“Üç dost”un Laçın zirvəsində həmrəyliyi
Mayın 28-də Laçında Müstəqillik Gününə həsr olunmuş konsertdə Azərbaycan, Türkiyə və Pakistan liderləri – Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif çıxış etdilər. Tam əminliklə vurğulayaq ki, bu mərasim həm də Prezident Ərdoğanın dahi şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi ilə tarixə düşdü: “El bilir ki, sən mənimsən...” Amma bu yazıda həmin məqamın üzərinə sonda gələcəyik. Hələlik, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çıxışlarından gəldiyimiz qənaəti bölüşək.
El bilsin ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. 1920-ci ilin işğalı, heç bir halda, təkrarlana bilməz. Bu, yolverilməzdir. Yolverilməzliyin isə təminatı var. Prezident İlham Əliyevin vurğuladığı da budur: “Yaşasın Azərbaycan – Türkiyə – Pakistan birliyi və qardaşlığı!” “Yaşasın Pakistan – Azərbaycan – Türkiyə qardaşlığı!”, – deyən isə baş nazir Məhəmməd Şahbaz Şərifdir.
* * *
Bəli, el bilir ki, Cənubi Qafqaz coğrafiyasında Azərbaycan – Türkiyə – Pakistan birliyi mövcudddur. Bu birlik qardaşlıqdan doğan müttəfiqlikdən nəşət alır. Müttəfiqliyin isə dərin əsasları var. Ona görə də cənab Məhəmməd Şahbaz Şərif sevinc hissi ilə bildirir: “Əziz qardaşım İlham Əliyev, nə gözəl haldır ki, bu gün biz Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd edirik”;
* * *
Beləliklə, el bilsin ki, Cənubi Qafqaz coğrafiyasından Azərbaycanı nəinki silmək, heçə saymaq cəhdləri belə daim uğursuzluğa düçar olacaq. Həm də ona görə ki, ölkəmiz 2020-ci ilin 44 günlük müharibəsindən sonra bölgədə yeni reallıqlar formalaşdırıb. Dövlətimizin başçısının vurğuladığı da budur: “Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu”.
* * *
El bilsin ki, Azərbaycan, Türkiyə və Pakistan Yaxın və Orta Şərqin mühüm və sarsılmaz güc mərkəzi kimi formalaşıb və özünü təsdiqləyib. Prezident İlham Əliyev əbəs yerə bu fikirləri bildirmir ki, “Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”. Pakistan lideri isə vurğulayır: “Əziz qardaş və bacılarımız, bu gün burada sizin qarşınızda çıxış edərək demək istəyirəm ki, biz səsimizi ən yüksək səviyyədə ucaltmalıyıq ki, bütün dünya Türkiyənin, Azərbaycanın və Pakistanın səsini eşitsin”.
* * *
Bütün dünya bilsin ki, Laçında – Azərbaycanın Müstəqilliyi Günündə üç qardaş ölkənin verdiyi mesajlar onların əməli fəaliyyət dairəsinin daha da genişləndiriləcəyinin yüksək səslə bəyan edilməsidir. Ona görə də dövlətimizin başçısı bildirir: “Bu gün əziz qardaşlarımın – Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvanlara çatacaq”.
* * *
El bilsin ki, Azərbaycan Qarabağa və işğal olunmuş ərazilərinə bağlılıq əzmini təkcə müharibə meydanında göstərmədi. Ölkəmiz və xalqımız doğma yurda sahiblik mətanətini də nümayiş etdirir. Dövlətimizin başçısı əbəs yerə vurğulamır: “İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq”.
* * *
Hayastan və havadarları bilsinlər ki, “Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”. Dövlətimizin başçısının bu fikirləri müzəffər xalqın varlıq manifesti kimi səslənir. Varlığımızı təhdid edən qüvvələrə qarşı isə gücümüz və qüdrətimizlə üstün gələcəyik. Prezident Ərdoğanın bildirdiyi kimi: “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik”.
* * *
Sonda onu da deyək ki, Səməd Vurğunun “Azərbaycan” şeiri poeziyamıza öz damğasını təkcə gözəl yaradıcılıq nümunəsi olaraq vurmayıb. Bu şeirdə xalqımızın tarixi, adət-ənənələri və dili yüksək səviyyədə tərənnüm olunur. Sovet dövründə milli mədəniyyətin qorunmasının və yaşadılmasının belə bir ictimai formasını seçmək cəsarət tələb edirdi.
Deməli, cənab Ərdoğan “Azərbaycan” şeirini səsləndirməklə, Səməd Vurğunun estetik poeziyasının yüksək amallar uğrunda mücadilə əzmini vurğulayırdı. Nəzərə alaq ki, otuz ilə yaxın müddətdə işğal olunmuş yurd-yuvalarımızı, el-obalarımızı şeirlərdə və sənət nümunələrində yaşatdıq və ...suverenliyimizin Laçın məkanı müstəqilliyimizin 107-ci ildönümünün təntənə məbədidir. Hesab edirik, bu yerdə Türkiyə lideri Ərdoğanın Laçında səsləndirdiyi aşağıdakı fikirlər də tam yerinə düşür. Həmin fikirləri şərhsiz təqdim edərək yazımızı yekunlaşdıraq: “Əziz qardaşlarım, dəyərli qonaqlar, 1918-ci ildə Azərbaycanda qurulan Cümhuriyyət üsul-idarəsi istiqlalın və azad iradənin rəmzinə çevrildiyi kimi, Qarabağdakı azadlıq Zəfəri də bu gün Azərbaycanı daha güclü və firavan edir. O gün alovlanan istiqlal məşəli bu gün daha parlaq və daha güclü şəkildə Azərbaycanın yolunu işıqlandırır. Qarabağın azadlığı ilə bu torpaqlarda yüksələn hər bir musiqi sədası təkcə bir Zəfərin deyil, bir millətin, necə deyərlər, yenidən dirçəlişinin səsinə çevrildi”.
Əvəz RÜSTƏMOV
XQ