Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın mətbuata bəyanatlarla çıxış etməsi iki ölkə arasında münasibətlərin yalnız ikitərəfli deyil, həm də Avropa İttifaqı (Aİ) kontekstində yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Siyasi-analitik baxışla yanaşdıqda, bu bəyanatlar özündə həm enerji təhlükəsizliyi, həm də Avropa ilə əlaqələrin yeni məzmun qazanması baxımından mühüm siqnallar ehtiva edir.
Azərbaycan–İtaliya münasibətləri son illər təkcə rəsmi protokollarla məhdudlaşmayan, eyni zamanda, praktiki əməkdaşlıqla dəstəklənən strateji tərəfdaşlığa çevrilib. İkitərəfli münasibətlərin institusional bazası rəsmi sənədlərdən və yüksəksəviyyəli qarşılıqlı səfərlərdən başlayaraq iqtisadi layihələrdə, enerji tədarük zəncirlərində və mədəni-humanitar sahədə müşahidə olunan gündəlik əməkdaşlığa qədər uzanır. Enerji istiqaməti, xüsusilə Azərbaycan qazının Avropaya istiqamətləndirilməsində oynadığı rol çərçivəsində, bu münasibətlərin ən aydın görünən sütunlarından biridir; TAP tranzit marşrutu vasitəsilə təmin olunan qaz axını İtaliyanın enerji təhlükəsizliyi gündəliyi ilə birbaşa bağlıdır. Eyni zamanda, ticarət və sərmayə sahəsindəki əlaqələr iqtisadi münasibətləri möhkəmləndirir və iki ölkə arasında uzunmüddətli əlaqələrin bazasını genişləndirir. Mədəni-humanitar əməkdaşlıq isə Azərbaycan mədəniyyətinin Avropada tanıdılması və qorunmasına İtaliyanın göstərdiyi dəstək kimi göstərilir.
Məhz bu kontekstdə ortaya çıxan siyasi-analitik sual belədir: Azərbaycanın İtaliya ilə tərəfdaşlığı əsasən enerji strukturlarına söykənirmi, yoxsa münasibətlər yeni sahələrə də genişlənməkdədir? Tarixi reallıq enerji faktorunun ilkin və həlledici rol oynadığını göstərsə də, son dövrdə əməkdaşlıq gündəliyi müdafiə sənayesi, “yaşıl enerji”, texnologiya və təhsil kimi sahələrə doğru sürətlə diversifikasiya olunur. Prezidentlər səviyyəsində verilən bəyanatlar və qarşılıqlı niyyətlərin ifadəsi bu transformasiyanın siyasi iradəsini təsdiqləyir; yəni tərəfdaşlığa enerji ilə bağlı reallıqlar dayaq verir, lakin gələcəyə nəzərən tərəflərin məqsədi əməkdaşlığı çoxşaxəli etməkdir. Bu isə rəsmi sənədlərin və praktik mexanizmlərin həmin yeni sahələri də əhatə edəcək şəkildə yenidən tənzimlənməsini tələb edir.
* * *
Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin inkişafında İtaliyanın oynadığı rol xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Roma bu münasibətlərdə “körpü ölkə” funksiyasını daşıyır və bu, təkcə enerji sahəsində deyil, diplomatik müstəvidə də özünü göstərir. Aİ-nin enerji təchizatını şaxələndirmək məqsədilə Cənubi Qafqaz regionuna diqqətini artırması fonunda Azərbaycanın Avropaya çıxışı üçün İtaliya ən əlverişli tərəfdaş sayılır. Brüssellə Bakı arasındakı enerji dialoqunun dərinləşməsi İtaliyanın vasitəçiliyi ilə daha institusional xarakter qazanır və bu, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə sabitlik üçün zəmin yaradır.
Maraqlıdır, Aİ–Azərbaycan əlaqələrinin inkişafında İtaliyanın vasitəçi rolu gələcəkdə hansı siyasi nəticələr doğura bilər? Mövcud vəziyyət göstərir ki, İtaliyanın dəstəyi Azərbaycanın Aİ ilə daha sıx əməkdaşlığa inteqrasiyasını sürətləndirə bilər. Proses bir tərəfdən Azərbaycanın geosiyasi mövqeyini yüksəldərək onu Avropa enerji təhlükəsizliyi sisteminin mərkəzi oyunçularından birinə çevirəcək, digər tərəfdən isə Aİ üçün Rusiya və Yaxın Şərqdən asılılığın azaldılması baxımından strateji üstünlüklər təmin edəcək. Bununla yanaşı, bu əməkdaşlığın inkişafı Aİ üzvü digər ölkələrin mövqeyindən asılı olaraq müxtəlif balans dəyişiklikləri də doğura bilər. Xüsusilə, Ermənistan–Azərbaycan sülh prosesinə Avropa paytaxtlarının fərqli yanaşmaları bu inteqrasiyanın ritmini müəyyənləşdirən mühüm amillərdən biri olacaq. Beləliklə, İtaliyanın körpü rolunun davamlılığı yalnız Bakı–Roma münasibətlərinə deyil, həm də Cənubi Qafqazın siyasi sabitliyinə birbaşa təsir göstərəcək.
* * *
Azərbaycanın Avropa enerji sistemində oynadığı rol yalnız təbii qaz ixracatçısı olmaqla məhdudlaşmır, həm də regionun enerji xəritəsində strateji oyunçu statusunu möhkəmləndirir. İtaliya bu prosesdə həm istehlakçı, həm də tranzit qovşağı funksiyasını yerinə yetirərək xüsusi mövqe tutur. TAP layihəsi artıq göstərib ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində alternativ mənbə kimi əhəmiyyətlidir və xüsusən Ukrayna müharibəsindən sonra Aİ üçün Rusiya qazından asılılığı azaltmaq həyati prioritetə çevrilib. Belə bir şəraitdə Bakı–Roma enerji əməkdaşlığı strateji əhəmiyyət daşımaqla yanaşı, siyasi müstəvidə də Avropa ilə Azərbaycan arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir.
Lakin enerji gündəmi təkcə karbohidrogenlərlə məhdudlaşmır. Aİ-nin “Yaşıl keçid” strategiyası fonunda Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialı diqqət mərkəzinə çevrilib. Bu sahədə artıq Avropanın bəzi şirkətləri ilə ilkin əməkdaşlıq müqavilələri imzalanıb və İtaliyanın da bu prosesdə maraqlı tərəf kimi çıxış etməsi təəccüblü deyil. Roma həm texnologiya, həm də investisiya baxımından Azərbaycana dəstək verə bilər. Əgər əvvəlki illərdə əsas diqqət qaz və neft kimi klassik resurslara yönəlmişdisə, indi gündəmin innovativ istiqamətləri – bərpaolunan enerji, “yaşıl hidrogen”, enerji səmərəliliyi və infrastrukturun modernizasiyası – ön plana keçir. Burada sual yaranır ki, enerji əməkdaşlığının gələcəkdə əsas vektoru qaz olaraq qalacaq, yoxsa “yaşıl enerji” üstün mövqeyə sahib olacaq? Reallıq göstərir ki, qaz hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalacaq. Bu amil xüsusilə keçid mərhələsində vacibdir, çünki bərpaolunan mənbələr hələ tammiqyaslı, sabit enerji təminatını əvəzləyə bilmir. Bununla belə, Aİ-nin strateji məqsədləri və qlobal iqlim gündəliyi nəzərə alındıqda, Azərbaycan–İtaliya tərəfdaşlığı getdikcə daha çox “yaşıl enerji” yönümündə inkişaf edəcək. Beləliklə, əməkdaşlığın gələcəyi “ya qaz, ya da bərpaolunan enerji” dilemması ilə məhdudlaşmır; əksinə, paralel şəkildə həm klassik, həm də innovativ enerji istiqamətlərinin inkişafı nəzərdə tutulur. Bütün bu proseslər Azərbaycanın enerji ixracatçısı statusunu yalnız indiki dövr üçün deyil, həm də postkarbon dövründə Avropa üçün strateji tərəfdaşa çevrilməsinə imkan verəcək.
Əgər İtaliya bu prosesdə texnologiya və maliyyə dəstəyi ilə önə çıxarsa, Bakı–Roma əməkdaşlığı enerji təhlükəsizliyi sahəsində Avropa miqyasında nümunəvi model kimi formalaşa bilər. Həmin model həm Avropanın enerji şaxələndirilməsinə, həm də Azərbaycanın iqtisadi modernizasiyasına töhfə verəcək.
* * *
İtaliya Prezidentinin “Azərbaycan çox nüfuzlu tərəfdaşdır” fikri, sadəcə, diplomatik kompliment deyil, həm də Bakının beynəlxalq müstəvidə qəbul edilən statusunun təsdiqidir. Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, həm də regiondakı siyasi mövqeyi, tranzit imkanları və sülh təşəbbüsləri ilə diqqətçəkən güc mərkəzi kimi çıxış edir. Mövcud reallıq Cənubi Qafqazda siyasi balansın dəyişməsinə birbaşa təsir göstərir. Aİ–Azərbaycan münasibətlərinin güclənməsi isə bu təsirin çoxşaxəli xarakter almasına gətirib çıxarır.
Öncə nəzərə almaq lazımdır ki, Azərbaycan–Aİ yaxınlaşması Türkiyə–Azərbaycan tandeminə əlavə diplomatik güc qazandırır. Avropa üçün enerji və təhlükəsizlik baxımından etibarlı tərəfdaş olan Bakı ilə Ankaranın ortaq mövqeləri daha aydın görünür və bu sinerji regionda yeni geosiyasi balans yaradır. Əgər əvvəllər Aİ Cənubi Qafqaz məsələlərində daha çox neytral vasitəçi rolunu oynamağa çalışırdısa, indi Azərbaycan–Türkiyə xəttinin Brüssellə strateji əməkdaşlıq müstəvisinə çıxması Avropanın mövqeyini də dəyişdirə bilər.
Ermənistan üçün isə bu proses ciddi strateji çağırışlar doğurur. Avropa ilə münasibətlərində manevr imkanları daralır, çünki Brüsselin Bakı ilə əlaqələrinin güclənməsi İrəvanın diplomatik şəbəkəsini məhdudlaşdırır. Ermənistan Avropa institutlarında Azərbaycanla bağlı qərarların əleyhinə çıxmaqda çətinlik çəkəcək, çünki Avropanın enerji təhlükəsizliyi maraqları fonunda Bakı ilə əməkdaşlıq strateji prioritetə çevrilib. Mövcud durum Ermənistanın öz mövqelərini müdafiə edərkən balanslı siyasət yürütməsini zəruri edir. Gürcüstan üçün isə tam əksinə, yeni imkanlar açılır. Azərbaycan–İtaliya–Aİ xətti Tbilisinin regional tranzit layihələrində mövqeyini gücləndirə bilər. Bakı–Roma əməkdaşlığının enerji və infrastruktur layihələrinə təsiri Gürcüstanı logistika və kommunikasiya baxımından mühüm tərəfdaşa çevirəcək.
Azərbaycanın Aİ ilə əməkdaşlığının güclənməsi Cənubi Qafqazda yeni siyasi balans formalaşdırır. Bu bir tərəfdən Türkiyə–Azərbaycan tandemini regiondakı əsas güc mərkəzinə çevirir, digər tərəfdən isə Ermənistanın diplomatik imkanlarını məhdudlaşdırır. Gürcüstan bu reallıqdan iqtisadi və siyasi dividendlər qazana bilər. Beləliklə, Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın bəyanatları göstərir ki, Azərbaycan–İtaliya münasibətləri artıq yalnız ikitərəfli gündəmlə məhdudlaşmır. Strateji tərəfdaşlıq modelindən çıxış edərək Azərbaycan özünü Avropa ilə inteqrasiyada etibarlı oyunçu, İtaliya isə körpü rolunda təsdiqləyir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru