Xalqın iradəsi taleyüklü seçimə legitimlik qazandıracaq
Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə seçkiləri öncəsi siyasi mühitdə iqtidarın üstünlüyü və müxalifətin zəifliyi aşkar hiss olunur. Bu seçkilərdə həm şəhər və rayon merləri, həm də yerli məclislər – sakrebulolar formalaşdırılacaq. Seçkilərə iki gün qalmasına baxmayaraq, müxalifət düşərgəsində ciddi hazırlıq və fəallıq müşahidə edilmir. Onların regionlarda, demək olar ki, görünməməsi, əsasən böyük şəhərlərə fokuslanması iqtidardakı “Gürcü arzusu”nun mövqeyini gücləndirir. Bu səbəbdən hakim partiya 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərində qalib gələcəyinə inanır.
Seçkiləri iqtidarın qazanacağını keçirilən ictimai rəy sorğuları da təsdiqləyir. “İmedi” telekanalının sifarişi ilə GORBI təşkilatının keçirdiyi sorğuya əsasən, respondentlərin 66,4 faizi “Gürcü arzusu”nu dəstəklədiyini bildirib. Digər partiyalar arasında “Lelo – güclü Gürcüstan” 10,3, “Qirchi” 9,3, “Gaxaria – Gürcüstan naminə” isə 8,7 faiz səviyyəsində dəstək qazanıb. Tbilisi üzrə nəticələr də iqtidarın açıq üstünlüyünü göstərir. Paytaxtda “Gürcü arzusu” partiyasını respondentlərin 59,1 faizi dəstəkləyib.
Onu da qeyd edək ki, builki seçkilər bir sıra səciyyəvi cəhətləri ilə əvvəlkilərdən fərqlənir. Diqqətçəkən məqam beynəlxalq və yerli müşahidə missiyalarının sayının azalmasıdır. Gürcüstan hakimiyyəti bu prosesi təsadüfi saymır və bunu ölkəyə qarşı son dövrlər artan xarici siyasi təzyiqlərlə əlaqələndirir. Hakimiyyət bildirir ki, Gürcüstan müstəqil dövlət olaraq, daxili siyasi prosesləri xarici müdaxilədən uzaq şəkildə həyata keçirmək hüququna malikdir. Bu çərçivədə qəbul edilən qanunvericilik islahatları, xüsusilə də xarici təsirin şəffaflığını artırmaq məqsədi daşıyan təşəbbüslər bəzi dairələr tərəfindən qərəzli yanaşmalarla qarşılanıb. Rəsmi Tbilisi dəfələrlə bəyan edib ki, bu addımlar beynəlxalq tərəfdaşlara qarşı deyil, məhz cəmiyyətin maraqlarını qorumağa və dövlətin suverenliyini təmin etməyə yönəlib.
Məhz bu siyasi kontekstdə bəzi beynəlxalq təşkilatların seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi və ya iştirakını məhdudlaşdırması Gürcüstan hakimiyyəti tərəfindən təəssüf hissi ilə qarşılanır. Bu, həm də Qərbin müəyyən dairələrinin obyektivlik prinsipindən uzaqlaşaraq, daxildəki müxalif qruplara üstünlük verməsi kimi qiymətləndirilir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) aldığımız rəsmi məlumata əsasən, bu günədək 29 beynəlxalq təşkilatdan 80, 23 yerli təşkilatdan 7 min 895 müşahidəçi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki illərdə bu rəqəmlər həm say, həm də müşahidəçi təşkilatların nüfuzu baxımından çox yüksək idi. Ənənəvi olaraq Gürcüstanda seçkiləri izləyən Avropa İttifaqı ölkələrinin səfirlikləri, İsveçrə və Macarıstan istisna olmaqla, bu dəfə, ümumiyyətlə, müşahidəçi kimi qeydiyyatdan keçməkdən imtina ediblər. ABŞ səfirliyi də bu il seçkiləri müşahidə etməyəcək. Halbuki, 1990-cı illərdən bəri Gürcüstanda bütün seçkilərdə aktiv iştirak edib. Bu tendensiya təkcə diplomatik nümayəndəliklərlə məhdudlaşmır. Həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu və Avropa Parlamenti də seçkilərə müşahidəçi göndərməkdən imtina ediblər.
* * *
Gürcüstan MSK-dan aldığımız məlumatda o da bildirilib ki, oktyabrın 4-də 3 min 61 seçki məntəqəsi fəaliyyət göstərəcək, o cümlədən Gürcüstan həbsxanalarında 10 məntəqə açılacaq.
“Gürcü arzusu” Partiyasından deputat David Şerazadişvili XQ-yə bildirdi ki, Gürcüstanda seçkilər hər zaman şəffaflıq, qanunçuluq və ictimai iştirakçılıq prinsipləri əsasında keçirilib və bu dəfə də istisna olmayacaq: “Müşahidəçilərin sayının azalması seçkilərin legitimliyinə təsir göstərə bilməz, çünki legitimliyin əsas mənbəyi xalqın iradəsidir. Gürcüstan dövləti, bütün təzyiqlərə baxmayaraq, öz yolundan dönməyəcək və milli maraqlarını qətiyyətlə müdafiə edəcək.
Radikal müxalifət partiyaları çox təhlükəli oyun oynayır, Qərbin tapşırıqlarını yerinə yetirərək Gürcüstanda qarışıqlıq yaratmağa çalışırlar. Müxalifət ölkəni fəlakətə – müharibəyə sürükləyir, milli dəyərlərimizi ayaqlar altına atmaq istəyir. Biz artıq bir dəfə müharibənin acı nəticəsini yaşamışıq, LGBT kimi ailə dəyərlərimizi sarsıdan yolla gedə bilmərik. Partiyamız seçdiyi yoldan dönmək niyyətində deyil. Qərbin neqativ reaksiyasına baxmayaraq, yolumuza davam edəcəyik. Bizim haqlı olduğumuzu yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri göstərəcək. Qalib gələcəyimizə tamamilə əminəm”.
Gürcü deputat onu da qeyd etdi ki, bu seçkilərin əsas özəlliklərindən biri hər bir rayonda ayrıca keçirilməsi və nəticələrin lokal səviyyədə formalaşmasıdır: “Müxalifətin regionlarda fəaliyyəti nəzərə çarpmır, seçiciləri qane edəcək təbliğatı da yoxdur. Ümumiyyətlə, nə istədikləri də bəlli deyil; təbliğat aparmamaları, yerli əhali ilə əlaqələrin zəifliyi və konkret problemlərlə bağlı proqramlar təqdim etməmələri onların yerlərdə seçicilərin səslərini qazanmaq imkanlarını məhdudlaşdırır. Mən parlamentə azərbaycanların kompakt yaşadığı Bolnisi rayonundan deputat seçilmişəm. Rayonun özündə və kəndlərində sosial-iqtisadi sahədə bir çox layihələr həyata keçirmişik. Gördüyümüz işlər göz qabağındadır. Seçicilər, əlbəttə ki, bizə səs verəcəklər. İnanıram ki, 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərini asanlıqla qazanacağıq. İri şəhərlərdə səsləri biz qazanacağıq. Buna heç kimin şübhəsi olmasın”.
Pünhan ƏFƏNDİYEV
XQ