Rusiya Prezidenti köməkçisinin Qarabağ müqayisəsinə sözardı
Rusiya Prezidenti Vladimir Putin 2018-ci ildə NBC telekanalına müsahibəsində çox maraqlı məqama toxunmuşdu. Daha doğrusu, Kreml rəhbəri ona ünvanlanmış sualı cavablandırarkən maksimum dərəcədə səmimi olmuşdu.
Sual isə Putinin Rusiyada hər şeyi, o cümlədən dövlət aparatını nəzarətdə, necə deyərlər, sıxma-boğmada saxlaması, bir növ, avtoritar rejim yaratmasına eyham xarakteri daşımışdı. Rusiya lideri isə durumun fərqli olduğunu bildirərkən demişdi: “Bizim administrasiyanın iki min işçisi var. Doğrudanmı, siz elə düşünürsünüz ki, mən onların hamısını nəzarətdə saxlayıram. Budur, Peskov üzbəüz oturub. Mənim mətbuat katibimdir. O, hərdən elə absurd və mənasız söz deyir ki, mən televizora baxıb düşünürəm: Bu, nə danışır? Bunu (belə danışmağı) kim ona tapşırıb?”.
Qeyd edək ki, Putin sözügedən müsahibəsində Peskovun bəzən absurd fikirlər səsləndirdiyinə dair düşüncəsini “purqu” ifadəsi ilə diqqətə çatdırmışdı. "Гнать пургу" rus dilindən birbaşa tərcümədə “qar fırtınası yaratmaq” kimi səslənsə də, əslində, boş və absurd fikir bildirmək anlamı daşıyır. Tam əminliklə deyə bilərik ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin söylədiklərinə də eyni prizmadan yanaşmaq mümkündür. Çox guman, cənab Putin müşahidə təcrübəsinə əsasən vaxtilə Peskov barədə dediklərini indi Medinskiyə münasibətdə də dilə gətirə bilər. Ancaq Rusiya liderinin səmimiyyət damarının tutacağına, onun nə zamansa köməkçisini məzəmmət edəcəyinə ümid bəsləyə bilmərik. Ona görə Azərbaycan dövlətinin yanaşması konkret və adekvatdır.
“Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına belə müqayisə yersizdir”. Bu fikirlər ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin V.Medinskinin “Russia Today” telekanalına iyunun 9-da verdiyi müsahibəsi zamanı bildirdiklərinə cavabın bir parçasıdır. Cənab Hacızadənin başqa hansı məqamları qabartdığından söz açacağıq. Hələlik isə...
Əlbəttə, Putinin 2018-ci ildə “Miraparyadok 2018” sənədli filmində yayımlanmış jurnalist Vladamir Solovyovla müsahibəsində “Rusiyanın olmadığı dünya bizim nəyimizə lazımdır?” şəklində ritorik sual verdiyini bilirik. Nəzərə alaq ki, bu fikirdə daha çox ölkənin milli maraq və mənafelərinin qorunması əzmi var. Yəni Putinin mesajı şantaj yox, eyham kimi səslənir və dünyanın anti-Rusiya köklənişindəki müxtəlif boz çalarların mövcudluğu səbəbindən belə bir eyhama bəraət var. Yəni Kreml rəhbəri beynəlxalq aləmi ölkəsinə münasibətdə həssas davranmağa, “qırmızı cizgiləri” aşmamağa çağırır. Bəs Medinski nə etmək istəyir? Ortada olan onun Roma Papasından daha çox katolikliyə can atmasıdır. Görəsən, diplomat Rusiya-Ukrayna müharibəsinin qlobal görkəmini vurğulamaq üçün “nəhəng Qarabağ”dan başqa müqayisə tapa bilmədimi?
Bəli, Medinskinin Qarabağı mübahisəli ərazi kimi təqdim etməsinin heç bir bəraəti yoxdur və ola bilməz. Ən azından ona görə ki, beynəlxalq hüquq var və beynəlxalq hüquqa görə, Qarabağ və Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı digər ərazilər Azərbaycana məxsus olub və məxsusdur. Bunu Rusiyanın ali rəhbərliyində də yaxşı bilirlər. Məsələn, Putin 2020-ci ilin noyabrın sonlarına doğru “Rossiya” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” teleproqramında Moskvanın Qarabağ münaqişəsinə münasibətindən danışıb və mövqeyini dəqiq şəkildə ifadə edib. “Qarabağın, o cümlədən Ermənistan tərəfindən də tanınmaması faktının özü hadisələrin gedişatına və onun qavranılmasına əhəmiyyətli dərəcədə təsir göstərirdi", – deyən Putin Rusiyanın vaxtilə Cənubi Osetiyanı və Abxaziyanı tanıdığını xatırlatmış, bunun həmin ərazilərdə yaşayan insanların və bütövlükdə Rusiyanın maraqları naminə edildiyini, Qarabağla bağlı belə bir durumun olmamasının bütün hadisələrə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulamışdı: “Heç kim, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımayıb. Bu, nə deməkdir beynəlxalq hüquq baxımından? O deməkdir ki, Azərbaycan özünə məxsus hesab etdiyi əraziləri qaytarırdı. Həmçinin, bu əraziləri bütün dünya ictimaiyyəti Azərbaycan ərazisi kimi qəbul edirdi”.
Cənab Medinskinin diqqətinə Putinin 2020-ci ilin dekabrında illik mətbuat konfransı zamanı TASS-ın sualına cavabını da çatdıra bilərik. “Beynəlxalq-hüquqi baxımdan, mən də bu barədə danışmışam — bu ərazilərin hamısı Azərbaycan Respublikasının ayrılmaz hissəsidir" – deyən Rusiya lideri əlavə etmişdi ki, “Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb və bu faktı nəzərə alaraq, Dağlıq Qarabağ da beynəlxalq hüquq baxımından Azərbaycandır”.
Əlbəttə, Rusiyanın beynəlxalq hüquqa öz yanaşmasının olduğunu yaxşı bilirik. Heç şübhəsiz, diqqətə çatdırdığımız iqtibaslarda da bunu gördünüz. Yəni, Putinin istər Cənubi Osetiyadan və Abxaziyadan söz açması, istərsə də Ermənistanın özünün qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığına dair fikir bildirməsi, loru dildə desək, əl yeri qoymaqdır. Axı Rusiyanın “erməni sevdasının” bütün beynəlxalq hüquq normalarını ikinci plana atmaq əzmindən xəbərdarıq.
Ancaq cənab Medinskinin rahat olması üçün növbəti məqamdan söz açaq. Daha doğrusu, Azərbaycan XİN rəsmisi A.Hacızadənin onun dediklərinə münasibətindən bir fikri diqqətə çatdıraq: “Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”.
Belə qənaətə gəlmək mümkündür ki, Qarabağ münaqişəsi ilə Ukraynadakı vəziyyət arasında yalnız bir oxşarlıq var. Söhbət hər iki halda ortada işğal faktının mövcudluğundan gedir. Elə Cənubi Osetiya və Abxaziya da Rusiyanın işğal etdiyi ərazilərdir və onlar beynəlxalq hüquqla Gürcüstana məxsusdur. Yəni, reallıqlar və ədalət interpreativ yanaşmaların, siyasi manipulyasiyaların üzərində dayanır. Heç şübhəsiz, Qarabağda olduğu kimi, bu bölələrdə də haqq öz yerini tutacaq.
Sonda isə cənab Medinskinin həm də Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olması faktı üzərində dayanaq. Dayanaq və bildirək ki, Rusiya iki yüz il əvvəl erməni varlığının Cənubi Qafqaza köçürülməsini həyata keçirməklə, bu qövmü bəlaya çevirməklə bölgədə təkcə ərazi mübahisəsinin deyil, həmçinin, tarixi düşmənçiliyin, ziddiyyətlərin və təfriqələrin əsasını qoymuşdu. Ölkəmiz 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə təkcə özünün olanını özünə qaytarmadı, eyni zamanda, Rusiyanın vaxtilə həyata keçirdiyi imperialist siyasətin məhsulu olan “erməni kitabını” bağladı, böyük ədalətsizliyi aradan qaldırdı. Özü də birdəfəlik. Yəni, yaxşı olar ki, Medinski “purquologiya” ilə məşğul olmasın.
Ə.CAHANGİROĞLU
XQ