Budapeştdə “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar siyasəti” adlı konfrans keçirilib

post-img

Budapeşt şəhərində Macarıstan Xarici Əlaqələr İnstitutu, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı və ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar siyasəti” adlı konfrans keçirilib.

İki paneldən ibarət olan konfransda işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti və Qərbi Azərbaycan İcmasına dair mövzularla yanaşı, Cənubi Qafqazda geosiyasi vəziyyət, Orta Dəhliz, enerji məsələləri müzakirə edilib.

Tədbirdə Azərbaycan tərəfindən səfir Tahir Tağızadə, Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədr müavini Qaya Məmmədov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Nəriman Qasımov, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisləri Vasif Hüseynov və Vüsal Quliyev, Macarıstan tərəfindən isə Macarıstan Xarici Əlaqələr İnstitutunun prezidenti Qladden Papin, həmin institutunun böyük elmi işçisi, tədqiqat qrupunun koordinatoru Şandor Şeremet, baş məsləhətçisi, baş elmi işçisi Laslo Vaşa, Macarıstan Dövlət Qulluğu Universiteti nəzdində fəaliyyət göstərən Con Lukaç İnstitutunun baş elmi işçisi Zoltan Eqereşi və Matyaş Korvinuş Kollegiumun mütəxəssisi Kelmentina Kojma, eləcə də Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəlik Ofisinin layihə rəhbəri David Biro iştirak edib.

Tədbirin açılışında Macarıstan Xarici Əlaqələr İnstitutunu prezidenti Q.Papin və səfir T.Tağızadə nitq söyləyərək keçirilən konfransın aktuallığı və əhəmiyyəti haqqında bəhs edib, əhatə olunan mövzuların önəmini vurğulayıblar.

Yekunda Macarıstan Xarici Əlaqələr İnstitutunun Strateji məsələlər üzrə direktoru, Direktorlar Şurasının üzvü Tamaş Baranyi çıxış edərək konfrans iştirakçılarını uğurlu keçirilmiş tədbirə görə təbrik edib.















Siyasət