Menendez “öldü”, növbə Avropanın “süngər bob”larınındır

post-img

Ermənipərəst senatorla bağlı yekun məhkəmə qərarına sözardı

İki il əvvəlin bu günlərində onun təşəbbüsü ilə ABŞ Senatının Xarici əlaqələr komitəsində “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilmişdi. Həmin dinləmələrə Birləşmiş Ştatların Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim də qatılmış, aşkar anti-Azərbaycan mövqe nümayiş etdirmişdi.

Haqqında söz açacağımız şəxs sözügedən dinləmələrdə özünün ermənipərəst ritorikasının vacibliyini Rusiya amilinə köklənərək əsaslandırmışdı. Təxminən belə: Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı mübarizənin qalasıdır və onun müdafiəsinə ehtiyac var. Bu ehtiyacın qarşılanması üçün isə ölkənin Qarabağ avantürasına dəstək göstərilməlidir.

Onu da bildirək ki, bu şəxs 2010-cu ildə diplomat Metyu Brayzanın ABŞ-ın ölkəmizdəki səfiri postunu tutmasına qarşı çıxmışdı. Buna səbəb Brayzanın türk əsilli Zeyno Baranla evliliyi idi. O, hesab edirdi ki, həyat yoldaşı türk olan şəxs Azərbaycanda Ermənistana qarşı daha aktiv mövqe tutacaq.

Əlqərəz, söhbət Birləşmiş Ştatların siyasi dairələrində “Süngər Bob” kimi tanınan keçmiş senator Bob Robert Menendezdən gedir. O Menendezdən ki bir neçə gün əvvəl Nyu-York Məhkəməsinin yekun qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edildi. Bobun erməni əsilli həyat yoldaşı Nadin Menendez (Arslanyan) də cəzasız qalmadı. İkinci ömrünün 4,5 ilini dəmir barmaqlıqlar arasında keçirəcək.

Bəli, ABŞ Konqresində Ermənistanın və ermənilərin əsas himayədarı olan Bob Menendez Birləşmiş Ştatların cinayət qanunvericiliyinin 16 maddəsi üzrə təqsirli bilinib. Həm ona, həm də həyat yoldaşı Nadinə qarşı irəli sürülmüş ittihamlarda başlıca predmet rüşvət və korrupsiyadır. Bob 18 il ərzində Misirin, Qətərin və erməni dairələrinin maraqlarını rüşvət qarşılığında lobbiləşdiribmiş. Nadin Arslanyan isə korrupsiya sxemlərində vasitəçilik edirmiş. Məhkəmə onun “Livanda keçirdiyi çətin uşaqlıq illərini” nəzərə alsa da, cəzasını çox da yüngülləşdirməyib.

Prokurorlar Menendezin Misirə gizli məlumatlar ötürməsi, eləcə də Misir hökuməti adından təbliğat aparmasını da vəzifə səlahiyyətlərindən ciddi sui-istifadə halı kimi təsnifatlandırıblar. Menendezin cinayət işini nadir hadisə kimi dəyərləndirilən prokurorlar fikirlərini belə əsaslandırıblar ki, eks-senatorun “sayəsində” ABŞ-da qanunverici orqanın ən yüksək səviyyəsində ölkənin xarici işlər və hüquq-mühafizə sahəsindəki suverenliyini korlamaq cəhdi qeydə alınıb.

Heç şübhəsiz, Menendezlərin iflası ABŞ-dakı erməni lobbisinə olduqca böyük zərbədir. Erməni siyasilərin və ekspertlərin fikri belədir. Onlar bildirirlər ki, lobbi tədricən zəifləyir. Yəni əvvəllər ABŞ ilə Azərbaycan arasında hərbi əməkdaşlığı məhdudlaşdıra bilirdilərsə, indi bu, tam mümkünsüzdür. Erməni siyasilər, eyni zamanda bildirirlər ki, Vaşinqton strateji seçim kimi Bakıya üstünlük verdiyindən, erməni maraqlarının müdafiəsi ABŞ-ın Cənubi Qafqazdakı yeni məqsədləri ilə ziddiyyət təşkil edir. Əlbəttə, bütün bunlar daha çox siyasi ritorikadır.

Əslində, hələ 2022-ci ildə ABŞ-ın hüquq-mühafizə orqanlarının təmsilçiləri tərəfindən Menendezin və ailə üzvlərinin evlərində axtarışlar aparılmışdı. Məhkəmə sənədlərində bildirilir ki, həmin vaxt nağd pul, qızıl külçələri və müxtəlif sənədlər ələ keçirilmiş və əsas sübut paketinə daxil edilmişdi. Konkretliyə gəlincə, polis Menendezlərin evindəki rəflərdə və paltarlarının ciblərində 480 min dollar nağd pul, Nadina Arslanyanın seyfində isə daha 70 min dollar aşkarlamışdı. Dəyəri təxminən 100 min dollarlıq qızıl külçələr və dəbdəbəli əşyalar da öz yerində. Müstəntiqlərin fikrincə, Nadina Arslanyan iş adamlarının köməyi ilə saxta yolla yüksək maaşlı işə düzəldilib və onun həmin iş yerinə getmədiyi də aşkarlanıb.

Bundan başqa, Birləşmiş Ştatlar Prokurorluğu bir neçə iş adamını əsas dəlil mənbəyi kimi məhkəməyə çağırıb. İş adamları Hana və Daibes ifadələrində Menendez və onun həyat yoldaşına yüz minlərlə dollar rüşvət, o cümlədən nağd pul, qızıl külçələr, Nadinenin uydurma sahibkarlığına dair saxta çeklər, dəbdəbəli kabriolet və s. verdiklərini etiraf ediblər. Onların ifadələri Menendezin ödəniş qarşılığında müəyyən hərəkətlər etdiyinə dair iddianı təsdiqləyib. Prokurorluq, həmçinin elektron poçt, mesajlaşma və maliyyə sənədlərini də sübut kimi təqdim edib.

Qeyd edək ki, Menendezin ABŞ Senatında əvvəldə haqqında söz açdığımız “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda təşkil etdiyi dinləmələrdən cəmi bir həftə sonra, yəni 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Qarabağda uğurlu antiterror tədbirləri təşkil etdi. Nəticədə ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Sentyabrın 24-də isə Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ermənipərəst senator barəsində məlumat yaydı. Məlumatda bildirildi ki, 2006-cı ildən Nyu-Cersi ştatını Senatda təmsil edən Bob Menendez Misir hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb.

Qeyd edək ki, Menendez bundan əvvəl də korrupsiyada ittiham olunub. Məsələn, 2015-ci ildə o, 1 milyon dollar müqabilində Floridada yaşayan oftalmoloq Salomon Melgenin əcnəbi qız rəfiqələri üçün viza alıb. Həmin vaxt bu, mətbuatda geniş rezonans doğursa da, senator cəzadan yaxa qurtarmağı bacarmışdı. O zaman çoxları belə iddia edirdi ki, Menendezi həbsdən “güclü əllər” qoruyub. Çox güman, senatoru 2012-ci ildə də dəmirbarmaqlıqlar arasında düşməkdən məhz həmin əllər qorumuşdu. Belə ki, o, ABŞ Senatına yenidən seçilməzdən əvvəl Dominikan Respublikasında iki azyaşlı fahişə ilə cinsi münasibətdə olmaqda ittiham edilsə də, dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi.

Sonda onu da deyək ki, B.Menendezin azadlıqdan məhrum edilməsi ilə bağlı yekun qərarı doğuran amillər barədə çox söz açmaq, daha çox fikirlər və faktlar diqqətə çatdırmaq mümkündür. Amma buna lüzum görmür, əvvəldə vurğuladığımız məqama qayıdırıq. Həqiqətən, Menendezin sıradan çıxması ABŞ-dakı erməni lobbi və diaspor təşkiları üçün böyük zərbədir, bu, öz yerində. Eyni zamanda onu da bildirməliyik ki, Nyu-York Məhkəməsinin yekun qərarı bir presedentdir. Çünki Avropadakı erməni lobbi və diaspor təşkilatlarının, belə demək mümkünsə, öz menendezləri var və onlar da eyni korrupsiya və rüşvət sxemi üzrə hərəkət edir, indinin özündə də “erməni soyqırımı” kimi saxta ritorikalarla varlanmağa, sərvət toplamağa cəhd göstərirlər. Hesab edirik ki, “Süngər Bob”dan sonra dəmir barmaqlıqlar arasında getmək növbəsi məhz onlarındır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət