II MƏQALƏ
Azərbaycanın bölünməsi
Biz Azərbaycanın Şimal və Cənub hissələrinə Qacar İmperiyası ilə Rusiya İmperiyası arasında gedən müharibələr nəticəsində XIX əsrin üçüncü onilliyində bölündüyünü unutmuruq (1828-ci il Türkmənçay müqaviləsi). Prezident İlham Əliyev bu anlama yeni bir geosiyasi məna çaları gətirmişdir. “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində dövlət başçısı Azərbaycanın XX əsrin ikinci onilliyinin sonunda (rəsmi olaraq, 1920-ci il dekabrın 2-də) bölünməsini yeni kontekstdə aktuallaşdırmışdır. Mənbələr də təsdiq edir ki, ermənilərin “Aşxatavor” (“Zəhmətkeş”) adlı qəzeti həmin dövrdə yazmışdır: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan imtina etməsini biz alqışlayırıq”.
Azərbaycanın qədim torpaqlarının bir hissəsinin qanunsuz olaraq ermənilərə verilməsini obrazlı desək, “qardaş yardımı”, “iki xalqın dinc yaşamasının fundamenti” kimi ibarələrlə ifadə edirdilər. Ancaq tarixi fakt ondan ibarət idi ki, sovetlərin təkidi və əmri ilə Azərbaycanın ərazisinə daxil olan Zəngəzuru Ermənistana birləşdirdilər. Bu proses Zəngəzurun aborigen insanları olan azərbaycanlıların həm amansız deportasiyası, həm də böyük işgəncələr verilməsi ilə müşayiət olunurdu.
Prezident İlham Əliyev bununla çox mühüm geosiyasi məqamı önə çəkir. Zəngəzurun zorla Azərbaycandan qoparılması faktiki olaraq böyük bir coğrafiyada parçalanma yaratdı. İ.Stalin əslində bu niyyətlərini açıq ifadə etmişdir. O, 2020-ci il noyabrın 16-da V.Leninə göndərdiyi teleqramda üç təhlükədən bəhs edir. Onlardan birini aşağıdakı kimi təqdim edir. İ.Stalin yazırdı: “Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır”.
İfadəyə diqqət edək: “erməni sovet pazı” türk dünyasını coğrafi, siyasi və geosiyasi olaraq parçalamaq məqsədi daşıyırdı. 100 ildən çoxdur ki, bu vəziyyət Cənubi Qafqaza və bütövlükdə türk dünyasına ciddi əngəllər törədir. Azərbaycanın dövlət başçısı bu kontekstdə Azərbaycanın sovetlər tərəfindən ikiyə bölünməsinin regional və qlobal fəsadlarını tam haqlı olaraq bütün dünya siyasətinin gündəminə gətirir.
Müsahibəsində İlham Əliyev məsələni çox aydın və dolğun təqdim etmişdir. Dövlət başçısı demişdir: “…necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi.
1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”.
Sovetlərin bu bölücü fəaliyyətini SSRİ dönəmində azərbaycanlılar elə də hiss etmədilər, çünki sərhəd yox idi. Ancaq birincisi, hüquqi olaraq artıq Zəngəzur Azərbaycanın siyasi-hüquqi-coğrafi sərhədləri daxilində qəbul edilmirdi, ikincisi, sovetlər dağılanda dərhal ermənilər əsl sifətlərini göstərdilər. Onlar Zəngəzuru azərbaycanlıların keçidi üçün bağladılar.
Belə aydın olur ki, indi Zəngəzur özünün həqiqi tarixi, siyasi və geosiyasi funksiyasını yerinə yetirə bilmir, çünki onu ermənilər Azərbaycanla Türkiyə arasına yeridilmiş “sovet pazı” kimi hələ də saxlayırlar. Daha geniş miqyasda bu türk dünyası arasında kommunikasiya üçün əngəl olaraq qalır. Dünya miqyası üçün də Zəngəzur çox önəmlidir, ona görə ki, onun açılması onlarla dövlətin bir-biri ilə çox faydalı əlaqələr qurmasına geniş imkanlar yaradacaq.
Beləliklə, Azərbaycan Prezidenti real faktlar əsasında geniş geosiyasi məkan üçün olduqca faydalı təklif irəli sürür. İlham Əliyev vurğulayır ki, Zəngəzur Dəhlizinin açılması hər şeydən öncə 100 ildən çox bundan qabaq pozulmuş tarixi ədalətin qismən bərpa olunmasına xidmət edir. Əlavə, Türk dünyasının təbii olaraq kommunikasiya yaratmaq hüququna müsbət təsir göstərir.
Nəhayət, bundan dünya Şərqi və Qərbi olaraq yararlana bilir. Yəni Zəngəzuru işğal edib ermənilərə verməklə böyük bir tarixi ədalətsizlik ediblər. İndi onun aradan qaldırılması da bütün dünya üçün əhəmiyyətlidir.
Bunlardan Prezident İlham Əliyevin müsahibədə Azərbaycanın ikiyə bölünməsinin geosiyasi aspektdə anlamına yeni məna çalarları verməsinin yüksək dərəcədə əhəmiyyəti olduğu nəticəsini çıxara bilərik. Bu cəhət üzərində geniş dayanmağa ehtiyac vardır.
Zəngəzur Orta Dəhliz kontekstində
Azərbaycan mediası bu barədə çox yazmışdır. Zəngəzur Dəhlizinin açılmasının kommunikativ funksiya aspektində birbaşa Çindən başlayan Orta Dəhliz ilə əlaqələndirmək tamamilə təbii və düzgündür. Zəngəzur elə bir coğrafiyada yerləşmişdir ki, onun vasitəsi ilə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində faydalı və sabit nəqliyyat və logistika işlərini görmək olar. Bundan Çindən başlayaraq marşrut üzərində olan hər bir dövlət, o cümlədən İran və Ermənistan da faydalanacaq.
Bütövlükdə türk dövlətlərinin quru yolla əlaqəsi məsələsinin başlıca çətinliyi aradan qalxacaq. Türkiyə ilə Azərbaycan coğrafi olaraq təbii kommunikativ bağlantıya nail olacaqlar. Bunun sayəsində dünyanın çox sayda dövlətləri ciddi maddi fayda götürəcək.
Uzun müddətdir ki, Qərblə Şərqin və Şimalla Cənubun beynəlxalq layihələr çərçivəsində etibarlı kommunikativ dəhliz axtarışı da bir maneəni aşmış olacaq. Azərbaycan lideri həmin bağlılıqda müsahibəsində xüsusi vurğulamışdır: “Deməli, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Sualınıza qayıdaraq qeyd edim, mən bilirəm ki, İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək”.
Prezident İlham Əliyevin dəqiq təsvir etdiyi bu mənzərənin ciddi geosiyasi anlamı da mövcuddur.
Multilateral kommunikasiya nümunəsi
Multilaterializm ümumi anlamda beynəlxalq səviyyədə çoxaspektli əlaqələrə aiddir. Burada fərqli cəhət hər bir iştirakçı dövlətin münasibətlərdə bərabər hüquqa malik olmaq və mövcud imkanlardan ayrı-seçkilik olmadan istifadə etmək imtiyazına sahib olması ilə bağlıdır. Əlbəttə, bunun üçün ölkələrarası münasibətlərin multilateral təşkili mexanizmi də işlənməlidir. Geosiyasi təlimlərdə bu xüsusiyyətinə görə multilateralizmi bilateralizm (ikitərəfli münasibətlər) və unilateralizmdən (təklikdə fəaliyyət göstərmək) fərqləndirirlər. O cümlədən multilateral əməkdaşlıq inklüzivliyi, imtiyazlılıqda bərabərliyi və kollektiv idarəetmə özəllikləri ilə digərlərindən seçilirlər.
Aydındır ki, çoxtərəfli və çoxaspektli münasibətlərə aid olan multilaterallıq hər bir konkret nümunədə xüsusi məna çaları ala bilər. Azərbaycan Prezidentinin Zəngəzura geosiyasi məkan kimi verdiyi məna çaları vurğulanan məqamların yaradıcı dərk edilməsi ilə əlaqəlidir. Onun konkret əlamətlərini göstərmək olar.
Birincisi, Prezident İlham Əliyevin müasir mərhələdə Zəngəzurun coğrafi olaraq əməkdaşlıq layihəsi çərçivəsində qiymətləndirməsini tarixi, siyasi və geosiyasi faktorlarla əlaqələndirməsi vacib nəzəri və praktiki addımdır. Bununla iki müsbət məqam önə çıxır. Onlardan biri Azərbaycan dövlətinin Zəngəzurun tarixi Azərbaycan torpağı olması həqiqətini qətiyyən unutmadığı ilə əlaqəlidir. Digər məqam Azərbaycanın beynəlxalq hüquqdan kənara çıxmadan Zəngəzur məsələsinin multilateral əməkdaşlıq formatı çərçivəsində qəbul edilməsini aktual hesab etməsindən ibarətdir. Bu iki məqamdan avtomatik olaraq məntiqi nəticə alınır: Zəngəzurun “Bir kəmər, bir yol” layihəsinin mühüm kommunikativ elementi kimi adekvat dərki, onun tarixi, siyasi və geosiyasi özəllikləri ilə bağlıdır.
Daha sonrakı məqam vurğulanan xüsusiyyətlərin Zəngəzuru substantiv aspektdə geniş geosiyasi məkanda multilateral əlaqələrin çox əlverişli coğrafiyası olaraq qəbul etməyin zəruriliyini ifadə etməsidir. Funksional aspektdə isə Zəngəzur Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində faydalı kommunikativ əlaqələrin qurulmasının vazkeçilməz faktoru olması aktuallaşır.
Bütün bunlar onu göstərir ki, İlham Əliyev Azərbaycanın sovet dönəmində ikiyə bölünməsi məsələsini müasir mərhələdə aktual regional və qlobal əməkdaşlığın çox vacib aspektləri ilə əsaslı surətdə əlaqələndirir.
Bu təşəbbüsü müasir geosiyasətdə multilateral kommunikasiyanın yeni nümunəsi kimi dərk etmək gərəkdir. Konseptual cəhətdən tamamilə əsaslandırılmış bu yanaşma, həm də birbaşa praktiki fayda verə bilir. Məsələnin də ən əhəmiyyətli tərəfi məhz bu xüsusiyyətlə bağlıdır. Dövlət başçısı bəşəri mənəvi-mədəni dəyərlərə, beynəlxalq hüquqa və regionun tarixi-siyasi təkamülünün əsas əlamətlərinə uyğun olan yanaşma ilə Azərbaycanın coğrafi olaraq bütövləşməsinin dünya üçün faydalı olduğunu nümayiş etdirir. Eyni zamanda Azərbaycanın coğrafi olaraq bütövləşməsinin regionun təbii inkişafı üçün stimulverici faktoru olduğunu əsaslandırır.
Daha geniş miqyasda isə Azərbaycanın və regionun coğrafi bütövlüyünün Türk dünyasının bütövlüyünə xidmət etdiyini göstərir. Və bütün bu müsbət dəyişikliklər birbaşa beynəlxalq əməkdaşlıq layihəsi kontekstində real məzmun alır. Deməli, Azərbaycan faktiki olaraq “Bir kəmər, bir yol” layihəsinin geosiyasi kontekstdə funksiyaları sırasında inteqrativlik cəhətini ön sıraya çıxarır. Bunu nəzəri, konseptual və siyasi-diplomatik aspektlərin vəhdətində təqdim edir.
Bunlardan Türk Dövlətləri Təşkilatının (TDT) missiyası, mahiyyəti, məqsədləri və funksiyaları ilə bağlı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə irəli sürdüyü tezislərin təhlilinə keçmək məntiqidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru