Azad torpaqlarda dirçəliş marafonu davam edir

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə həyata keçirilir.

Dövlət Proqramı çərçivəsində təkcə ötən il ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə ilə ölkəmizdə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələr və hədəflər də yenilənib. İşğaldan azad edilmiş ərazilərdə dövlət başçısının şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturunun yaradılması diqqətdə saxlanılıb.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, eləcə də dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb. Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.

Qarabağ və Şərqi Zəngəzurun yol-nəqliyyat infrastrukturunun bərpasından geniş söz açmağa dəyər. Çünki əvvəldə xatırlatdığımız kimi, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün, ilk dövbədə, yol-nəqliyyat məsələsi yüksək səviyyədə həll olunmalıdır. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin rahat məskunlaşması, iqtisadi fəaliyyətin təşkili və bölgənin ölkə iqtisadiyyatına inteqrasiyası bu şəbəkənin mövcudluğundan birbaşa asılıdır.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə tanışlığı da bir daha göstərdi ki, regionda nəqliyyat – kommunikasiya məsələləri dövlətin birbaşa nəzarətində olan strateji sahələrdən biridir. 75,8 kilometrlik bu magistral yol təkcə iki rayonu birləşdirmir, eyni zamanda, Laçın Beynəlxalq Hava Limanı ilə əlaqə yaradır, kəndlərə çıxışı təmin edir, turizm və logistikanın inkişafına zəmin yaradır.

Bu yol boyunca 17 tunelin tikintisi nəzərdə tutulur, onlardan 16-da artıq inşaat işləri uğurla davam etdirilir. Bu isə o deməkdir ki, Azərbaycanın dağlıq ərazilərində dünya standartlarına uyğun mühəndislik həlləri tətbiq olunur. Bundan əlavə, Laçın şəhərindən hava limanına qədər yeni yolun tikintisi məsafəni 65 kilometrdən 35,8 kilometrə endirəcək. Layihə çərçivəsində 40-cı kilometrdən ayrılan körpü də infrastrukturun texniki mükəmməlliyini göstərir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduğu, tikintisi 2021-ci ilin avqustunda başlanan Laçın Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. 1700 metr dəniz səviyyəsindən hündürlükdə yerləşən bu hava limanı həm texniki, həm də coğrafi baxımdan ölkənin ən unikal aviasiya infrastrukturlarından biridir.

Uçuş-enmə zolağının uzunluğu 3 min, eni isə 60 metrdir və istənilən tip hava gəmisinin qəbuluna imkan verir. Terminal binası saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir, burada VIP zal, baqaj sistemləri, ticarət sahələri və müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb. ICAO və IATA standartlarına tam uyğun gələn hava limanı bölgədə iqtisadi, turizm və logistik imkanları genişləndirmək gücündədir. Bu liman sayəsində Laçın, Kəlbəcər və Şuşa kimi şəhərlərə sürətli və rahat hava əlaqəsi yaradılır.

Laçın səfəri çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə bir sıra istehsal və xidmət müəssisələrinin də açılışı həyata keçirildi. Bu obyektlər təkcə iqtisadi inkişafın təməli deyil, həm də əhalinin məşğulluğunun təminatıdır. Laçında açılan “LATIFA” tikiş fabriki bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fabrik gün ərzində 2 min ədəd tekstil məhsulu – ev tekstili, idman geyimləri və eksklüziv paltarlar istehsal etməklə yanaşı, 30-a yaxın yeni iş yeri yaradır. Bu, regionda sənaye potensialının formalaşdırılması istiqamətində atılan ilk, lakin prinsipial addımlardandır.

Bununla yanaşı, “Dost Aqropark” layihəsi – türk və azərbaycanlı sərmayədarların birgə təşəbbüsü ilə yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi bölgənin aqrar inkişafı baxımından mühüm hadisədir. Burada “ağıllı” kənd təsərrüfatı texnologiyalarından istifadə olunur, bərpa olunan enerji və dayanıqlı istehsal mexanizmləri tətbiq edilir.

Qarabağın və Şərqi Zəngəzurun yeni iqtisadi həyatında sənaye parklarının rolu xüsusi qeyd olunmalıdır. Laçın Sənaye Parkı bu baxımdan regionun iqtisadi xəritəsində strateji mərkəz rolunu oynayır. Burada planlaşdırılan istehsal sahələri müasir texnologiyalara əsaslanacaq, ixracyönümlü məhsullar istehsal ediləcək. Bu, bir tərəfdən bölgənin iqtisadi fəallığını artıracaq, digər tərəfdən isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə önəmli töhfə verəcək.

İqtisadiyyat