Ağ Evin Qara dəniz – Xəzər regionuna strateji marağı

post-img

Senat dinləmələri də Gürcüstan, Azərbaycan və Ermənistanın Qara dənizə çıxışına həsr olunub

Respublikaçı Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Ağ Evin Cənubi Qafqaz bölgəsinə marağının artması bütün parametrlər üzrə göz qabağındadır. Bu strateji regionun artan əhəmiyyətini anlamayan Bayden administrasiyasından fərqli olaraq, Donald Tramp komandası Xəzər və Qara dəniz hövzəsi ölkələrinin inkişafına dəstək olmaqdan tutmuş, gələcəyə yönəlik çeşidli transmilli layihələrin həyata keçirilməsi istiqamətdə konkret addımlar atmaq mesajları verməkdədir. Bunların arasında TRIPP təkcə bölgə ölkələrinin deyil, bütün dünyanın diqqət mərkəzindədir, desək, yəqin səhv etmərik.

Ötən həftə ABŞ Senatında keçirilən dinləmələr də Vaşinqtonun bölgəyə yönəlik geosiyasi strategiyasında növbəti dəyişikliklərin gözlənildiyindən xəbər verirdi. Dinləmələrdə senatorlar Kris Mörfi və Stiv Daines, həmçinin Mərkəzi Asiya, Qafqaz və Qara dəniz regionu üzrə ixtisaslaşmış beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Əsas məruzəçi Con Hopkins Universitetinin Mərkəzi Asiya–Qafqaz İnstitutunun təsisçisi və görkəmli əməkdaşı Frederik Starr olub. Starrın müraciəti mahiyyət etibarı ilə nəinki regionda Amerikanın xarici siyasətinin üzləşdiyi aktual problemləri əhatə edirdi, eyni zamanda, onun köklü şəkildə yenidən və diqqətlə nəzərdən keçirilməsi üçün zəmin yaradır. Çıxışında Qara dəniz regionunun strateji baxımdan Baltikyanıdan heç də az əhəmiyyət kəsb etmədiyini deyən Frederik Starr bu coğrafiyanın, sadəcə, su hövzəsi deyil, Mərkəzi və Şərqi Avropanı, Qafqazı və Mərkəzi Asiyanı qlobal iqtisadiyyatla birləşdirən mühüm arteriya olduğuna diqqəti çəkib: “Qara dəniz Dunay çayı hövzəsi üçün dünya okeanlarına yeganə yoldur”.

***

Oxucularımızın diqqətinə çatdıraq ki, daha çox yardımlar almış və institusionallaşmış Baltik regionu ilə müqayisədə Qara dəniz bölgəsi az inkişaf etmiş və nisbətən gedirə qalmış durumdadır. Əslində, bu strateji bölgə daha çox yaxından, birbaşa iştirak və inkişafa yönəlik ciddi layihələrin icrasını tələb edir. Senatın Xarici Əlaqələr Komitəsinin Avropa Əməkdaşlıq və Regional Təhlükəsizlik üzrə Alt Komitəsi “ABŞ-ın Qara Dənizdə Gələcək Strategiyası” adlı müzakirələrində yaxın və uzaq məqsədlər açıq şəkildə ortaya qoyuldu. Bunların arasında isə qlobal hədəf bu idi: Rusiyanı Avrasiyanın ən mühüm regionlarından birindən sıxışdırıb çıxarmaq mexanizminin işlənib hazırlanması.

Senatdakı dinləmələrdə diqqətçəkən məqamlardan biri keçmiş administrasiya ilə yanaşı, Vaşinqtondakı “dairəvi kabinet”in yeni sahibinin də ünvanına yumşaq tənqidi fikirlər səsləndirilib. Bunun da səbəbi Ağ Evin hazırkı siyasətinin ABŞ üçün Qara dəniz regionu və Xəzər hövzəsi kimi enerji marşrutları ilə zəngin coğrafiyaya lazımi dərəcədə diqqətin ayrılmadığı, burada daha çox iştirakın və təşəbbüsün tələb olunduğu ilə bağlı idi. Bu məsələyə xüsusi vurğu altında toxunan senator Frederik Starr Cənubi Qafqaz regionuna diqqət yetirilməsinin vacibliyini qanunvericilərə xatırladıb. O bildirib ki, Gürcüstan, Ermənistan və Azərbaycanın fəaliyyət azadlığı əsasən onların Qara dənizə çıxışı ilə müəyyən edilir: “Bunsuz bu dövlətlər özlərini geosiyasi cəhətdən təcrid olunmuş və ya Rusiya, ya da Çinin nəzarəti altında tapırlar”.

Bununla belə, Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə analitikin fikrincə, hazırda bu ölkələrin vektoru dəyişib: “Ermənistan və Azərbaycan Qərblə əməkdaşlıq etmək istəyini açıq şəkildə nümayiş etdirir, Gürcüstan isə hazırda ABŞ-la münasibətlərin soyumasına baxmayaraq, Tbilisidə hakimiyyət dəyişikliyindən sonra strateji dialoqa qayıda bilər. Bu, sırf zaman məsələsidir, çünki Starrın fikrincə, Rusiyanın Gürcüstandakı kursuna dəstək qaçılmaz olaraq zəifləyəcək”.

Senator Starr çıxışında Gürcüstan ərazisindəki Abxaziya və Osetiya kimi “dondurulmuş” iki münaqişənin nəticəsinin Qara dənizdəki qüvvələr balansından birbaşa asılı olacağını deməyi də unutmayıb: “Əgər ABŞ və müttəfiqləri region ölkələrinin və zəngin enerji ehtiyatlarına malik Mərkəzi Asiya respublikalarının dəniz yollarına sərbəst və təhlükəsiz çıxışını təmin etməsə, bu, onların yenidən Moskva və ya Pekinin nəzarətinə keçməsinə gətirib çıxara bilər”. Starr SSRİ-nin dağılmasından sonra Qərbin fəaliyyətsizliyindən istifadə edən və regionda müstəmləkə təsirini faktiki olaraq bərpa edən Qara dəniz regionu üçün əsas təhlükə kimi müasir Rusiyanı müəyyənləşdirdi. Onun fikrincə, ABŞ-ın Qara dəniz regionunda strategiyasına Ukrayna, Moldova və hər üç Cənubi Qafqaz respublikasının ümumi maraqları nəzərə alınmaqla yenidən baxılmalıdır. Senator, həmçinin Qara dənizdə NATO-nun rotasiya hərbi dəniz varlığının yaradılmasını təklif edib. Sahənin eksperti onu da vurğulayıb ki, ABŞ Senatı indi Rusiyanın xarici siyasətinin təkamülü ilə bağlı mümkün ssenariləri və bu strateji əhəmiyyətli məkanda Moskvanın təsirini nəzərə alaraq, Qara dəniz regionuna strateji yanaşmasını nəzərdən keçirməlidir”.

***

Yeri gəlmişkən, onu da nəzərə çatdıraq ki, Avropa Komissiyasının nəzərdə tutduğu Qara dəniz təhlükəsizlik mərkəzi qarşısına əsas məqsəd kimi Rusiya və Ukrayna arasında yekun sülh razılaşmasına nəzarət etməyə köməklik missiyasını qoyub. Avropa İttifaqının istəyi geostrateji əhəmiyyətini bərpa etmiş Qara dəniz regionunda mövcudluğunu gücləndirməkdır. Bu kontekstdə Aİ-nin kritik infrastrukturu qorumağı, dəniz minalarını təmizləməyi, hibrid təhlükələrlə mübarizə aparmağı, ekoloji riskləri azaltmağı və kommersiya naviqasiyasının azadlığını təmin etməyi planlaşdırır. Məhz bundan ötrü qurum ayrıca təhlükəsizlik mərkəzi yaratmaq barədə düşünür. Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas bu istiqamətdə yeni strategiyanı təqdim edərkən bildirib: “Qara dəniz regionu Mərkəzi Asiyanı Avropa ilə birləşdirdiyi üçün Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. O, həm də təhlükəsizlik, ticarət və enerji baxımından vacibdir”. Kallas sözlərinə onu da əlavə edib ki, Rusiyanın Ukraynada apardığı müharibə regionun potensialını ciddi şəkildə sarsıdır: “Hava məkanının pozulması, limanlara və dəniz zolaqlarına hücumlar bu faktı sübut edir”.

Sonda bir daha qeyd etməyi zəruri sayırıq ki, Cənubi Qafqaz istər ABŞ, istərsə də Avropa üçün bütün mənalarda strateji bölgə olaraq əhəmiyyətini daha qabarıq şəkildə nümayiş etdirir. İndi bu bölgəyə maraqları artmaqda olan kənar aktorlardan tələb olunan Cənubi Qafqazın üç ölkəsində böyük investiya layihələrinin icrasını sürətləndirmələri, sülhə, azadlığa və tərəqqiyə dəstək olacaq konkret addımları atmalarıdır. Bakı kimi Tbilisi və İrəvan da onlardan bunu gözləyir.

İmran BƏDİRXANLI
XQ

Siyasət