Azərbaycanın Avropa ölkələri ilə qurduğu münasibətlər sistemində İtaliya ilə tərəfdaşlıq xüsusi geosiyasi əhəmiyyətə malikdir. Enerji, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıqla bərabər, bu münasibətlər strateji və ideoloji dəyərlərin uzlaşdığı bir xətt üzrə inkişaf edir. Avropa İttifaqı daxilində İtaliya Azərbaycanın mühüm və etibarlı müttəfiqi kimi çıxış edir. Qarşılıqlı etimada əsaslanan münasibətlər Azərbaycan diplomatiyasının prinsipial və uzunmüddətli yanaşmasının nümunəsidir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri bu əməkdaşlıqda yeni siyasi mərhələnin əsasını qoydu. Danışıqlar zamanı ortaya çıxan razılaşmalar Azərbaycan–İtaliya strateji tərəfdaşlığını daha sistemli və dərin əsaslara bağladı. Prezident İlham Əliyevlə aparılan görüşlər Azərbaycanın xarici siyasət kursunun müstəqil, milli maraqlara söykənən və balanslaşdırılmış xarakter daşıdığını bir daha sübut etdi. Bu, həm də ölkəmizin beynəlxalq miqyasda artan çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir.
Azərbaycan Prezidenti bəyan etdi ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qalmır, bütövlükdə Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin strateji dərinliyini artırır. TAP layihəsi çərçivəsində Azərbaycanın Avropaya qaz ixracı bu siyasətin praktik nəticəsidir. Həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət daşıyan bu layihə İtaliyanın da maraqlarına cavab verir və enerji təhlükəsizliyi müstəvisində ciddi dəyər yaradır. Azərbaycanın nefti və qazı artıq İtaliya bazarında sabit paya malikdir və bu göstəricilər qarşılıqlı maraqların uzunmüddətli təminatıdır.
Siyasi və iqtisadi məsələlərlə yanaşı humanitar əməkdaşlığın da yeni mərhələyə keçdiyi görünür. ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali təhsil ocağının birgə layihəsi olan İtaliya–Azərbaycan Universiteti həm elm, həm də diplomatiya müstəvisində strateji hədəflərə yönəlmiş addımdır. Prezident İlham Əliyevin universitetin açılışında səsləndirdiyi fikirlər göstərir ki, bu təşəbbüs yalnız təhsil infrastrukturu deyil, eyni zamanda mədəniyyətlərarası dialoqun və gələcək siyasi kadr potensialının formalaşması baxımından da strateji əhəmiyyət daşıyır.
Azsərbaycan lideri açıq şəkildə bəyan etdi ki, əsas məqsədimiz təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməkdir. Bu, qısa müddətli iqtisadi artımdan daha çox, uzunmüddətli və dayanıqlı inkişaf modelinə keçidi təmin edir. Bu mənada İtaliya–Azərbaycan Universitetinin yaradılması Azərbaycan dövlətinin təhsilə verdiyi prioritetin və strateji baxışının təzahürüdür.
Eyni zamanda, Prezident Mattarellanın TAP layihəsinə verdiyi dəstək iki ölkə arasında etimadın və ortaq maraqların nə qədər güclü olduğunu göstərir. Bu da Azərbaycanın həm Avropa bazarlarında, həm də beynəlxalq siyasi konfiqurasiyada etibarlı enerji və diplomatik tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır.
Bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız mövcud reallıqlar üzərində qurulmayıb, Münasibətlər gələcək üçün hesablanmış, davamlı və çevik əməkdaşlıq modelinə əsaslanır. Bu strateji xətt Azərbaycanın regionda lider mövqeyini gücləndirir və Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları ilə üst-üstə düşən milli maraqları təmin edir.
Nəticə etibarilə İtaliya Prezidentinin Azərbaycana səfəri və aparılan siyasi dialoq ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional balansın qorunması və yeni strateji əməkdaşlıq platformalarının formalaşması baxımından tarixi əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın müstəqil xarici siyasət kursunun və qlobal güc mərkəzləri ilə uğurlu balans yaratmaq qabiliyyətinin real nəticəsidir.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti