...Söz bir olsa, zərbi kərən sındırar!

post-img

Azərbaycan–Türkiyə–Pakistan üçbucağı

XXI əsrin diktə etdiyi postulatlardan biri də bundan ibarətdir ki, əgər qloballaşan müasir dünyada duruş gətirmək istəyirsənsə, gərək güclü olasan. Burada ortaq tarixə, milli və dini bağlara malik xalqların birgə fəaliyyəti xüsusu əhəmiyyət kəsb edir. Bu kontekstdən yanaşanda siyasi maraqlarla mənəviyyatın üst-üstə düşmədiyi çağdaş dönəmdə etibarlı tərəfdaşlığa, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan birliklər ön plana çıxır. Ortada tale oxşarlığı da varsa, deməli, birliyin monolitliyi və uzunömürlülüyü təmin olunub.

Üçlərin Laçın görüşünün məhz mayın 28-də keçirilməsinin əlahiddə əhəmiyyətə malik olmasını qeyd etməmək mümkün deyil. 107 il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün təkcə regionun deyil, dünyanın “böyük gücləri”nin cərgəsində yer alan Türkiyə və Pakistan kimi tərəfdaş nəhənglərin Azərbaycanın yanında olmaları, xalqımızın qürur tarixinin şanlı səhifəsini birlikdə qeyd etmələri, ilk növbədə, siyasi hadisədir. Bu hadisəni şərtləndirən amillər isə qardaş Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi, onun getdikcə nüfuzunun artması, planetin ən böyük hərbi qarşıdurmasının – Rusiya–Ukrayna müharibəsinin nizamlayıcısı qismində beynəlxalq müstəvidə əldə elədiyi uğurlar, eləcə də Pakistanın güclü dövlət olduğunu bu yaxınlarda Hindistanla münaqişədə verdiyi hərbi cavabla özünü təsdiqləməsidir. Zarafat deyil, 28 may sevincini bölüşən Pakistan 27 il bundan əvvəl həmin gün nüvə dövləti olmuşdur. Bu amillərin gələcəkdə hansı birgə layihələrə və böyük uğurlara vəsilə olacağını indi yalnız güman edə bilərik.

* * *

Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibi kimi Laçın görüşündəki çıxışını bir neçə aspektdən dəyərləndirmək mümkündür.

Birinci aspekt dövlətimizin başçısının qurur duyduğumuz tariximizlə bağlı dedikləridir: “107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra – 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra – 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi”.

Bu sözlərin müəllifi iki əsrdən çox ədalətsizliyə məruz qalmış bir xalqın son dövrlərdə itirdiyi torpaqları ilə bərabər milli kimliyini, şərəfini və bayraq qürurunu özünə qaytaran strateq-siyasətçi, istedadlı sərkərdə, Türk dünyasının etiraf olunan liderlərindən biridir.

İkinci aspekt üç qardaş ölkə arasında daha dərin əlaqələrin qurulması, bu platformanın yeni model kimi artıq beynəlxalq faktora çevrilməsidir. Hər iki ölkənin Azərbaycanla inam və səmimiyyətə söykənən qarşılıqlı münasibətlərin yalnız faydalı əməkdaşlıqla müşayiət olunacağı şəksizdir. Əslində, Laçın görüşünün üçtərəfli əlaqələrin inkişafı baxımından təkcə ticari-iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını çıxışlardan duymaq çətin deyildi.

Üçüncü aspekt İlham Əliyev şəxsiyyətinə həm Türkiyə və Pakistan liderlərinin, həm də qardaş ölkələrin ictimaiyyətinin böyük hörmət bəsləməsidir. Bu həqiqətə tam əmin olmaq istəyənlər dövlətimizin başçısının 2024-cü il iyulun 11-də Pakistana rəsmi səfəri zamanı İslamabadda qarşılanma mərasiminin möhtəşəmliyini özündə əks etdiyən video-xtonikaya tamaşa etməsi kifayətdir. Hər şeyi görüntülərin özü “danışır”.

* * *

“Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə–Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir. İnanırıq ki, müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib. Qeyd etdiyimiz üçüncü aspekt qardaş Türkiyə liderinin dilində özünün bir daha təsdiqini tapmış oldu. R.T.Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, tərədaşları etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb. Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, – deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu sözlərini isə Laçın görüşünün leytmotivi adlandırmaq olar: “1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir”. Obrazlı şəkildə, siyasi bəlağətlə süslənmiş bu sözlər həm də qardaş səmimiyyətinin, sevgisinin etirafı kimi qəbul olunmalıdır.

* * *

Pakistanı Azərbaycanın siyasi tərəfdaşı, strateji müttəfiqi kimi qəbul etməyimizdən savayı, onu özümüzə, eynilə Türkiyə kimi, qardaşlıq telləri bağlayır. Ən azı, son beş ilin siyasi, hərbi, mədəni və humanitar xronikası bir həqiqəti sübuta yetirdi: Pakistan Azərbaycana dost və qardaş ölkədir.

Laçında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin dediyi sözlər bu həqiqətin öz yerini tam aldığının əyani göstəricisidir: “Əziz qardaşım İlham Əliyev, nə gözəl haldır ki, bu gün biz Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd edirik. Həmçinin bu gün – 1998-ci il mayın 28-də Pakistan nüvə dövlətinə çevrilmişdir. Bu səbəbdən, bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir. Mən səmimi-qəlbdən əziz qardaşım, Prezident İlham Əliyevi və bizim azərbaycanlı bacı və qardaşlarımızı təbrik edirəm. Bu gün burada olmaq mənim üçün çox böyük şərəfdir. Bu gün bu gözəl məkanda, füsunkar dağlıq ərazidə yerləşən Laçın şəhərində olmağımdan çox məmnunam”.

Əlavə şərhə ehtiyac duymadığımız bu sözlərdən sonra yazımızın nöqtəsini bir el məsəlimizlə qoymaq istədik: “El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar...”

Tofiq ABBASOV,
siyasi icmalçı

– Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində çox böyük uğurlara imza atdı. Parlamentli idarəetmə üsulu, qadınlara seçim hüququ kimi demokratik dəyərləri dünyanın qarşısına çıxardıq. Təbii olaraq, bu yeniliklər bədxahlarımızı qorxuya saldı. Misal üçün, ABŞ Prezidenti Vudro Vilson bizə inanmırdı, Paris konfransında da etimadsızlıqla üzləşdik. Elə o zaman da görünürdü ki, Qərb müsəlman aləminə, birliklərinə ögey münasibət bəsləyir. Bölgədə rus bolşeviklərinin təhdid təhlükəsi də mövcud idi. Bu qüvvələr olduqca sivil, nəcib bir təşəbbüsün qarşısını aldılar.

Laçında üç qardaş ölkənin rəhbərinin bir araya gəlməsi həm də gücün nümayişi idi. Hər üç lider bu barədə öz fikirlərini açıq şəkildə söylədi. Onların çıxışlarını birləşdirən tezis o oldu ki, mənəvi bağlar, ümumiyyətlə, mənəviyyat siyasi münasibətlərə də sirayət edir. Yəni, bu iki anlayış vəhdət halına gələ bilər və biz bunu bacarırıq. Faktiki olaraq üç xalq, demək olar ki, eyni taleyi yaşayıb və yaşamaqdadır. Ətrafda xeyli risk, bizə qarşı düşmənçilik edən qüvvələr var. Onların qabağından qaçmamaq, layiq olduqları tutarlı cavabı verməkdən ötrü gərək həm ayrı-ayrılıqda, milli zəmində güclü olmalıyıq, həm də birliyimiz və qardaşlığımız sarsılmaz olmalıdır.

Belə deyə bilərik ki, artıq bu reallıq, bu motivlər hamımıza tam aydındır və burada hər hansı fantaziyaya yer yoxdur. Əksinə, biz nədən danışdığımızı və birlikdə hara getdiyimizi yaxşı başa düşürük. Bu gün buna ciddi ehtiyac duyulur. Azərbaycanın ermənilərlə münaqişəsi, Pakistan–Hindistan qarşıdurması, Türkiyənin Yunanıstan və Fransa ilə münsibətlərində müşahidə olunan gərginlik, eləcə də Şimali Kiprdə türklərə qarşı səslənən təhdidlər və s. Bunlar ondan xəbər verir ki, bəli, əgər dünyada sağlam və ədalətli mövqedən çıxış edən qüvvələr varsa, destruktiv elementlər də yox deyil. Bu elementlər müstəqil siyasət yeridən ölkələri və xalqları mənəvi cəhətdən sıdırmağı hədəfləyir. Belə təhdidlərdən etibalı şəkildə sığortalanmaqdan ötrü biz həm paradiqmalarımızı, həm də qardaşlığımızı gündən-günə gücləndirməliyik. Bu regional platformanı “3+3” formatında davam etdirmək isə Bakının və Ankaranın irəli sürdüklari ən perspektivli layihə kimi gec-tez mütləq reallaşacaq.

İmran BƏDİRXANLI
XQ



Siyasət