Yaxud Rusiya kasta təfəkkürünə sözardı
Bəli, artıq tam qətiyyətlə demək mümkündür ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların Rusiya polisinin xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilmələri və kütləvi şəkildə həbs edilmələri böyük prosesin tərkib hissəsidir. Bununla bağlı bəzi məqamlardan söz açacağıq.
Birinci məqam. İlk baxışdan düşünmək olar ki, Ukrayna müharibəsi fonunda dünyanı qarşısına alan ölkə savaş qaydalarına keçərək daxili mühiti sərtləşdirir ki, hərbi əməliyyatlar bölgəsində uğursuzluqlarla üzləşməsin. Ancaq durumu belə qiymətləndirməmək üçün əsaslar var. Birincisi, müharibə üç ildir davam edir, indiyədək də sərt tədbirlər görülə bilərdi. İkincisi isə azərbaycanlılara qarşı özbaşınalıqların 2001-ci ildə törədilmiş cinayətlə bağlılığı predmeti ortaya atılıb. Görünür, anti-Azərbaycan dalğasına başlamaq tapşırığı o qədər qəfil olub ki, baş verənlərdə səbəb-nəticə əlaqəsini uydurmaq ağla gəlməyib.
İkinci məqam. Ümumən, Rusiyanın dövlətçilik tarixində qeyri-millətlərə qarşı amansız münasibət “təcrübəsi” var. Bu “təcrübənin” ən müxtəlif təzahür formalarından – Stalin repressiyalarından, Qolodomor dəhşətindən, Çarizmin müsəlmanlara qarşı qətliamlarından və digər insanlıq əleyhinə cinayətlərdən söz açmaq mümkündür. 1990-cı ilin 20 Yanvar faciəsindən də həmçinin. Nəzərə alaq ki, 20 Yanvara bənzər qanlı olaylar sabiq SSRİ-nin müxtəlif müttəfiq respublikalarında də törədilmişdi. Görünür, hazırkı Rusiya “ənənənin” davamında “israrlıdır”.
Üçüncü məqam. Ötən müddətdə, habelə SSRİ-nin süqutundan sonrakı mərhələdə Rusiya düşüncə sistemi çoxmillətli məmləkəti normal qaydalarla idarə etməyin, insani keçinməyin formulunu tapa bilməyəcək qədər qısır oldu. Əslində, həm Yekaterinburqda, həm də ölkənin digər bölgələrində yaşananlar məhz bu qısırlıqdan qaynaqlanır. Rusiya üçün başlıca meyar imperializmə sadiqlikdir. Ölkənin, hətta, ziyalısı belə digər xalqlara və millətlərə yuxarıdan aşağı baxırsa, duruma başqa nə ad qoyasan?
Yeri gəlmişkən, Rusiya cəmiyyətində bir nəfər tanınmış nüfuzlu ziyalı, yaxud ictimai xadim bildirmir ki, polis xüsusi təyinatlılarının insanların, milli mənsubiyyətindən asılı olmayaraq, yaşadıqları evlərə girib qətl törətmələri heç bir ölçü və əndazəyə sığmır. Deməli, ölkənin düşüncə sisteminin də düşdüyü girdabı və dəhşəti təsvir edəcək sözlər acizdir.
Bəli, Rusiyada dəhşət həm də dəhşətlərə qarşı ictimai müqavimətin olmaması ilə yaşanır. Sanki diskriminasiya, şovinizm, islamafobiya meyardır. Bu düşüncəni meyar seçənlər SSRİ-nin xiffətini çəkir, onu bərpa etmək iddiasına düşürlər. Onlar qan bir Ukrayna xalqına qarşı amansızlığa, yaxşı halda, susqun qalırlarsa, eyni zamanda, aşkar internevsiya faktına haqq qazandırlarsa, şübhəsiz, nəzərlərində başqa xalqların və millətlərin nümayəndələrinin zərrə qədər də dəyəri yoxdur. Halbuki, Ukraynanın kənd və şəhərlərinin yer üzündən silinməsini, Buça kimi insanlıq faciəsi olan soyqırımı görməzdən gəlmək qətiyyən olmaz.
Dördüncü məqam. Tam əminliklə deyə bilərik ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş azğınlıq və şiddət, həmçinin oxşar proseslərin Rusiyanın digər yerlərində də baş verməsi Rusiyadakı şovinizmin və islamafobiyanın ən yüksək təzahürüdür. Durumun məxsusiliyi də var. Əvvəllər hökumət skinhedlər və digər saxta millətpərəst ünsürləri hərəkətə gətirirdi, indi mənfur əməli icra edənlər bilavasitə hüquq-mühafizə orqanlarıdır. Aydındır ki, bu, heç bir halda təsadüf sayıla bilməz.
Rusiya hakimiyyəti ölkənin azərbaycanlı kəsiminə özü dərs verir ki, mesaj bilavasitə Azərbaycana çatsın. Axı ölkəmizə təsir göstərmək üçün başqa rıçağı qalmayıb. Qarabağ münaqişəsi, bölgədəki separatçı rejim yoxdur. Ölkəmiz tam müstəqil siyasət yeridir, öz maraq və mənafelərini rəhbər tutur. Ona görə də Rusiya “ayılığa” keçib. Görünür, xalq dilində məşhur olan “rus ayısı” ifadəsi elə-belədən yaranmayıbmış.
Beşinci məqam. “Rus ayısı” bütün dövrlərin Rusiya hakimiyyətlərinin ümumiləşdirilmiş obrazıdır. İndi isə ölkə iqtidarının “ayılığına” bəraət qazandıran hüquqi termin var. Söhbət etnocinayətkarlıqdan gedir. Cinayət cinayətdir, onu kimin törətməsinin heç bir fərqi ola bilməz. Amma Rusiya “fərq” yaradır. Yaradır ki, ölkədəki digər xalqları cəzalandırmaq üçün daha münbit zəmin olsun.
Kiməsə etnocinayətkar damğası ayrıseçkiliyin edilməsi çoxmillətli Rusiya Federasiyasının quruluşuna da tam zidd təmayüldür. Bu, ölkənin öz iddiaları naminə hüququ alətə çevirməsindən başqa bir şey deyil. Hüquq ona görə iddiaya qurban verilir ki, Rusiyada yaşayan istənilən millətdən olan şəxs başının üstündə, bir növ, damokl qılıncının olduğunu düşünsün. Bu ifadə eyni zamanda rus xalqına digər millətlərin nümayəndələrinin ikinci, -yaxud üçüncü və dördüncü dərəcəli insan olduğunu aşılamaq niyyətindən qaynaqlanır.
Hazırda etnocinayətkarlıq ifadəsi, belə demək mümkünsə, öz işləkliliyinin ən yüksək fazasındadır. Halbuki, Azərbaycanda yaşayan ruslar heç vaxt xoşagəlməz münasibətlə üzləşməyiblər. Onlar hər zaman özlərini tamhüquqlu vətəndaş olaraq hiss ediblər. Ölkəmizə səfərə gəlmiş və ya hansısa səbəblərdən Bakıda və ətraf ərazilərdə yaşayan Rusiya vətəndaşları da hansısa nalayiq rəftarla üzləşməyiblər. Əlbəttə, rus şovinizmi bunu nəzərə almır və almayıb.
Belə qənaətə gəlmək mümkündür ki, hazırda Rusiyada qədim Hindistandakı kasta quruluşuna bənzər quruluş hökm sürməkdədir. Azərbaycanlılar, sanki, həmin kastadakı şudralardır. Hərçənd, şudra münasibəti ilə üzləşən digər xalqlar da var və indiki durumda ölkədə brahmanların, kşatriyaların, vayşyaların kimlər olduqlarını müəyyənləşdirmək çətindir.
Rus şovinizminin düşüncəsinə görə, digər xalqlar onlar üçün çalışmalıdırlar. Zamanında Hitler də almanları ali irqin təmsilçiləri kimi qələmə vermiş, bunu dövlət ideologiyası halına gətirmişdi. Nəticədə tarixə “Xrustal gecə” adı ilə düşmüş qanlı olay yaşanmışdı. Belə ki, 1938-ci ildə Almaniyada və Avstriyada nasistlər tərəfindən yəhudilərə qarşı genişmiqyaslı zorakılıq aksiyası həyata keçirilmişdi.
Qeyd edək ki, “Xrustal gecə” Holokostun (yəhudi soyqırımının) başlanğıcı hesab olunur. Ola bilər, nə vaxtsa Yekaterinburqdakı azərbaycanlı qətlləri də Rusiyadakı etnotəmizləmənin başlanğıcı kimi tarixə düşsün. Çünki hazırda olduqca ağır vəziyyətdə olan Rusiyanın rəhbərliyi problemlərin həlli yolunu proqmatik siyasətdə yox, dağıdıcılıqda, hərbə-zorbalıqda, “burda mənəm, Bağdadda kor xəlifə” məntiqində görür. Bu məntiqin bariz nümunəsini ötən il dekbarın 25-də təyyarəmizin vurulmasında gördük. Bu gün də Rusiya təyyarə olayına lazımi hüquqi qiymət vermir, zərərçəkənlərə təzminat ödəmək istəmir. Azərbaycan isə mövqeyində israrlıdır və bununla bağlı beynəlxalq miqyasdakı fəaliyyətini davam etdirəcək, haqqın təntənəsinə nail olacaq.
Altıncı məqam. Əvvəldə də bildirdiyimiz kimi, Rusiya Azərbaycana təsir rıçaqlarından məhrum durumdadır. Eyni zamanda, onu da bildirək ki, Moskvada ümumən Cənubi Qafqaz müstəvisindəki “erməni kartı”nın işlək olmadığının fərqindədirlər və durumu dəyişməyə çalışırlar. Mövcud istiqamətdə Ermənistanda bəzi proseslər gedir. Sabiq prezidentlər Serj Sarkisyanın və Robert Koçaryanın aktivləşdiyini görürük. Üstəlik, onlarla əlbir olan erməni kilsəsi də baş nazir Nikol Paşinyan iqtidarını devirməyə çalışır. Belə bir durumda Rusiyada anti-Azərbaycan ritorikanı körükləmək lazımdır ki, Ermənistandakı revanşist və şovinistlər daha da şirniklənsin. Heç şübhəsiz, Yekaterinburqda başlanmış məşəqqətin başlıca səbəblərindən biri də məhz budur.
Yeddinci məqam. Rusiyada “miqrant ovu” çərçivəsindəki anti-Azərbaycan motivli özbaşınalıqlarla əlaqəli daha bir cəhət var. Bu cəhətdə də başlıca rolu erməni amili oynayır. Əvvəldə Azərbaycanın müstəqil siyasət kursunun Kremli razı salmadığını təsadüfən vurğulamadıq. Bir halda ki, Moskva duruma təsir göstərmək iqtidarında deyil və bunun üçün “erməni kartı”nın üzərində dayanır, həmin kartın Rusiya seqmentini də diri tutmaq lazımdır. Ona görə də ölkədəki azərbaycanlıların nüfuz göstəricisi aşağı salınmalıdır. Rusiya bunun yolunu soydaşlarımızı sındırmaqda görür. Yekaterinburqda yaşanan yaramazlıq məhz bu düşüncədən qaynaqlanır. Bu düşüncə sahiblərinin hesablamalarına görə, etdikləri özbaşınalıqlar 44 günlük müharibədən sonra Rusiyada güclənmiş nüfuzlu azərbaycanlı obrazını heçə endirəcək. Müvafiq olaraq, erməni obrazı üstün mövqeyə yiyələnəcək.
Sonda bir məqamı da vurğulayaq. Məlumdur ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır. İstər-istəməz, sual olunur: Azərbaycanlılar nə üçün Rusiyadadırlar? Əlbəttə, Rusiya böyükdür və orada daha səmərəli iş imkanları var. Ancaq təkcə bunun üzərində dayanmaq doğru sayılmaz. Çünki dünyanın hər yerində miqrasiya məsələləri önəmlidir və prosesin fərqli səbəbləri var. Rusiyaya miqrasiya baxımından başlıca səbəb isə ölkənin vaxtilə tutduğu işğalçı mövqedir. Məhz işğal amili və onun nəticəsində formalaşmış istisadi və sosial bağ azərbaycanlıların Rusiyada yaşamaları reallığını doğurmuşdu. Sözümüz ondadır ki, ölkə zamanında qəsbkarlıq xətti yürütməsəydi, hazırda Rusiyadakı nəinki azərbaycanlıların, eləcə də digər qeyri-millətlərin mənsublarının sayı indikindən qat-qat aşağı olardı. İnsanlar öz məmləkətlərində qərar tutub ölkələrinin tərəqqisi uğrunda çalışardılar. Tam əminliklə deyə bilərik ki, vaxtilə Çarizmin, sonra bolşevizmin işğalı yaşanmasaydı, malik olduğu potensialını nəzərə alsaq, Azərbaycan indikindən qat-qat üstün mövqedə dayanardı.
XQ-nin analitik qrupu