Azərbaycan bu “ləkə”ni kəsib atdı, “miatsumçular” isə beyinlərindən silməlidirlər
İndi nə Dağlıq Qarabağ adlı bir ərazi vahidi var, nə də bu adda münaqişə qalıb. Ermənistan dörd il səkkiz ay bundan əvvəl kapitulyasiya aktını imzalayandan, bir il on ay əvvəl isə birgünlük lokal antiterror əməliyyatı ilə bölgədə separatizmin kökü kəsiləndən sonra postmünaqişə dövrü başlayıb. Bu dövrün reallığını Azərbaycan yaratdığı kimi, Ermənistanla “yol xəritəsi”nin arxitektoru da özüdür.
Azərbaycan son beş ildə azı iki əsr hayların beyinlərini tiryək kimi dumanlandırmış “Böyük Ermənistan” xülyasının sabun köpüyündən başqa bir şey olmadığını sübuta yetirdi. İntəhası, o da var ki, fərdin adət halını almış pis vərdişlərdən can qurtarması nə qədər çətindirsə, erməni adlı toplum üçün də utopiyaya, nağıllara aludəçilikdən əl çəkmək bir o qədər ağrılı prosesdir. Amma haylar batmanla gələn xəstəlikdən misqalla olsa da, müalicə olunmağa məhkumdurlar.
***
III Şuşa Qlobal Media Forumu daha çox Azərbaycan Prezidenti İlham Əliyevin konkret instansiyalara ünvanladığı aydın mesajları ilə yadda qaldı. Dövlətimizin başçısı yerli və xarici media mənsubları qarşısında çıxışında, eləcə də onların suallarını cavablandırarkən həm bölgə, həm də beynəlxalq gündəmlə bağlı aktual məsələlərə münasibət bildirdi. Onun “Dağlıq Qarabağ yalnız ermənilərin təxəyyülündə ola bilər” tezisi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan ölkə liderinin birmənalı mövqeyi kimi qəbul olundu. Forum iştirakçıları Azərbaycan liderinin bu mövqeyinin yalnız diplomatik yöndən deyil, həm də beynəlxalq hüququn təməl arqumentləri ilə tam əsaslandırmasının şahidi oldular.
Dövlət başçımızın bundan əvvəl də dəfələrlə “Qarabağ münaqişəsi artıq həll olunub, tarixdə qalıb” bəyanatları dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri tərəfindən qəbul edilmiş aksioma dönüb. Çıxışında sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğuna diqqəti çəkən İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupu üçlüyünün hələ də çalışdığını vurğuladı: “Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə, onlara bildirdim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik”.
Ardınca dövlətimizin başçısı diqqətə çatdırdı ki, prosesin başlamasını Bakı təklif edib: “Sülh sazişinin mətnini hazırladıq, Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi. İki il ərzində heç bir irəliləyiş olmadı. Bunun başlıca səbəbi o idi ki, Ermənistan tərəfi sülh sazişinin mətninə “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdədir, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan məsələ əlavə edilə bilməz”. Prezident İlham Əliyev onu da vurğuladı ki, 2023-cü ilin sentyabrında Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra rəsmi İrəvan bu məsələdə israr etmədi. Çünki bu mövzu artıq qapanmışdı.
Real danışıqların 2024-cü ilin yanvarında başlandığını forum iştirakçılarının nəzərinə çatdıran dövlət başçımız Bakının hazırladığı sülh sazişinin mətni üzərində iş getdiyini və sonda razılaşdırıldığını vurğuladı: “Ermənistan bizim irəli sürdüyümüz iki bəndi mətnə əlavə etmək istəmirdi. Amma ABŞ Prezident Donald Tramp seçkidə qalib gələn kimi onlar həmin bəndləri də sazişə əlavə etdilər. Bunlar Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər”.
Təəssüf ki, münaqişəni yenidən alovlandırmağa, erməniləri revanşizmə sövq etməyə çalışan qüvvələr hələ də öz işlərini görürlər. Bu revanşist düşərgənin önündə xaricdəki erməni lobbisinin və ermənipərəst qüvvələrin gəldiyi hamıya məlumdur.
Amma son vaxtlar İrəvanın bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizliyin yolunun qonşuları ilə əməkdaşlıqdan keçdiyini anlamağa başladığını deyə bilərik. Artıq Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq üçün nə bəhanəsi qalıb, nə də imkanı var. Azərbaycan bütün kommunikasiyaların qarşılıqlı şəkildə bərpası üçün də konkret işlər görür. Bunun ən böyük xeyrini isə sülhə gəlməyə hazırlaşan Ermənistan görəcək. Deyəsən, Paşinyan komandası bunu da başa düşüb...
Kəramət QƏNBƏROV,
beynəlxalq hüquq üzrə ekspert
– Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma “DQR” beynəlxalq hüquqa zidd elan olunmuş və heç bir dövlət tərəfindən tanınmamışdı. Beynəlxalq hüquqda dövlətlərin daxili işlərinə qarışmamaq və sərhədlərin toxunulmazlığı prinsipləri, xüsusilə BMT Baş Assambleyasının 24 oktyabr 1970-ci il tarixli “Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq prinsipləri haqqında Bəyannamə” ilə də təsbit edilib. Bu sənəddə açıq şəkildə yazılıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi dövlətlərin ərazi bütövlüyünün və siyasi birliyinin pozulmasına səbəb ola bilməz. Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində yaranmış vəziyyətlə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən ardıcıl olaraq qəbul edilmiş 4 qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqləndi, işğalçı qüvvələrin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edildi. Bu sənədlərdə Azərbaycanın Qarabağ bölgəsində mövcud olan qondarma rejim heç bir formada legitim qurum kimi tanınmadı.
18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” (№783) ilə Azərbaycanın ərazisi onun 1991-ci ildə SSRİ-dən ayrılarkən mövcud sərhədləri çərçivəsində təsbit olunub. 2021-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü haqqında” Qanunda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi nəzərdə tutulmayıb. Beləliklə, hüquqi baxımdan Azərbaycanda “Dağlıq Qarabağ” adlı bir qurum mövcud deyil.
Erməni lobbisinin son illər ABŞ-da, Fransada və digər ölkələrdə keçmiş separatçı qurumun, guya, “tanınması” ilə bağlı səsləndirdiyi bəyanatlar beynəlxalq hüququn “uti possidetis juris” prinsipi ilə tam ziddiyyət təşkil edir. Bu prinsipə əsasən, dövlətlər müstəqillik əldə edərkən mövcud inzibati sərhədlərlə tanınırlar. Azərbaycan da məhz həmin sərhədlərlə tanınıb və bu sərhədlər daxilində suveren hüquqlarını bərpa edib.
Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumu səsləndirdiyi fikir həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə tam uyğundur. Eyni zamanda dünya ictimaiyyətinə çağırışdır ki, erməni separatizminin əsassız iddialarına aldanmasınlar və reallığı qəbul etsinlər.
Tofiq ABBASOV,
siyasi icmalçı
– Savaş meydanında məğlub olan, siyasi cəhətdən müflisləşən, psixoloji müstəvidə də tərksilah olunan ermənilər informasiya sahəsində müəyyən kompensasiya qazanmağa çalışırlar. Əlbəttə, onlar bunu özlərinə təskinlik vermək üçün edirlər. Amma aramızda olan problemlərin hamısı açıq mübarizədə öz həllini tapıb. Bu zaman Azərbaycan bir daha sübut etdi ki, “Dağlıq Qarabağ” deyilən bir anlayış artıq mövcud deyil. Bizim üçün aşağı və yuxarı Qarabağ var ki, bu da vahid regiondur. Bəli, vaxtilə mənfur qüvvələr qondarma vilayət yaratmaqla Ermənistan üçün bir platforma yaratmışdılar. Guya, dağüstü Qarabağda bunların yaşayış yerləri olub.
Haylar həmişə məhz fantaziyalarla, xülyalarla yaşayıblar. Son illər baş verən hadisələrdən, bizdən aldıqları acı dərslərdən lazımi qənaətlər çıxarmalı və düşdükləri vəziyyət və acı aqibətləri ilə barışmalıdırlar. Çünki başqa yolları yoxdur. Buna baxmayaraq yenə də xəyallar qurur, fantaziyalarını ortaya atmağa cəhd göstərirlər. Dünya ictimaiyyətinə təlqin etməyə girişiblər ki, guya, “Dağlıq Qarabağ”, “Stepanakert” durur. Bütün bunlar stansiyanı tərk etmiş qatarın dalınca baxmağa bənzəyir. Özləri də bilirlər ki, o qatarın sonuncu vaqonunun tamburuna belə çata bilməyəcəklər. Amma biz son günlər Nikol Paşinyanın nisbətən praqmatik mövqedə dayandığını, həmin qondarma “dar”ın İrəvandakı binasını separatçıların əlindən almağa girişdiyini görürük. Yəni, faktiki olaraq, onlara mesaj verir ki, bu məsxərəyə artıq son qoyuldu. Qarabağdan öz istəkləri ilə Ermənistana köçən on minlərlə erməninin orada məskunlaşa bilmədiklərini, xarici ölkələrə üz tutduqlarını Paşinyanın öz dilindən eşitdik. Təxminən 30 mindən çox keçmiş Qarabağ ermənisi Ermənistanı tərk edib. Deməli, ortaya belə bir məntiq çıxır ki, buradan getmiş ermənilər Ermənistanı özləri üçün müvəqqəti sığınacaq, keçid platforması kimi görürmüşlər.
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan bədənindəki “Dağlıq Qarabağ” adlı onkoloji kiçik ləkəni kəsib tulladı. Məsələnin məhz bu cür, köklü şəkildə həll etdiyimizi Paşinyan və komandası da yaxşı başa düşür. Bu baxımdan Azərbaycan Prezidentinin Şuşa Forumunda dediyi fikilər real əsaslara söykənir.
İmran BƏDİRXANLI
XQ