII əsr Ukrayna hetmanları üçün milli ideya, kazak dövlətinin muxtariyyəti uğrunda mübarizə, pravoslav inancının, ənənəvi ictimai quruluşun və kazak hüquqlarının qorunması forması almışdır. Boqdan Xmelnitski əvvəlcə Krım xanlığı, sonra isə Moskva dövləti ilə ittifaq bağlamaqla Ukraynanın geosiyasi balanslı mühitdə siyasi subyektivliyini təmin etməyə çalışmışdır. İvan Mazepa isə XVIII əsrdə siyasi kursu dəyişdirmək və Moskvadan İsveçin dəstəyinə yönəlmək cəhdi ilə milli özünü idarə ehtiyacını dərk etdiyini nümayiş etdirmişdir. Bu liderlər üçün milli ideya ilk növbədə dövlətçilik anlayışı ilə bağlı idi öz torpaqlarında hüquqi və sosial Ukrayna modelinin qorunması ilə.
Heydər Əliyev isə bu məntiqi XX əsrin sonlarında, postsovet siyasi qeyri-sabitliyi şəraitində tətbiq etmişdir. 1990-cı illərdə Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə qaldıqda, o, vəziyyəti sabitləşdirməklə yanaşı, milli birliyin ideoloji əsasını – azərbaycançılıq ideyasını formalaşdırdı. Bu konsepsiya etnik ayrı-seçkilik üzərində deyil, ümumi tarix, dil, mədəniyyət və məqsəd – müstəqil, güclü dövlət qurmaq ideyası üzərində qurulmuşdu.
Uğurlu dövlət rəhbərliyi, cəmiyyəti ortaq dəyərlər və gələcək baxışı ətrafında birləşdirən ideoloji təməlsiz mümkün deyil. Milli ideya – xalqın siyasi şüurunun tarixi inkişafının nəticəsidir və bu ideya konkret fəaliyyət proqramlarında, simvolikada və siyasi praktikalarda ifadə olunur. Belə bir ideyanı formalaşdırmaq və reallaşdırmaq bacarığı – dövlət səviyyəsində liderliyin əsas göstəricilərindən biridir.
Sınaq dövründə lider
Postsovet dövrünün başlanğıcında Azərbaycan Respublikası dərin siyasi xaos, iqtisadi dağılma və ərazi bütövlüyünün itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Bu kritik məqamda xalq və siyasi elita nəzərlərini böyük idarəçilik təcrübəsinə malik, həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək nüfuza sahib bir şəxsiyyətə – Heydər Əliyevə yönəltdi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın yeni tarixi mərhələsinin başlanğıcı oldu: Heydər Əliyev yalnız daxili sabitliyi təmin etmədi, eyni zamanda gələcəyin konseptual əsaslarını formalaşdıraraq “azərbaycançılıq” ideyası üzərində qurulan milli ideoloji platformanı irəli sürdü. Bu milli platforma aşağıdakı üç əsas komponentə əsaslanırdı: 1) Etnik, dini və mədəni müxtəlifliyə hörmət – vahid siyasi məkan daxilində; 2) Dövlət müstəqilliyi və suverenliyin şərtsiz ali dəyər kimi tanınması; 3) Ənənəvi dəyərlərin müasir qlobal inkişaf modelləri ilə inteqrasiyası – siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində.
Bənzər ideyalar XVII–XVIII əsrlərdə Ukraynanın siyasi həyatında da müşahidə edilirdi. Belə ki, Boqdan Xmelnitski 1648–1657-ci illərdə yalnız Polşa hakimiyyətindən azadlıq uğrunda mübarizə aparmamış, eyni zamanda, öz ordusu, administrasiyası və diplomatik orqanları olan muxtar kazak dövləti qurmağa çalışmışdı. Hetman İvan Mazepa isə dövlətin modernləşdirilməsi üçün Avropa yönümlü kursa üstünlük verir, təhsil, mədəniyyət və kilsə muxtariyyətinin inkişafına diqqət yetirirdi. Poltava döyüşündəki məğlubiyyətə baxmayaraq, onun müstəqil Ukrayna ideyası milli siyasi ənənədə dövlət müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrildi. Həm Ukrayna hetmanlarının, həm də Heydər Əliyevin fəaliyyəti sübut edir ki, milli ideya nə etnik, nə də dini çərçivələrlə məhdudlaşır. Əksinə, onun əsas funksiyası müxtəlif mənşəli və kimlikli vətəndaşları vahid dövlətçilik şüuru ətrafında birləşdirməkdir. Bu, çoxmillətli cəmiyyətlərdə sabitliyin açarıdır.
Heydər Əliyev “azərbaycançılıq” konsepsiyasını dünyəvi görüş və praktiki idarəçilik paradiqması kimi həyata keçirdi. O, etnik azərbaycanlı kimliyini digər kimliklərə qarşı qoymadı, əksinə, onu açıq, inklüziv və konstitusion şəkildə tanınmış dövlət ideologiyasına çevirdi. Bu da yeni dövlət ideyasının ictimai legitimliyini və siyasi birliyini təmin etdi. Bu ideya yalnız tarixi yaddaşa əsaslanmırdı, həm də müasir çağırışlara cavab verdiyi üçün effektiv və davamlı idi.
Bənzər şəkildə, XVIII əsrdə hetman Kirilo Razumovski də Rusiya imperiyasının mərkəzləşdirici təzyiqləri qarşısında Ukrayna muxtariyyətini qorumaq məqsədilə idarəetmə, təhsil və mədəniyyət sahələrində modernləşməyə çalışırdı. Böyük dövlət liderinin ən önəmli tipoloji xüsusiyyətlərindən biri onun ən dərin böhran şəraitində effektiv qərarlar qəbul edə və onları həyata keçirə bilmə qabiliyyətidir – istər hərbi, istər siyasi, istərsə də sosial-mənəvi böhran şəraitində.
1993-cü ildə Azərbaycan dövlət olaraq dağılma təhlükəsi ilə üz-üzə idi. Siyasi qeyri-sabitlik, Ermənistan tərəfindən hərbi təcavüz, dövlət idarəçiliyinin zəifliyi və səmərəsizliyi fonunda iqtisadiyyatda sərt tənəzzül yaşanır, dövlət institutlarına etimad kəskin şəkildə azalır, separatizm meylləri güclənirdi. Qərar vermə mexanizmləri iflic vəziyyətdə idi, ordu dağınıq, hakimiyyət isə ərazilərin bir hissəsinə nəzarəti itirmişdi.
Məhz bu kritik məqamda xalqın və siyasi rəhbərliyin çağırışı ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı: mərkəzləşdirilmiş idarəçilik yox idi, ərazi itkiləri real təhlükəyə çevrilmişdi və hakimiyyətə etimad kritik səviyyədə idi. Heydər Əliyev siyasi elitanı birləşdirdi, xaosa son qoydu, konstitusiya qaydasını bərpa etdi və güclü, müstəqil, beynəlxalq səviyyədə tanınan bir dövlətin qurulmasına start verdi. Əvvəlcə Milli Məclisin sədri, daha sonra Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin tarixində dönüş nöqtəsi oldu.
Prezidentliyinin ilk günlərində o belə bəyan etdi: “Azərbaycan xalqı öz tarixinin ən çətin, faciəli dövrünü yaşayır. Mən üzərimə düşən məsuliyyətin miqyasını dərindən dərk edirəm və xalqın yüksək etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.”
Heydər Əliyev dərhal sabitləşdirmə tədbirlərinə başladı: münaqişəli bölgələrin demilitarizasiyası, dövlət idarəçiliyinin vertikal strukturunun bərpası, milli ordunun formalaşdırılması, xarici siyasətin regional güc mərkəzləri arasında balans əsasında yenidən qurulması həyata keçirildi. Nəticədə milli suverenlik prinsipi 1995-ci il Konstitusiyasında hüquqi baxımdan rəsmiləşdirildi.
Tarixi paralellər: Heydər Əliyev və Ukrayna hetmanları
Ukrayna tarixi bənzər tarixi presedentlərlə zəngindir. XVII əsrin ortalarında Boqdan Xmelnitski, Polşa–Litva Birliyinə qarşı azadlıq mübarizəsinə rəhbərlik edərək, əslində yeni bir dövlət modelinin – Zaporojye Kazak Ordusunun əsaslarını qoydu. 1648-ci ildə, uzunmüddətli sosial və dini təzyiqlərdən sonra, xalq muxtar idarəçilik ideyası ətrafında birləşdi və məhz hetman silahlı üsyanı dövlət layihəsinə çevirməyə nail oldu. Bənzər şəkildə, İvan Mazepa XVII–XVIII əsrlərin qovşağında Moskva dövlətinin güclənən mərkəzləşmə siyasəti fonunda muxtariyyətini qorumağa çalışırdı. İsveçlə ittifaqa yönəlmiş geosiyasi kursun dəyişdirilməsi təkcə siyasi cəsarət deyil, həm də dövlət müstəqilliyini qorumağa yönəlmiş düşünülmüş bir addım idi. Siyasi məğlubiyyətə baxmayaraq, Mazepa tarixdə strateji təfəkkürə malik lider kimi qaldı – millətin gələcəyi naminə riskə getməyə hazır bir dövlət adamı kimi.
Heydər Əliyev isə, Ukrayna hetmanlarından fərqli olaraq, yenicə müstəqillik qazanmış bir dövlətlə üz-üzə idi. Onun tarixi missiyası, Azərbaycanı xaosdan çıxarıb müasir dövlətçiliyin təməlini qoymaqdan ibarət idi. Bu məqsədə o, radikal qarşıdurma ilə deyil, mərhələli şəkildə etimadın, qanunçuluğun və hakimiyyətin legitimliyinin bərpası yolu ilə nail oldu. O, inqilabçı yox, islahatçı idi və inqilabi üsulların fəlakətə səbəb ola biləcəyi bir şəraitdə sülh və sabitlik siyasəti ilə zorakılığın qarşısını aldı, iqtisadi dirçəlişə təkan verdi, xarici investisiyaları cəlb etdi və ən əsası – ölkənin ərazi bütövlüyünü qorudu. Əliyevin liderlik qabiliyyəti onun qətiyyətli qərarlar qəbul etməsi və onların məsuliyyətini daşıması, dövlət maraqlarını həm daxili siyasətdə, həm də beynəlxalq diplomatiyada ardıcıl müdafiə etməsi ilə ifadə olunurdu.
Xmelnitski, 1648-ci ildə başlanan xalq üsyanının başçısı olaraq, bu hərəkatı tezliklə azadlıq müharibəsinə və müstəqil kazak dövlətinin qurulması prosesinə çevirdi. O, dövlət idarəetmə sistemini yaratdı, Avropanın aparıcı dövlətləri ilə diplomatik əlaqələr qurdu və yeni Ukrayna muxtariyyətinin hüquqi əsaslarını formalaşdırdı. Onun siyasi inancı – dağınıq qüvvələri milli özünüidarəçilik ideyası ətrafında birləşdirmək idi.
Hər iki lider aydın dərk edirdi ki, milli təhlükə anında əsas olan ideoloji təmizlik və ya ani qələbə deyil, dövlətin qorunması, institutların möhkəmləndirilməsi və gələcək inkişafın əsaslarının qoyulmasıdır.
İvan Mazepa, mürəkkəb xarici siyasi şəraitə baxmayaraq, geniş miqyaslı daxili modernləşməni həyata keçirdi: təhsilin, mətbuatın, memarlığın, kilsə muxtariyyətinin inkişafına dəstək verdi. O, Ukraynanın Avropa məkanına mədəni inteqrasiyasını təşviq edir, diplomatik əlaqələr qurur və Moskvanın artan təzyiqi fonunda real muxtariyyətini təmin etməyə çalışırdı. Heydər Əliyev də strateji islahatçı kimi çıxış edirdi: iqtisadiyyatın bərpası, hüquqi dövlət institutlarının qurulması, yeni Konstitusiyanın qəbulu, enerji və nəqliyyat dəhlizlərinin inkişafı – onun dövlətçilik proqramının əsas sütunları idi. O, Azərbaycanı qlobal əməkdaşlıq üçün açdı, bununla yanaşı milli-mədəni özünəməxsusluq və siyasi sabitlik qorundu.
Mazepa və Əliyev – modernləşmə yönümlü, eyni zamanda ənənəyə hörmətlə yanaşan liderlərin timsalıdır. Onlar dövlətçiliyi yad modellər əsasında deyil, orijinal milli layihə kimi qururdular.
Sol sahil Ukraynasının son hetmanı Kiril Razumovski, imperiya təzyiqləri altında fəaliyyət göstərsə də, diqqətini institusional modernləşməyə yönəltmişdi: məhkəmə sistemini və təhsil sahəsini islah etmiş, muxtariyyəti idarəetmədə səmərəlilik və dünyəvi yanaşma ilə möhkəmləndirməyə çalışmışdı. Onun fəaliyyəti dəyişkən geosiyasi reallıqlar şəraitində Ukraynanın siyasi subyektliyini qorumağa yönəlmişdi.
Eyni şəkildə Heydər Əliyev də hələ sovet dövründən malik olduğu dərin idarəçilik təcrübəsi sayəsində yeni dövrdə müasir və effektiv idarəetmə modelini qurmağa nail oldu: güclü icra vertikali, dayanıqlı institutlar və dövlət iradəsinin üstünlüyü onun rəhbərliyində ön plana keçdi. Bu, keçid dövrünün xaosunu aradan qaldırdı – elə bir uğur ki, bir çox digər postsovet liderləri bunu bacarmamışdı. Əliyevin fərqləndirici xüsusiyyətlərindən biri də Azərbaycanın keçmiş inkişaf mərhələlərini inkar etməməsi, əksinə onları vahid tarixi konsepsiyaya inteqrasiya etməsi idi. O, keçmişə qarşı yox, onun yenidən mənalandırılması uğrunda çıxış edirdi – necə ki, Ukrayna hetmanları dövlətçiliyi Kiyev Rus dövləti, Litva-Rus mirası və kazak reyestri əsasında qururdular. Bu yanaşma Heydər Əliyevə dərin siyasi varislik ideyasını – tarixin davamlı inkişafını kəsmədən, yeni formada davam etdirmək imkanını verdi. Məhz bu cəhət lider-dövlətçini sadəcə, menecer siyasətçidən fərqləndirir.
Müharibə ilə sülh arasında: geosiyasi balans sənəti kimi diplomatiya
Ukrayna hetmanları son dərəcə mürəkkəb beynəlxalq siyasi şəraitdə fəaliyyət göstərirdilər. Boqdan Xmelnitski Krım xanlığı, Osmanlı imperiyası, Rzeczpospolita Polşa–Litva Birliyi və Moskva dövləti ilə müttəfiqlik sazişləri bağlayırdı – bu, dövrün qüvvələr balansından irəli gələn praqmatik diplomatiya idi. Onun əsas məqsədi – Kazak dövlətinin muxtariyyətini qorumaq – xarici əlaqələrdə məhz bu praqmatizmi şərtləndirirdi.
İvan Vyhovski 1658-ci ildə Polşa ilə Hadyatski müqaviləsini imzalayaraq, Ukraynanın federativ dövlətin tərkibində Böyük Rusiya Knyazlığı kimi bərabər hüquqlu iştirakına ümid edirdi. İvan Mazepa isə Rusiyanın mərkəzləşmiş hakimiyyətinin güclənməsinə qarşı İsveçlə ittifaqa can atırdı. Bütün bu addımlar müstəqilliyi açıq münaqişə deyil, müttəfiqlik yolu ilə qorumağa yönəlmiş diplomatik təfəkkürün ifadəsi idi.
Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman Azərbaycan yalnız xarici siyasət kursundan məhrum deyildi, həm də qanlı Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuşdu. Onun başlıca məqsədi müharibənin aktiv fazasını dayandırmaq, qonşu dövlətlərlə münasibətləri sabitləşdirmək və ölkənin ərazi bütövlüyünə beynəlxalq zəmanətlərin əldə olunması idi.
XX əsrdəki fəaliyyəti zamanı da Heydər Əliyevin o zaman Ukraynanın rəhbərləri olan Vladimir Şerbitskiy, Leonid Kravçuk və Leonid Kuçma ilə çox səmimi münasibətləri olduğundan Moskvadakı Azərbaycan və Ukrayna daimi nümayəndəliklərində görüşərək fikir mübadilələri aparıblar.
Türkiyə və Ukraynanın dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün 1994-cü il mayın 12-də Ermənistan və Azərbaycan atəşkəs haqqında saziş imzaladılar.
Hətta 1978-ci ildə Heydər Əliyevin Azərbaycan dilini dövlət dili kimi Azərbaycan Konstitusiyasına əlavə edəndə Ukraynanın belə addım atmasına Kremlin mane olduğunu da eşitmişdik.
Heydər Əliyevin xarici siyasət strategiyası dəqiq formalaşdırılmış və balanslaşdırılmış prinsiplərə əsaslanırdı:1 Çoxvektorluq – Qərblə strateji tərəfdaşlığın dərinləşdirilməsi fonunda, eyni zamanda Türkiyə və müsəlman dünyası ilə əlaqələrin inkişafı 2 Qlobal layihələrdə iştirak – enerji və nəqliyyat dəhlizlərinin yaradılması Bakı–Tbilisi–Ceyhan neft kəməri , regional təhlükəsizlik təşəbbüslərində iştirak 3 Təcrid olmadan neytrallıq – hərbi bloklara qoşulmaqdan imtina etməklə yanaşı, BMT, ATƏT və Qoşulmama Hərəkatı çərçivəsində fəal diplomatik iştirak.
Bu siyasətin əsas məqsədi xarici risklərin minimallaşdırılması və daxili sabitlik, inkişaf üçün əlverişli şəraitin yaradılması idi. Həm hetmanlar, həm də Heydər Əliyev xarici siyasəti ideoloji qarşıdurma meydanı deyil, dövlətçiliyin qorunması vasitəsi kimi dəyərləndirirdilər. Onların yanaşması hansısa gücə loyal olmaqdan deyil, milli maraqlar kateqoriyasından irəli gəlirdi. Bu praqmatizm, müttəfiqlərin dini və ya dil baxımından deyil, dövlət suverenliyinə təminat verə bilmək qabiliyyəti əsasında seçilməsi demək idi. Necə ki, hetmanlar Moskva, Varşava, Konstantinopol və Stokholm arasında diplomatik tarazlıq yaradırdılar, Əliyev də Vaşinqton, Brüssel və Ankara arasında balanslı siyasət qururdu. O, geosiyasi səhvin qiymətini yaxşı anlayırdı və Azərbaycanın təcriddən yayınmasına, iqtisadiyyatının möhkəmlənməsinə və müstəqilliyinin qorunmasına imkan verən yolu seçdi. Bütün bunlar bizə əsas verir deyək: Heydər Əliyev – müasir dövrdə hetman miqyaslı bir siyasətçidir, çünki onun qarşısında duran çağırışlar bir vaxtlar Ukraynanın dövlətçilik liderləri ilə üzləşdikləri çağırışlarla mahiyyət etibarilə eyni idi. Onun diplomatiyası yalnız konkret bir dövrə aid deyil – bu, siyasi müdrikliyin tarixi davamlılığı idi.
(ardı var)
Arif QULİYEV,
Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru
Veronika ÇEKALYUK,
Kiyev Milli Universitetinin əməkdaşı