Lev Tolstoydan Pyotr Tolstoya

post-img

Yaxud OMON-u Opritçina kimi görənlər haqqında rekviyem

Dünya və rus ədəbiyyatının görkəmli simalarından olan Lev Nikolayeviç Tolstoy “Dirilmə” romanında zadəgan Dmitri Nexlyudovun kəndli Katyuşa Maslovaya qarşı haqsızlığı və sonradan getdiyi mənəvi dönüş yolu ilə ədalət, vicdan və tövbə səhnələrini canlandırıb. Ümumən, Tolstoyun yaradıcılığı millətlərdən, dinlərdən və dövrlərdən üstün ümumbəşəri ideyalarla zəngindir. Bu baxımdan onun ən məşhur romanı sayılan “Hərb və sülh” ayrıca vurğulanmalıdır. Romanda müharibənin dağıdıcı mahiyyəti fonunda insan həyatının dəyəri, habelə yaşanan tarixin fəlsəfi çalarları kimi dərin mövzular son dərəcə universal səciyyə daşıyır.

Onu da bildirək ki, klassik rus ədəbiyyatında insanpərvərliyi təlqin edən digər dühalar da olub və onların irsi bəşəriyyətin ədəbi xəzinəsi sayılır. Lev Tolstoy da belə dühalardandır. Ancaq onun yaradıcılığından bəhs etmək niyyətindən uzağıq. Məqsədimiz Lev Tolstoy kimi nəhəngləri yetişdirən rus ictimai fikrinin hazırda düşdüyü acınacaqlı durumdan söz açmaqdır. Mövcud fonda istər-istəməz, sual yaranır: Görəsən, tolstoylar, dostoyevskilər və adlarını çəkmədiyimiz neçə-neçə dahilər dünyaya gəlməsəydilər, indi Rusiya necə olardı?

Əlqərəz, hazırda Tolstoy soyadlı biri Rusiya Dövlət Dumasının sədr müavinidir. Adı Pyotrdur və neonasist ruhlu bu məxluq ölkəsi üçün böyük utanc səhifəsinə çevrilmiş Yekaterinburq olaylarından söz açarkən, özünün ənənəvi hiddət ritorikasını işə salıb. O, Azərbaycan Xarici İşlər Nazirliyinin soydaşlarımıza qarşı zorakılığın və qətlin araşdırılmasına çağırış ruhlu bəyanatına tərbiyəsiz formada münasibət bildirib. P.Tolstoy, faktiki olaraq, azərbaycanlıların öldürülmələrinə haqq qazandırıb. 

Dövlət Dumasında əyləşən bu neandertalın yarımçıq düşüncəsinə görə, Rusiya özünün Azərbaycan əsilli vətəndaşlarını qətlə yetirmək, əzmək ixtiyarındaymış və heç bir başqa dövlət buna qarışa bilməzmiş. Hər halda, P.Tolstoy Yekaterinburq məşəqqətinin nə üçün, hansı məqsədlə başlandığından xəbərdardır. Eləcə də hazırda Rusiyanın müxtəlif bölgələrindəki azərbaycanlıların sıxışdırılmasının səbəbləri ona yaxşı məlumdur. 

...Fərq qoyulmur ki, kimsə ölkə vətəndaşıdır, yoxsa yox. Buna görə birmənalı şəkildə demək olar ki, hazırda Rusiyada soydaşlarımıza qarşı yaşanan total təzyiq fonunda əsl repressiv mühit hökm sürməkdədir və mövcud durumu formalaşdıranlar, öz aləmlərində, Azərbaycana dərs verdiklərini düşünürlər. P.Tolstoy bu “dərsə” iyrənc motivlər qazandırmaqdan başqa bir şey etmir. Onun dilə gətirdikləri körpüləri yandırmaqdır...  

Bəli, Azərbaycan XİN yaydığı sənəddə diplomatik tonu qoruyaraq ümumi ifadələrlə kifayətlənib. Aydındır ki, qurum adi kriminal səciyyə daşıyan olaya münasibət bildirməzdi. Deməli, məlum məsələlər var və indiki halda başlıca məqam P.Tolstoy və onun kimilərinin bu məsələlər fonunda həyasızlığa baş vurmalarıdır. Görünür, belələri özlərini Dövlət Dumasının təmsilçisi yox, çar İvan Qroznunun Opritçinasının üzvləri qiyafəsində təsəvvürə gətirirlər. Opritçinadan söz düşmüşkən, əminliklə söyləyə bilərik ki, XVI əsr Rusiyasında insanlara qarşı terrorun və qəddarlığın rəmzinə çevrilmiş sözügedən təşkilatın yerini hazırda Rusiya polisinin “OMON” adlandırılan xüsusi təyinatlı dəstəsi tutur. 

Əlqərəz, P.Tolstoy iddia edib ki, Yekaterinburqda qətlə yetirilmiş Səfərov qardaşlarından biri, guya, ürək tutmasından vəfat edib. Yəni, polis evə daxil olanda, qorxudan stres keçirib və dünyasını dəyişib. Tolstoy digər qardaşın ölüm səbəbinin araşdırıldığını da diqqətə çatdırıb. Necə deyərlər, utanmayasan, oynamağa nə var ki? Bu sərsəm fikrinə görə, Dövlət Duması təmsilçisinin insan yox, əsl zombi olduğu ortadadır. Bəs məhkəməsi gedən azərbaycanlıların sifətlərindəki fiziki xəsarət, zorakılıq izlərinin, onların tanınmaz hala düşdüklərinin əksini tapmış və sosial şəbəkərlərdə yayımlanmış görüntüləri nə edək? Əlbəttə, Tolstoy zərərçəkənlərin ayaqlarının sürüşüb yıxıldığını iddia edə bilər və onda bu “fikri” dilə gətirəcək “potensialın” mövcudluğu şübhə doğurmur... 

Beləliklə, Pyotr Tolstoy kimi ksenefobun Rusiyanın ali qanunverici orqanında təmsilçiliyi misli görünməmiş eybəcərlik, ölkənin dövlət idarəçiliyi və ictimai fikri adına böyük utancdır. Hərçənd, inanmırıq ki, hazırda Rusiyada bu məqamı düşünənlərin sayı zombiləşmişlərin sayından çoxdur. Əks halda, hansısa nüfuzlu şəxs meydana çıxar və azərbaycanlılara qarşı terrorun dayandırılmasını, bunun heç bir insani normalara sığmadığını bildirərdi. Bəlkə də bu barədə söz açanlar var, ancaq səsləri çıxmır, yaxud çox zəif çıxır. 

Tolstoy kimilər anlamalıdırlar: Azərbaycan XİN-in mövqeyi budur ki, hansısa cinayət əməlini araşdırmaq adı altında daha böyük cinayətlər törədilməsin.  Yəni, dövlət qurumumuz diplomatik etiketi pozmur, tam mahiyyət üzrə davranır. Hərçənd, azərbaycanlılara qarşı total təzyiqlər üçün uydurulmuş bəhanə əsl mahiyyət sayıla bilməz və bunu hər kəs bilir. Elə Tolstoyun özü də. Onun anlamadığı bir vacib məqam var. Söhbət insan hüquqlarından gedir. XXI əsrdə heç kəs deyə bilməz ki, bir dövlətin öz vətəndaşına, vətəndaşlığı olmayan şəxslərə qarşı törətdiyi qanunsuzluq, qəddarlıq və şiddət həmin dövlətin daxili işidir. Çünki bəşəri dəyərlərin mühafizəsi ümumən insanlığın ümdə vəzifəsi qismində qəbul olunur və bu, beynəlxalq hüquq prizmasından dəyərləndirilir. Əlbəttə, beynəlxalq hüququ ayaqlar altına almış Rusiya və onun Tolstoy kimi zəncantroplarını mövcud məqam düşündürməyə bilər... 

Amma Rusiyada bəzi suallara cavab tapılmalıdır. Məsələn, rus qoşunları nə üçün, hansı məqsədlə Krıma daxil olmuşdular? Əlbəttə, Kremlin strateji hədəfləri var idi. Ancaq rəsmi Moskva, o cümlədən Prezident Vladimir Putin nəinki Krımda, habelə Donetsk və Luqanskda rusların qorunmasının, onların hüquqlarına hörmətlə yanaşılmasının vacibliyini dəfələrlə vurğulayıb, “Ukrayna hakimiyyətinin məsələyə etinasız münasibətini” qabardıb. Tolstoyların məntiqini əsas tutsaq, Putinin mövqeyi Ukraynanın daxili işlərinə qarışmaq idi. Deməli, rus milləti mənsublarının qeydinə qalmaq Rusiyaya olarsa, Azərbaycana da azərbaycanlılar üçün narahatlıq keçirmək tam məqbuldur. O zaman Tolstoy nə üçün ölkəmizin XİN-nin bəyanatından “incik düşüb”?

Cavab sadədir. Tolstoy kimi şovinist neonasistlər ölkələri üçün sonsuz “səlahiyyətlər” və “imtiyazlar” müəyyənləşdiriblər. Onların hərbə-zorba ritorikalarının bütün sərhədləri və mənəvi normaları aşdığı məlumdur. Ancaq reallıqlar var. Ukrayna ilə müharibəyə cəlb edilmiş Rusiya hazırda ağır durumdadır. Hakimiyyətin müharibənin müqəddəsliyi ilə bağlı uydurduğu bütün saxta tezislərin geniş ictimai rəyə təsiri yoxdur. Ona görə döyüşmək üçün əsgər tapılmır. Bütün bunlar öz yerində. Daha bir mühüm məqam Rusiyanın nə üçün Ukrayna müstəvisində Qərbin “tələsinə” düşməsidir. Hesab edirik ki, məsələ ətrafında təkcə ölkənin hakimiyyəti yox, bütövlükdə rus cəmiyyəti düşünməlidir. Özü də təkcə düşünməli yox, dərs çıxarmalıdır. Bu gün Tolstoy kimi gerizəkalılar, qəddar və qorxunc təfəkkür sahibləri, insan hüquqlarına həqarət çarçıları Rusiya Dövlət Dumasında kürsü zəbt edə bilirlərsə, deməli, ölkəni gələcəkdə daha ağır durum, strateji məğlubiyyətlər gözləyir. Çünki bu kimi məxluqlar XXI əsr Rusiyasını çürük imperiya klişelərindəki kimi təsəvvürə gətirirlər. Belələri üçün başqa xalqların nümayəndələri ikinci növ insanlardır və çox təəssüf ki, onların təhlükəli tezisləri, loru dildə desək, yuxarıdan aşağı baxışları çoxmillətli federativ quruluşa malik Rusiyanın idarəçilik fəlsəfəsində də başlıca yer tutur. Saxta beynəlmiləlçiliyi əlində bayrağa çevirmiş keçmiş SSRİ də məhz tolstoyların xələflərinin sərsəmlikləri səbəbindən dağıldı.

Sonda yenidən dahi Lev Tolstoydan soz açaq. Ədibin yaradıcılığının müəyyən dövründə dini və fəlsəfi motivlər güclənmiş, o, kilsəni və onun ikili standartlarını tənqid etmiş, paralel olaraq, öz dini-fəlsəfi sistemini qurmağa çalışmışdı. L.Tolstoyun sistemində əsas ideya insanlara sevgi, zora qarşı mənəvi dirənişlə cavab vermək və vicdanla yaşamaq üzərində qurulmuşdu. Bu yerdə yazımızın əvvəlindəki suala cavab olaraq bildirək ki, lev tolstoylar olmasaydı, Rusiya indikindən daha acınacaqlı duruma düşərdi. Ən mühüm, müəyyən mənada, ritorik mahiyyətli sual isə budur: Görəsən, nə oldu ki, Lev Tolstoy mənəvi zənginlik dövrünün üzərindən bir əsrdən çox zaman keçdikdən sonra Rusiyada onun soyadını daşıyan Pyotr adlı ksenefob peyda oldu? Ortada son dərəcə böyük ziddiyyət var. Görəsən, represiya ilhamvericilərinə çevrilmiş pyotrları, Aleksandr Soljenitsinin təbirincə desək,  hansı analar doğdu? Nəzərə alaq ki, indiki halda Pyotr Tolstoy ölkədəki sərsəm təxəyyül sahiblərinin ümumiləşdirilmiş obrazıdır. Rusiyanı sabiq SSRİ kimi uçuruma və məhvə aparan, mütərəqqilikdən, insani yaşantıdan tam uzaq bir obraz.  Dünyaya isə ikinci Lev Tolstoy gəlməyəcək. Deməli, Rusiyada düşünməlidirlər ki, ədibin “İvan İliçin ölümü” əsərində təsvir olunmuş əzab və peşmanlıqla dolu daxili inqilab sonrası yaşanmış xilas anı da yaşanmayacaq.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət