Şəmkirdə Türkiyədən gələn nümayəndə heyəti ilə görüş keçirilib

post-img

Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola uyğun olaraq, Trabzon şəhər Gənclər və İdman İdarəsinin nümayəndə heyəti Qazax-Tovuz iqtisadi rayonuna səfəri çərçivəsində Şəmkir rayonunda olub.

“İdman mütəxəssislərinin mübadiləsi proqramı” çərçivəsində baş tutan səfər zamanı 9 nəfərdən ibarət nümayəndə heyəti Şəmkir Rayon İcra Hakimiyyətində qəbul edilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, iki ölkə arasında strateji tərəfdaşlığın bütün sahələrdə uğurla inkişaf etməsindən danışılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qonaqları rayonda görməkdən məmnunluğunu bildirib. O, Şəmkirin idman ənənələri, tarixi-mədəni irsi, sosial-iqtisadi inkişafı, eləcə də rayonda gənclər və idman sahəsində görülən işlər barədə nümayəndə heyətinə məlumat verib.

Söhbət zamanı hər iki ölkədə idmanın inkişafı, gənclərlə iş sahəsində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, son illərdə Şəmkir idmançılarının, xüsusilə güləşçilərin beynəlxalq yarışlarda qazandıqları uğurlar rayonda idmana olan marağın artmasına və bu sahənin inkişafına mühüm töhfə verir.

Türkiyədən gələn nümayəndə heyəti səfərin əsas məqsədinin regionla daha yaxından tanış olmaq, idman sahəsində təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əlaqələri gücləndirmək olduğunu bildirib. Qonaqlar göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri















Sosial həyat