ABŞ Prezidenti Donald Trampın Rusiyanın dövlət başçısı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü təxirə salması və üstəlik, bu ölkənin iki iri neft şirkətinə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirməsi dünyada geniş rezonans doğurub. Əslində, dünya ölkələrinin liderləri Ukraynaya qarşı müharibənin dayandırılması istiqamətində səylərin heçə enməsini istəmirlər. Ona görə də bir çox nüfuzlu liderlər Tramp-Putin görüşünün təşkili üçün öz imkanlarını təqdim etməyə çalışırlar.
Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ arasında mümkün zirvə görüşünün keçiriləcəyi məkan kimi öz ölkəsini təklif edib. O, bu barədə oktyabrın 24-də jurnalistlərə verdiyi açıqlamada bildirib. Məlumatı RİA Novosti verib.
“Biz istənilən vaxt belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər iki tərəfin etimadını qazanmış ölkəyik. Bu, sülh yolunda bizə üstünlük verir və bu vəziyyətdən bəşəriyyətin rifahı üçün istifadə etmək niyyətindəyik”, - deyə Ərdoğan bəyan edib.
Bununla yanaşı, Türkiyə prezidenti vurğulayıb ki, əsas məsələ Ukrayna münaqişəsinin həllidir ki, bu istiqamətdə istənilən dialoq faydalıdır.
Xatırladaq ki, oktyabrın 16-da ABŞ prezidenti bu həftə Budapeştdə Putinlə görüş keçirəcəyini açıqlamışdı. Lakin oktyabrın 22-də Tramp planlaşdırılan danışıqların baş tutmayacağını, bunun mənasız bir cəhd olduğunu elan etmişdi.
Oktyabrın 23-də Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, Putin-Tramp görüşü tam olaraq gündəmdən çıxarılmayıb, sadəcə, bunun müsbət nəticə verməsi lazımdır. Onun sözlərinə görə, Tramp administrasiyası dialoqun müsbət nəticə verməsini təmin etmək istəyir.
Dünən Macarıstanın Baş naziri Viktor Orban da bəyan edib ki, Rusiya-ABŞ sammiti gündəmdə qalır və gələcəkdə mütləq baş tutacaq. Bu barədə o, “Kossuth” radiosunda çıxışı zamanı məlumat verib: “Burada, Avropada əmindirlər ki, sülh sammiti hələ də gündəmdədir. Amma bu görüş bir həftədən sonra baş tutmayacaq, tarix qeyri-müəyyəndir. Lakin bunun baş verəcəyinə şübhə yoxdur”.
Baş nazirin sözlərinə görə, Avropa liderləri bilirlər ki, ruslar amerikalılarla danışıqlar barədə razılığa gələcəklər.
Trampın qərarına münasibət bildirən Prezident Vladimir Putin də, öz növbəsində, qeyd edib ki, Budapeştdə Rusiya-ABŞ sammitinin keçirilməsi ideyası ABŞ tərəfinə məxsus olub və Trampın görüşü təxirə salması onun istəyidir.
Putin deyib: “Əlbəttə, bu, Rusiyaya qarşı qeyri-dost hərəkətidir. Bu, göz qabağındadır və təzəcə bərpa olunmağa başlayan Rusiya-ABŞ münasibətlərini gücləndirmir”.
Putin bildirib ki, ABŞ-ın tətbiq etmək istədiyi yeni sanksiyalar Rusiyanın iqtisadi sağlamlığına ciddi təsir göstərməyəcək: “Lakin yaxın vaxtlarda baş tutmalı olan Budapeşt görüşünə gəlincə, bunun üçün hazırlıq lazımdır, ona görə də müzakirənin ləğvi yox, daha çox təxirə salınmasından söhbət gedir”.
Putin ABŞ-ın Kiyevə “Tomaqavk” raketlərini verəcəyi ilə bağlı söhbətlərə də münasibət bildirib: “ABŞ hələ belə bir addım atmağa qərar verməyib. Bu, ciddi eskolasiya cəhdi olardı. Rusiya ərazisinə zərbə endirmək üçün bu cür silahlardan istifadə edilərsə, cavab çox güclü, hətta dəhşətli olacaq. ABŞ yeni sanksiyalarla Rusiyaya təzyiq göstərməyə çalışır, lakin heç bir özünə hörmət edən ölkə təzyiq altında iş görmür. Ona görə də ən əlverişli həll yolu uzunmüddətli perspektiv üçün ciddi dialoqa keçməkdir”.
Paşa ƏMİRCANOV
XQ

