Xarici təsirlərin və QHT casusluğunun qarşısı qətiyyətlə alınır
Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti və onların ictimai-siyasi proseslərə təsiri həm ölkə daxilində, həm də beynəlxalq arenada müzakirə mövzusuna çevrilib. Xüsusilə son illər baş verən qanunvericilik dəyişiklikləri, hökumət ilə QHT-lər və onların beynəlxalq donorları arasında yaranan gərgin münasibətlər bu sektorda əsaslı dönüş nöqtəsinin formalaşdığını göstərir.
Gürcüstan hökuməti uzun müddət vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyib. Dövlət institutları bu təşkilatlarla əməkdaşlıq şəraitində bir sıra islahatlara imza atıb, xüsusilə hüquqi maarifləndirmə, insan hüquqları və sosial layihələr sahəsində partnyorluqlar qurub. Lakin son dövrlərdə bəzi QHT-lər öz əsas fəaliyyət sahələrindən uzaqlaşaraq, bilavasitə siyasi proseslərə müdaxilə edir və ictimai rəyin formalaşmasında rol oynamağa çalışır. Ölkədə hakimiyyətə qarşı baş tutan etiraz aksiyalarında fəal iştirak edirlər. Onların bu fəaliyyət istiqamətləri və siyasi ritorikası cəmiyyətin müəyyən qruplarında, eləcə də hökumət dairələrində narahatlıq doğurur.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi də bu narahatlıqların hüquqi əsasda ifadəsi idi. Sənəd xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatı təqdim etməsini tələb edirdi. Bu təşəbbüsün əsas məqsədi Gürcüstanda ictimai rəyi və siyasi müzakirələri xarici təsirlərin nə dərəcədə yönləndirdiyini müəyyənləşdirmək idi. Amma bu qanun layihəsi cəmiyyətin bir hissəsi, müxalifət qüvvələri və beynəlxalq tərəfdaşlar tərəfindən ciddi tənqid olundu. Bəzi QHT-lər qeydiyyatdan keçmək, xarici maliyyə dəstəyindən mərhum olmaq istəmirlər. Bir qrup QHT-nin bir neçə gün bundan əvvəl bəyanat yayması da bundan xəbər verir. Onlar bildiriblər ki, 11 avqustda Antikorrupsiya Bürosundan növbəti məktubu alıblar və büroya hüquqi sənədlər göndərəcəklər. Bu sənədlərdə qeyd olunacaq ki, onların həmin reyestrdə qeydiyyata alınması qanunauyğun deyil: “Dəfələrlə ictimaiyyətə açıqladığımız mövqeyimizə uyğun olaraq bir daha bəyan edirik ki, biz xarici dövlətin maraqlarını daşıyan qurum kimi qeydiyyatdan keçməyəcəyik. Biz nizamnaməmizə əsasən, fəaliyyət göstərən müstəqil gürcü QHT-ləriyik”.
Daha sonra qeyd olunur ki, müstəqil QHT-lərə və azad mediaya təzyiq göstərmək məqsədi demokratiyanın məhv edilməsidir. Lakin biz işimizi davam etdirəcəyik və gürcü xalqını dəstəksiz qoymayacağıq. Gürcüstan xalqının haqq etdiyi azad, demokratik və Aİ-yə üzv dövlət olana qədər mübarizəni davam etdirəcəyik. Bir daha bəyan edirik ki, biz rus qanunları ilə yaşamağa hazırlaşmırıq və gürcü xalqının hüquqlarını qorumaq uğrunda mübarizəmizi davam etdirəcəyik”.
Bu bəyanatı imzalayanlar arasında “Vətəndaş Cəmiyyəti Fondu”, “Sapari”, “Beynəlxalq Şəffaflıq – Gürcüstan”, “Media İnkişaf Fondu”, “İSFED”, “Sosial Ədalət Mərkəzi” kimi QHT-lər var. Bəyanat açıq-aydın qanunun tələblərinə meydan oxumaq idi. Lakin vaxtında da layiq olduğu cavabı aldılar. Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini təmin edərək, bir neçə qeyri-hökumət təşkilatının, o cümlədən yuxarıda adları çəkilən QHT-lərin bank hesablarına həbs qoydu. Prokurorluğun məlumatına görə, bu qərar sabotaj, xarici təsir altında olan qurumlara hakimiyyət əleyhinə fəaliyyətində yardım göstərilməsi, milli təhlükəsizliyə və konstitusion quruluşa qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi faktları üzrə aparılan istintaq çərçivəsində qəbul edilib.
***
İstintaqın iddiasına əsasən, 2024-cü ildə keçirilən etiraz aksiyaları zamanı zorakı toqquşmalar baş verib və bəzi QHT-lərin maliyyə vəsaitləri polisə qarşı istifadə edilən xüsusi avadanlıqların alınmasına sərf olunub. Həmçinin bu təşkilatların aksiyalarda iştirak edən şəxslərə və onların ailələrinə maddi və hüquqi dəstək göstərilib. Prokurorluq qeyd edib ki, bu fəaliyyətlər təşkilatların nizamnamə məqsədlərini aşır və qanunla ziddiyyət təşkil edir. Bu səbəbdən 27 avqust 2025-ci il tarixində onların bank hesablarına həbs qoyulub.
Prokurorluq onların fəaliyyətini “milli təhlükəsizlik və konstitusiya quruluşuna qarşı yönəlmiş addım kimi dəyərləndirib”. Maraqlıdır ki, məhkəmənin bu qərarı beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb dövlətlərinin narahatlığına səbəb olub. Məsələn, İsveç Xarici İşlər Nazirliyi Gürcüstanda 7 qeyri-hökumət təşkilatının bank hesablarının dondurulmasını demokratiya naminə “səhv istiqamətdə atılmış növbəti addım” kimi qiymətləndirib və bu addımı narahatedici adlandırıb. Nazirlik bu qərarı Gürcüstanın demokratik inkişafı baxımından geriyə atılmış addım kimi dəyərləndirib.
Estoniya Xarici İşlər Nazirliyi baş verənləri “demokratiya üçün böyük uğursuzluq” adlandıraraq mövqe ortaya qoyub. Çexiya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat verərək, rəsmi Praqanın Gürcüstanda vətəndaş cəmiyyətinin yanında olduğunu bildirib və hökuməti aparılan araşdırmaları dayandırmağa, eləcə də dondurulmuş maliyyə vəsaitlərini azad etməyə çağırıb. Böyük Britaniyanın Gürcüstandakı səfirliyi isə bu qərarı siyasi motivli hesab edərək, onun vətəndaş cəmiyyətini susdurmaq məqsədi daşıya biləcəyindən narahatlığını ifadə edib.
İstənilən halda Gürcüstan öz mövqeyindən, milli maraqlarından dönmək niyyətində deyil. Bu açıqlamalara verilən reaksiya da bunu göstərir.
Gürcüstan Baş Prokurorluğu tərəfindən 7 qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulmasını Tbilisi ölkənin milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab edir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu kontekstdə məsələyə münasibət bildirərək, xarici səfirliklərin və beynəlxalq tərəfdaşların bəyanatlarını tənqid edib. Xüsusilə, Böyük Britaniya səfirliyinin səsləndirdiyi narahatlığı “qeyri-dost” addım kimi qiymətləndirən Papuaşvili qeyd edib ki, bu cür bəyanatlar cəmiyyətdə haqlı suallar və şübhələr doğurur. Onun sözlərinə görə, səfirlik əvvəllər “Tabula” nəşri və “Gələcək Akademiyası” kimi ekstremist qurumları maliyyələşdirməyə çalışıb və bu qurumların nümayəndələri seçkiləri sabotaj etmək niyyəti daşıyıblar.
Papuaşvili əlavə edib ki, Böyük Britaniya səfirliyinə 2024-cü il seçkiləri zamanı dəstəklədiyi təşkilatlarla bağlı şəffaflıq nümayiş etdirməsi üçün çağırış edilsə də, bu suallar cavabsız qalıb. Onun fikrincə, əksinə, səfirlik ictimai narahatlığı cavablandırmaq yerinə, yenidən tənqidi və müdaxilə xarakterli bəyanatla çıxış edib. Gürcüstan hökuməti beynəlxalq reaksiyalara baxmayaraq, QHT-lərə qarşı həyata keçirilən tədbirlərin siyasi deyil, hüquqi və təhlükəsizlik əsaslı olduğunu bəyan edir. Hakimiyyət orqanları bildirirlər ki, istintaq prosesi qanun çərçivəsində və konkret sübutlara əsaslanaraq aparılıb, ölkənin daxili sabitliyinin qorunması və xarici təsirlərin qarşısının alınması üçün bu addımlar zəruridir. Bu baxımdan Gürcüstanın gələcəyinə müdaxilə yolverilməzdir.
Pünhan ƏFƏNDİYEV
XQ