“Qoca qitə”nin iqtisadi və siyasi müstəqilliyi üçün də risklər yaranır
Avropanın müdafiə siyasətində uzun illər müzakirə olunan və qitənin strateji muxtariyyət arzusunun rəmzinə çevrilən “Future Combat Air System” (SCAF) layihəsi bu gün ciddi təhlükə ilə üz-üzədir. Avropa İttifaqının (Aİ) hərbi sənayesində ən iddialı, eyni zamanda, ən bahalı təşəbbüslərdən biri hesab olunan layihə yeni nəsil döyüş təyyarələrinin yaradılmasını, bütöv bir hərbi ekosistemin formalaşdırılmasını nəzərdə tuturdu. SCAF Avropanın gələcəkdə təhlükəsizliyini təmin etməyə yönəlmiş strateji konsepsiyanın özəyinə çevrilmişdi. 2017-ci ildə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin təşəbbüsü ilə hazırlanan proqramın əsas məqsədi Avropanın ABŞ və NATO-dan asılılığını azaltmaq, qitənin öz gücünə söykənən müdafiə sistemini qurmaq idi. 8 il ərzində bu ideya ətrafında saysız müzakirələr aparıldı, 100 milyard avro dəyərində büdcə ayrıldı, 2040-cı ildə ilk təyyarələrin istifadəyə verilməsi hədəfi qoyuldu. Layihədə ABŞ-ın “F-35” proqramına alternativ model formalaşdırmaq nəzərdə tutulmuşdu.
Əfsuslar olsun ki, nəzəriyyə və praktika arasındakı sərt divar bir çox hallarda özünü gözlənilməyən anda büruzə verir. SCAF-ın üzərinə yüklənən rəmzi məna böyük idi və illər ötdükcə layihə texniki çətinliklərdən çox siyasi ziddiyyətlərin qurbanına çevrildi. Burada dərs çıxarılmalı məqam ondan ibarətdir ki, ən müasir texnologiyalar belə, siyasi iradə zəif olduğu təqdirdə hədəfinə çatmır. Məsələnin kökü Fransa və Almaniyanın fərqli baxışlarında gizlənir. Rəsmi Paris özünü Avropanın təhlükəsizlik dayağı kimi görür. Nüvə silahına sahib olması, Afrika və Yaxın Şərqdə hərbi mövcudluğu onu bu mövqeyə həvəsləndirir. Fransanın iddiası ondan ibarətdir ki, “qoca qitə” artıq “öz ayaqları üstündə dayanmağı” öyrənməlidir. Almaniya isə məsələyə daha praqmatik yanaşır. Rəsmi Berlin NATO çərçivəsində ABŞ-la əməkdaşlığı prioritet hesab edir, hərbi xərclərdə iqtisadi səmərəliliyə üstünlük verir. Fərqli yanaşmalar kompromisi hər dəfə çətinləşdirir, SCAF-ı bitib-tükənməyən mübahisə mövzusuna çevirir.
Angela Merkelin dövründə ziddiyyətlərin nisbətən azaldığını görmək mümkündür. Çünki Merkel bir tərəfdən Parisin təşəbbüslərinə dəstək verir, digər tərəfdən Berlindəki şübhələri yumşaltmağa çalışırdı. Lakin onun siyasi səhnədən getməsi ilə balans pozuldu. Merkeli əvəzləyən Olaf Şolts ilk günlərdə avropapərəst ritorikası ilə ümid yaratsa da, çox keçmədən sərt mövqe sərgilədi. Onun ötən ay SCAF-la bağlı Madriddə səsləndirdiyi açıq tənqidlər Avropada “soyuq duş effekti” yaratdı: “Hazırkı vəziyyət qənaətbəxş deyil. Biz bu layihədə irəliləyiş əldə etmirik”. Mertsin bəyanatı isə Fransa üçün açıq mesaj idi: Berlin bundan sonra güzəştə getməyəcək. Ancaq vaxt Avropanın xeyrinə işləmir. Əgər ilin sonuna qədər ikinci mərhələyə keçid barədə qərar qəbul edilməsə, SCAF 2040-cı il planından kənara çıxacaq. Bu, Avropanın yeni nəsil döyüş təyyarələri sahəsində geriləməsi deməkdir.
Məsələnin qlobal kontekstdə ABŞ faktorundan ayrılıqda təhlil edilməsi mümkün deyil. Rəsmi Vaşinqton uzun müddətdir ki, “F-35” proqramı ilə Avropanın müdafiə arxitekturasında güclü mövqe qazanıb. Bu, təsadüfi deyil. Çünki “F-35” müxtəlif NATO ölkələrini vahid texnoloji və əməliyyat sisteminə bağlayır. Bir çox Avropa dövlətləri bu proqramda iştirak etməklə həm öz təhlükəsizliklərini möhkəmləndirir, həm də transatlantik əməkdaşlığa daha sıx inteqrasiya olunurlar. Bununla belə, inteqrasiya Avropanın “müstəqil müdafiə gücü” yaratmaq iddiaları ilə ziddiyyət təşkil edir. Maraqlı məqam odur ki, Vaşinqtonun təklif etdiyi təhlükəsizlik təminatları Avropa üçün real və praktik nəticələr doğurur. Məsələn, Şərqi Avropa ölkələri, xüsusilə Rusiya ilə sərhəddə yerləşən dövlətlər ABŞ-ın hərbi varlığını öz milli təhlükəsizliklərinin əsas təminatçısı kimi görürlər. Bu isə onların Fransa və Almaniyanın təşəbbüs göstərdiyi “strateji muxtariyyət” ideyasına ehtiyatla yanaşmalarına səbəb olur. Digər tərəfdən, Avropanın daxilində də müxtəlif yanaşmalar mövcuddur. Böyük Britaniya və İtaliya öz alternativ layihələrini irəli aparmaqla müdafiə sahəsində müxtəliflik yaratmağa çalışır, eyni zamanda, ABŞ-la əməkdaşlığı da qoruyurlar. Sadaladığımız faktlar Avropanın müdafiə siyasətini rəngarəng etsə də, vahid strateji vizyonun formalaşmasını çətinləşdirir. Daha dəqiq desək, SCAF layihəsinin “sürüşkən” vəziyyətə düşməsi qitəni parçalanmış və ziddiyyətli mövqelərlə üz-üzə qoyur, xarici dayaqlara ehtiyacı artırır.
Mövzunu dərindən analiz etdikdə belə bir nəticə ortaya çıxır: hərbi texnologiya, zəngin büdcə, müasir ideyalar olsa da, siyasi iradə və konsensus olmadan strateji üstünlük yalnız kağız üzərində qalır. SCAF böhranı bunun bariz nümunəsidir. Layihə bu gün Avropa üçün “imtahan”a çevrilib. Əgər Fransa və Almaniya bu “imtahan”dan uğurla çıxmağı bacarmasa, Avropanın müdafiə arxitekturası uzun müddət transatlantik tərəfdaşlığın təsirindən çıxa bilməyəcək. XXI əsrin müdafiə sistemi artıq süni intellektlə idarə olunan pilotsuz texnologiyalar və bulud əsaslı idarəetməyə söykənir. SCAF məhz bu istiqamətləri birləşdirən kompleks layihə kimi nəzərdə tutulmuşdu. Əgər layihə irəliləməsə və ya dayandırılsa, Avropanın bu sahədə ABŞ və Çin kimi güclərlə müqayisədə geri qalmaq riski arta bilər. Bundan əlavə, ictimai rəy proseslərdən təsirlənir. “Müdafiə suverenliyi” Avropada uzun müddətdir siyasi ritorikanın mərkəzindədir. Belə təşəbbüslər nəticəsiz qaldığı təqdirdə, ictimai etimadın ciddi şəkildə sarsılması qaçılmaz görünür. Beləliklə, SCAF ətrafında yaranmış qeyri-müəyyənlik Avropanın müdafiə gücünü həm texnoloji, həm də siyasi baxımdan zəiflədir. ABŞ-ın rolu isə prosesdə həm fürsət, həm də çağırış kimi qiymətləndirilməlidir. Avropa ya öz gücünü konsolidasiya edərək müstəqil müdafiə dayaqları yaratmalı, ya da transatlantik əlaqələri daha da genişləndirməlidir.
Layihəni iqtisadi kontekstdə dəyərləndirmək mütləqdir. Çünki SCAF-ın əsas podratçıları olan “Dassault Aviation”, “Airbus Defence and Space” və “Indra Sistemas” yerli iqtisadiyyata ciddi töhfə verirdilər. Onlar SCAF çərçivəsində minlərlə yüksəkixtisaslı mühəndis və texniki işçi qüvvəsini işlə təmin edirdi. Yəni layihənin iflası, sadəcə, bir neçə şirkətin gəlirlərinə deyil, Avropanın hərbi texnologiya bazarına mənfi təsir göstərəcək. Belə bir vəziyyət milli sənaye komplekslərinin gücünü zəiflətməklə Avropa bazarını xarici şirkətlər üçün daha əlçatan hala gətirə bilər. Layihənin dayandırılması dövlətlərin büdcələrinə də təsir edir. Nəzərə alsaq ki, Avropa dövlətləri SCAF-a milyardlarla avro sərmayə yatırıblar, layihənin ləngiməsi bu investisiyaların effektivliyini azaldır. Əgər SCAF planlaşdırıldığı kimi başa çatmasa, həmin ölkələrin müdafiə xərclərinin səmərəliliyi ilə bağlı suallar yaranacaq. Almaniya və Fransa kimi böyük iqtisadiyyatlar üçün bu, strateji və iqtisadi planlaşdırmada risk amilidir. Bundan əlavə, layihənin uğursuzluğu Avropa ölkələrinin birgə iqtisadi əməkdaşlığına da mənfi təsir göstərə bilər. Layihə dayanarsa, tərəflər arasında maliyyə və resurs bölgüsü problemləri dərinləşəcək, Avropa müdafiə sənayesində koordinasiya zəifləyəcək. Bu isə qitənin iqtisadi inteqrasiyası üçün təhlükə yaradacaq.
Sonda qeyd edək ki, SCAF layihəsinin taleyi Avropanın strateji ambisiyalarını, siyasi iradəsini və həmrəylik qabiliyyətini sınağa çəkir. Qitənin müdafiə gələcəyi ilə bağlı qərarlar gecikdikcə rəqabətçi güclər ön plana çıxır. Rəsmi Paris və Berlin öz fikir ayrılıqlarını aradan qaldırıb SCAF-ı gerçəkləşdirə bilsələr, Avropa həm texnologiya, həm də geosiyasi baxımdan yeni dövrə qədəm qoyacaq. Əks halda, qitə böyük ambisiyalara baxmayaraq, müasir dövrün təhlükəsizlik mənzərəsində müşahidəçi rolunda qalacaq.
Nəzrin ELDARQIZI
XQ