Azərbaycanın İtaliya ilə münasibətlərində humanitar istiqamət
Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni üfüqlərini müyyənləşdirən İtaliya–Azərbaycan Universitetinin təsis edilməsi dövlətlərarası münasibətlərin klassik çərçivələrini aşaraq intellektual və mədəni müstəvidə dərin inteqrasiyanın təməl daşına çevrildi. Prezident İlham Əliyevin bir gün əvvəl İtaliya–Azərbaycan Universitetinin açılışını qeyd edəcəklərini vurğulaması və bu hadisənin iki ölkə arasındakı səmimi münasibətlərin təzahürü olduğunu bildirməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
Dövlət başçısının qeyd etdiyi kimi, energetika və sənaye sahələrindəki uğurlu əlaqələr humanitar sahədə əməkdaşlığa yol açmış, nəticədə yüzlərlə tələbənin təhsil aldığı möhtəşəm elm ocağının yaranmasına səbəb olmuşdur. Bu təhsil ocağında biliklərə yiyələnən gənclərin İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı səfirlərinə çevriləcəkləri, dostluq münasibətlərini daha da gücləndirəcəkləri fikri layihənin dərin strateji və mədəni diplomatiya hədəfləri daşıdığını ortaya qoyur.
Prezident Sercio Mattarellanın İtaliya–Azərbaycan Universitetinin tələbə kampusunun açılışının iki ölkə universitetləri arasında əməkdaşlığın bariz nümunəsi olacağını təsdiqləməsi təşəbbüsün qarşılıqlı etimad və ortaq gələcək vizyonu üzərində qurulduğunu göstərir. Beləliklə, sözügedən universitet Azərbaycanın Avropa məkanına intellektual inteqrasiyasının, qlobal elmi-təhsil şəbəkəsinin fəal iştirakçısına çevrilməsinin və dövlətlərarası münasibətlərdə insan kapitalını təməl dəyər kimi önə çəkən müasir yanaşmanın parlaq simvoludur.
İki dövlət arasında münasibətlərin tarixinə nəzər saldıqda əlaqələrin əsasən enerji sektoru üzərində formalaşdığı müşahidə olunur. Trans-Adriatik Boru Kəməri (TAP) kimi nəhəng layihələr İtaliyanı Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından və enerji təhlükəsizliyi sahəsində mühüm müttəfiqlərindən edib. Amma müasir dünya nizamı və dövlətlərarası münasibətlərin təkamülü göstərir ki, yalnız iqtisadi və enerji əlaqələrinə söykənən tərəfdaşlıqlar uzunmüddətli perspektivdə dayanıqlı olmaya bilər. Strateji tərəfdaşlığın dərinliyi və möhkəmliyi onun humanitar, mədəni, xüsusilə də elmi-təhsil sahələrini nə dərəcədə əhatə etməsi ilə ölçülür. Məhz bu kontekstdə İtaliya–Azərbaycan Universitetinin yaradılması təşəbbüsü iki ölkə liderlərinin uzaqgörən siyasətinin, münasibətləri şaxələndirmək, onların təməllərini daha da möhkəmləndirmək iradəsinin məntiqi nəticəsidir.
Universitetin təsis edilməsi ideyasının məhz Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunmuş razılıq əsasında yaranması layihənin ən yüksək səviyyədə dəstəkləndiyini və onun strateji əhəmiyyətini göstərir. 2022-ci ilin aprel ayında Bakıda ADA Universiteti kampusunda təməlqoyma mərasiminin keçirilməsi layihənin reallaşdırılması istiqamətində qətiyyətli addım idi. Prezident İlham Əliyevin “energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı” ifadəsi transformasiyanın fəlsəfəsini dəqiq ifadə edir. İqtisadi əməkdaşlığın yaratdığı maddi rifah və qarşılıqlı etimad daha ali dəyərlərin – bilik, mədəniyyət və innovasiyanın mübadiləsi üçün zəmin hazırlamışdır.
İtaliya–Azərbaycan Universitetinin fəaliyyət modeli akademik tərəfdaşlığın unikal və nümunəvi formasıdır. Bu, xarici universitetin Azərbaycanda, sadəcə, filialının açılması deyil, İtaliyanın beş aparıcı ali təhsil ocağının – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universitetinin intellektual potensialını vahid platformada birləşdirən çoxşaxəli əməkdaşlıqdır.
* * *
Sentyabrın 1-də Romada ADA Universiteti ilə həmin ali təhsil müəssisələri arasında akademik əməkdaşlığa dair sazişlərin imzalanması əməkdaşlığın hüquqi əsaslarını rəsmiləşdirdi. Tərəfdaş seçimi təsadüfi deyil və hər universitetin cəlb edilməsi, Azərbaycanın strateji inkişaf prioritetləri ilə birbaşa əlaqəlidir. Məsələn, Avropanın ən qədim universiteti olan və aqrar elmlər sahəsində dərin ənənəyə malik Bolonya Universitetinin təcrübəsi Azərbaycanın kənd təsərrüfatını modernləşdirmək, qida təhlükəsizliyini təmin etmək hədəflərinə tam uyğundur. Milan və Turin Politexnik universitetləri mühəndislik, memarlıq, dizayn və şəhərsalma sahələrində dünyanın liderlərindəndir. Bu universitetlərin təcrübəsinin Azərbaycana gətirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində müstəsna əhəmiyyət kəsb edir. İtaliya–Azərbaycan Universiteti məhz bu zərurətdən irəli gələn tələbatı ödəmək üçün nəzərdə tutulub. Luiss Universiteti ilə birlikdə tədris olunan "Qlobal idarəçilik və siyasət" magistr proqramı, Azərbaycanın artan beynəlxalq nüfuzuna və aktiv xarici siyasətinə cavab verən diplomatların və dövlət qulluqçularının yeni nəslinin hazırlanmasında mühüm rol oynayır. Romanın Sapienza Universitetinin humanitar və sosial elmlər sahəsindəki təcrübəsi isə təklif olunan proqramların akademik dərinliyini və fənlərarası xarakterini təmin edir.
Prezident İlham Əliyevin universitet məzunlarının iki ölkə arasında “elçilərə” çevriləcəyi barədə dərin məzmunlu fikri layihənin humanitar və mədəni diplomatiya aspektlərini ön plana çəkir. Universitet, sadəcə, bilik və texnologiya transferi platforması deyil, eyni zamanda, mədəniyyətlərin dialoqu və qarşılıqlı anlaşmanın dərinləşdiyi canlı orqanizmdir. Burada təhsil alan tələbələr italyan akademik mühitinə, tədris metodologiyasına, elmi düşüncə tərzinə bələd olmaqla yanaşı, İtaliya mədəniyyətinin, tarixinin və dəyərlərinin daşıyıcılarına çevrilirlər. Onlar Azərbaycan reallıqlarını və milli kimliyini dərindən bilən, eyni zamanda, Avropa sivilizasiyasının fundamental prinsiplərinə yiyələnmiş yeni tipli mütəxəssislər kimi formalaşırlar. Bu proses ikitərəflidir. Azərbaycanda fəaliyyət göstərən italyan professorlar və mütəxəssislər də öz növbəsində Azərbaycan mədəniyyəti, tarixi və müasir inkişafı ilə yaxından tanış olur, ölkəmiz haqqında dolğun və obyektiv bilikləri İtaliya cəmiyyətinə çatdırırlar. Nəticədə, xalqlar arasında stereotiplərdən uzaq, qarşılıqlı hörmətə və səmimi marağa əsaslanan canlı körpü yaranır.
Prezident Sercio Mattarellanın Azərbaycana səfəri çərçivəsində İtaliya–Azərbaycan Universitetinin tələbə kampusunun açılışı layihənin inkişafında mühüm mərhələnin başlanğıcıdır. Bu hadisə, təkcə rəmzi məna daşımır, həm də universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun tam gücü ilə fəaliyyətə başlaması üçün fiziki şəraitin yaradılması deməkdir. Müasir tələblərə cavab verən yeni binaların, laboratoriyaların, tədris otaqlarının və sosial infrastrukturun istifadəyə verilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin hərtərəfli inkişafı üçün zəruri olan innovativ mühitin formalaşdırılmasına imkan verəcək. İki dövlət başçısının açılış mərasimində birgə iştirakı, bu təhsil ocağının hər iki ölkə üçün nə qədər yüksək prioritet olduğunu bütün dünyaya nümayiş etdirir. Yeni kampus iki ölkə arasında dostluğun və elmi əməkdaşlığın fiziki təcəssümüdür. Onun memarlıq həlli, funksionallığı və təchizatı gələcəyə yönəlmiş baxışın və yüksək standartlara sadiqliyin ifadəsi olacaq. Kampusun yaradılması tərəflərin layihəyə uzunmüddətli yanaşdığını və onun gələcək inkişafı üçün bütün zəruri resursları səfərbər etməyə hazır olduqlarını göstərir.
İtaliya–Azərbaycan Universitetinin təsisi iki dövlət arasında tarixi hadisə və strateji tərəfdaşlığın zirvəsi kimi qiymətləndirilməlidir. Əslində, bu, strateji iradənin, elm və dostluğun möhkəm təməli deməkdir. Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın bu təşəbbüsə verdikləri yüksək dəyər və onun reallaşmasına göstərdikləri siyasi iradə layihənin iki ölkə üçün fundamental əhəmiyyətini ortaya qoyur. Tələbə kampusunun açılışı ilə yeni mərhələyə qədəm qoyan İtaliya–Azərbaycan Universiteti iki ölkənin ortaq dəyərlər, qarşılıqlı etimad və aydın gələcək vizyonu üzərində qurduqları hərtərəfli strateji tərəfdaşlığın ən parlaq və davamlı nümunəsi olaraq tarixə düşəcək.
Yusif ŞƏRİFZADƏ
XQ