Azərbaycanın Afrika diplomatiyasında yeni strateji yön

post-img

XXI əsrin qlobal siyasi mənzərəsində səsindən çox susqunluğu “eşidilən” bir qitə var – Afrika. Neomüstəmləkəçilik reallıqları, iqtisadi asılılıq zəncirləri və beynəlxalq sistemin ədalətsizliyi bu qitəni hələ də səssiz mübarizənin mərkəzində saxlayır. Amma susqunluğun içindən yeni tərəfdaşlıq çağırışları yüksəlməkdədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu müstəqil mövqe və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi prinsipial siyasət Afrikaya siyasi tərəfdaşlıq və ideoloji həmrəyliklə baxışın nümunəsini yaradır.

XXI əsrin əvvəllərindən etibarən beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi dəyişikliklər, yeni güc mərkəzlərinin formalaşması və çoxtərəfli diplomatiyanın əhəmiyyətinin artması dövlətlərin xarici siyasət strategiyalarında müxtəlif istiqamətlər üzrə balansyaratma zərurətini gündəmə gətirdi. Məhz bu kontekstdə Azərbaycan da öz xarici siyasət xəttində yalnız Qərb və Şərqlə deyil, eyni zamanda Qlobal Cənubla, xüsusilə də, Afrika qitəsi ilə əlaqələrinə yeni baxış sərgiləməyə başladı.

Azərbaycanın xarici siyasətində Şərq və Qərb vektorları uzun müddət strateji tərəfdaşlıqlarla, enerji layihələri və geoiqtisadi maraqlarla zəngin olub. Lakin müasir dövrdə beynəlxalq sistemin multipolyar xarakter alması, inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığın siyasi, iqtisadi və humanitar aspektlərdə genişlənməsi Cənub vektorunun da prioritet istiqamətlərdən birinə çevrilməsini zəruri etdi. Xüsusilə də, Afrika ilə münasibətlərin canlanması Azərbaycanın qlobal diplomatik fəallığının yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Məhz bu kontekstdə nəzərəçarpacaq məqamlardan biri Azərbaycanın Qoşulmama Hərəkatı (QH) çərçivəsində yürütdüyü aktiv və prinsipial mövqedir. Ökəmizin bu hərəkata münasibəti təkcə beynəlxalq təşkilatlarda iştirakdan ibarət deyil, həm də öz xarici siyasətinin mühüm strateji sütunlarından birini təşkil edir. Qeyd edə bilərik ki, bu yanaşma xüsusilə Qlobal Cənub daxilindəki geosiyasi güc balansının dəyişdiyi, yeni beynəlxalq nizamın formalaşdığı və çoxqütblülük meyllərinin gücləndiyi bir dövrdə Azərbaycanın mövqeyini gücləndirən mühüm vasitəyə çevrilib.

Azərbaycan QH daxilində yürütdüyü siyasətlə normativ xarakterli diplomatik xəttin təşəbbüskarı kimi çıxış edir. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunandan etibarən Azərbaycan bu təşkilatda öz geosiyasi mövqeyini, iqtisadi potensialını və diplomatik fəallığını səfərbər edərək mühüm aktora çevrilidi. 2019–2023-cü illər ərzində sədrlik missiyası zamanı ölkənin diplomatik xətti daha konkret və sistematik xarakter almış, bu müddətdə hərəkat daxilində həmrəylik, suverenlik və beynəlxalq münasibətlərdə ədalətin təmin olunması kimi fundamental prinsiplər Azərbaycana məxsus təşəbbüslərin əsasını təşkil edib. Qlobal Cənubun, xüsusilə Afrika ölkələrinin beynəlxalq münasibətlərdə hələ də üzləşdiyi struktur problemlər – iqtisadi asılılıq, siyasi müdaxilə, borc tələsi və informasiya qeyri-bərabərliyi – Bakının səsləndirdiyi narahatlıqlarla üst-üstə düşür. Azərbaycanın inkişaf modeli və müstəqil xarici siyasət kursu bu ölkələr üçün alternativ yol kimi təqdim olunur.

***

Prezident İlham Əliyevin sədrliyi dövründə QH platformasından istifadə edərək Qərbin bəzi dairələrinin ikili standartlara əsaslanan siyasəti, hegemon yanaşmaları və neomüstəmləkəçilik meylləri açıq şəkildə tənqid olundu və bu çıxışlar siyasi baxımdan strateji mahiyyət daşıyır: inkişaf etməkdə olan ölkələrin suverenliyinin və daxili siyasətinə hörmətin müdafiəsi Azərbaycanın öz təhlükəsizlik və diplomatik strategiyasının bir hissəsidir. Qoşulmama Hərəkatının əksər üzvlərinin Afrika ölkələri olması və onların müstəmləkəçiliklə mübarizə təcrübəsi Azərbaycanın bu qitə ilə yeni nəsil münasibətlər qurmaq üçün əlverişli şərait yaradır. QH Azərbaycanın Afrika ilə münasibətlərində “multivektor” siyasətinin həyata keçirilməsi üçün ideal platforma rolunu oynayır.

Nəticə etibarilə, Azərbaycan QH çərçivəsində qlobal ədalətsizliklərə qarşı həm söz, həm də əməl səviyyəsində təşəbbüskar aktora çevrilib. Azərbaycanın bu platformada aktiv iştirakı, həm də onun ideoloji baxımdan suverenlik və bərabərlik kimi dəyərləri beynəlxalq müstəviyə çıxarma və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi qurma niyyətinin bariz göstəricisidir.

Multilateralizmin gücləndirilməsi, eyni zamanda, Azərbaycanın çoxtərəfli diplomatiyada rolunun artmasına, siyasi kapitalının güclənməsinə və beynəlxalq təşkilatlarda Afrika ölkələrinin dəstəyini qazanmasına xidmət edir. 2022-ci ildə BMT İnsan Hüquqları Şurasına, 2023-cü ildə isə UNESCO-nun İcraiyyə Şurasına seçilməsində Afrika ölkələrinin verdiyi səs dəstəyi diplomatik uğurun göstəricilərindəndir. Azərbaycanın bu istiqamətdə təşəbbüsləri təhsil, humanitar yardım və inkişaf dəstəyi vasitəsilə Afrika ölkələrinin özünütəsdiq imkanlarına töhfə verilməsi, ölkəmizin “yardım alan yox, əməkdaşlıq edən tərəfdaş” modelini təşviq etdiyini göstərir. ADA Universitetində afrikalı tələbələr üçün yaradılan imkanlar, həmçinin humanitar təşəbbüslər çərçivəsində pandemiya dövründə Afrika ölkələrinə göndərilən tibbi yardımlar bu dəstəyin konkret nəticələrə əsaslandığını göstərir.

***

Afrika ilə münasibətlərin dərinləşməsində diqqətçəkən əsas amillərdən biri Azərbaycanın qlobal ədalətsizliklərə qarşı prinsipial və ardıcıl mövqeyidir. Klassik müstəmləkəçilik dövrünün formal olaraq sona çatmasından sonra “Qara qitə”nin bəzi dövlətləri siyasi müstəqillik əldə etsələr də, bu proses real iqtisadi və institusional azadlıqla müşayiət olunmadı. Qərb dövlətləri və onların nəzarətində olan transmilli korporasiyalar uzun müddət həmin ölkələrin strateji resurslarına nəzarəti əllərində saxlayaraq, daxili siyasi qərarvermə proseslərinə təsir imkanlarını qorumağa çalışdılar. Bu vəziyyət müstəqillikdən sonrakı dövrdə "neomüstəmləkəçilik" adlandırılan yeni bir asılılıq formatını doğurdu.

Məhz belə bir qlobal kontekstdə Azərbaycan Afrika dövlətləri ilə münasibətləri ortaq ədalət, bərabərlik və suverenlik dəyərləri əsasında qurur. Rəsmi Bakı postkolonial ədalət anlayışını müdafiə edən və beynəlxalq sistemdə qeyri-bərabər münasibətlərin aradan qaldırılmasını hədəfləyən fəal mövqe sərgiləyir, bu ölkələrlə həmrəylik münasibətlərinə xüsusi önəm verir. Bu yanaşma ölkənin çoxqütblü dünya nizamının formalaşmasına verdiyi dəstəyin, beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin tərəfdarı olmasının və “böyük güclərin diktəsi”nə qarşı çıxmasının açıq ifadəsidir.

Azərbaycan–Keniya münasibətləri yeni xarici siyasət fəlsəfəsinin real təzahürlərindən biridir. Bu münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də neomüstəmləkəçiliklə mübarizədə ortaq mövqe və siyasi həmrəylik üzərində qurulan strateji tərəfdaşlıq modelidir.

Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsində hüquqa və beynəlxalq ədalətə əsaslanan mövqeyinə Afrika ölkələrindən, o cümlədən Keniya tərəfindən göstərilən dəstək, əslində, qlobal miqyasda suverenlik prinsipinə əsaslanan dövlətlərarası həmrəyliyin təcəssümüdür. Məhz bu baxımdan 2025-ci il iyunun 3-də Nayrobidə – Keniya Respublikasının paytaxtında Azərbaycan səfirliyinin açılması mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan və Keniya xarici işlər nazirləri bu təşəbbüsü iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstəyin institusional əsaslara söykənməsi baxımından strateji əhəmiyyətli addım kimi səciyyələndirdilər. Nayrobidə diplomatik nümayəndəliyin fəaliyyətə başlaması həm də Azərbaycan üçün Şərqi Afrikada strateji mövqe tutmaq və region ölkələri ilə münasibətləri sistemli şəkildə inkişaf etdirmək baxımından geosiyasi əhəmiyyətə malikdir.

Beləliklə, Azərbaycan Afrikaya baxışında marja bazar və ya yardım obyekti kimi deyil, strateji tərəfdaş, qlobal ədalətin müdafiəçisi və çoxtərəfli diplomatiyada mühüm aktor kimi yanaşır ki, bu da Azərbaycanın XXI əsr xarici siyasətində Cənub vektorunun yeni fəlsəfəyə əsaslandığını – postmüstəmləkə dövrün geosiyasi etikasını formalaşdırmağa iddialı olduğunu ortaya qoyur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət